Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatı Arsen Torosyanın son açıqlaması ölkə daxilindəki rusiyapərəst dairələrin ciddi şəkildə çaxnaşma yaşadığını nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Torosyan bildirib ki, bir vaxtlar 9 noyabr bəyanatına istinad edərək “Rusiya dəhlizi”nin verilməsini təbliğ edən bu qüvvələr indi eyni ritorikanı “Amerika dəhlizi”nə qarşı yönəldiblər.
Deputat qeyd edib ki, Ermənistanın bir qrup siyasi dairəsi illərdir Zəngəzur dəhlizinə “Rusiya üçün verilməli olan yol” kimi baxır və bunu qaçılmaz proses kimi təqdim edirdi. Lakin son dörd ildə aydın olub ki, bu yanaşma nə reallığa uyğundur, nə də bölgədə sülhə və əməkdaşlığa xidmət edir.
Torosyan bildirir:
“Biz ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərindən geri çəkilməyəcəyik. İndi rus agenturası ‘dəhliz verməsək, fəlakət olacaq’ demir, çünki bu dəfə alıcı Rusiya yox, ABŞ-dir”.
Bu açıqlama bir daha sübut edir ki, Ermənistandakı bəzi qüvvələr əslində dəhlizin kimə veriləcəyi ilə maraqlanırlar, onun hüquqi statusu ilə yox. Eyni şəxslər bu gün öz arqumentlərini dəyişərək, ABŞ-ın bölgədəki təşəbbüslərinə qarşı çıxmağa başlayıblar.
Azərbaycan tərəfi isə 2020-ci ildən etibarən bölgədə kommunikasiyaların açılmasının yalnız ölkələrin suverenliyi və bərabərhüquqluluğu əsasında mümkün ola biləcəyini bəyan edib. Bakı bütün platformalarda eksteryal dəhliz ideyasını qəti şəkildə rədd edir və yolların açılmasının region ölkələrinin qarşılıqlı razılığı ilə həyata keçirilməli olduğunu vurğulayır.
Torosyanın bu açıqlaması Ermənistan daxilindəki rus yönlü qüvvələrin ikili siyasətini ifşa etməklə yanaşı, Azərbaycanın tutarlı və prinsipial mövqeyini bir daha haqlı çıxarır. Beləliklə, Cənubi Qafqazda davamlı sülhün yeganə yolu, məhz regional əməkdaşlıq və qarşılıqlı hüquqlara hörmətdən keçir.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ