Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı verdiyi ultimatumun müddətini 10 günə endirməsi Qərb mətbuatında Kremlin siyasətinə artan narazılıq fonunda müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, xarici ekspertlər bu ultimatumun effektivliyinə dair şübhələrini gizlətmirlər.
CNN Trampın ritorikasında baş verən dəyişiklikləri vurğulayaraq bildirir ki, bu ultimatum prezidentin Kremlə qarşı sərt mövqe tutmasının daha bir göstəricisidir. Donald Tramp aylardır Kiyev və Moskva arasında tərəddüd edirdi, lakin indi tənqidlərinin əsas hədəfi məhz Rusiya rəhbərliyidir.
“The Wall Street Journal” (WSJ) qeyd edir ki, Tramp getdikcə Putindən məyusluğunu açıq ifadə edir. Lakin prezident konkret addımlar barədə hələlik heç nə açıqlamayıb. 100%-lik tariflərlə bağlı suala cavab olaraq Tramp yalnız “Bu sanksiyalar və bəlkə də tariflər olacaq, həmçinin ikinci dərəcəli tariflər də mümkündür” deməklə kifayətlənib.
“Reuters” Trampın açıqlamasını Vaşinqtonun hazırkı mərhələdə sözlərdən real addımlara keçməyə hazır olduğunun göstəricisi kimi qiymətləndirir. ABŞ maliyyə naziri Skott Bessent artıq Çini Rusiya neftinin alışını azaltmağa çağırıb və əks halda tariflərlə təhdid edib.
Lakin analitiklər bu təhdidlərin effektli olacağına inanmırlar. WSJ-yə danışan ekspertlərdən biri qeyd edir: “Putin sadəcə bu ultimatumları görməməzlikdən gələ bilər və belə olan halda Trampın hərbi müdaxilə istisna olmaqla, başqa təzyiq vasitəsi qalmayacaq.”
CNN isə hesab edir ki, sanksiyaların Rusiyanın strategiyasını dəyişəcəyini gözləmək real deyil. Rusiya onsuz da dünyanın ən çox sanksiyaya məruz qalmış ölkələrindən biridir. ABŞ-la ticarət həcmi az olduğundan 100%-lik tariflərin iqtisadi təsiri minimal olacaq. Əsl təsir yalnız Rusiya neftinin əsas alıcıları olan Çin, Hindistan və Türkiyəyə qarşı tətbiq olunacaq ikinci dərəcəli sanksiyalardan gözlənilə bilər.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ