İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı ermənilər pullarını bu banka köçürürlər

Ermənistan Mərkəzi Bankının “Artsaxbank”ı himayə etməsi ondan xəbər verir ki, hələ də ərazi iddiaları havasındadırlar

Ermənistanda üzdəniraq “artsax”a aid bankın “Homeplex” filialı açılıb. “Yeni Müsavat” xəbər verir ki, bu da separatçıların öz vəsaitlərini hansı ünvanda saxlayacağını göstərir. “Artsaxbank”a Ermənistan Respublikasının Mərkəzi Bankı nəzarət edir.

Bu qondarma adla bağlı bankın açılması həm siyasi anlamda ondan xəbər verir ki, Ermənistanda ərazi iddialarını yaşatmağa çalışırlar. Digər önəmli detal isə separatçıların maliyyəsinin bu bank üzərindən həyata keçirilməsidir.

Nəzərə alaq ki, Qarabağdan köçən ermənilər arasında  keçmiş cinayətkar rejimə xidmət etmiş xeyli xuntaçı var. Onlar illərlə sərvət toplayıb, varlanıb, pullarını da gedəndə aparmağa çalışıblar. Bundan başqa, ABŞ başda olmaqla, Qarabağ separatçılarına uzun illər xarici fondlardan vəsait köçürülüb.

İstisna deyil ki, həmin pullar İrəvanda fəaliyyətə başlayan “Artsaxbank”a transfer edilə bilər. Bu məsələdə Azərbaycanı narazı salan nüans isə hələ də “artsax” adı ilə müxtəlif subyektlərin Ermənistanda fəaliyyət göstərməsinə şərait yaradılmasıdır.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, sülh danışıqlarında maraqlıdırsa, Qarabağın bizə aid olduğunu Praqadakı bəyanatdan tutmuş indiyə qədər hər platformada təsdiqləyirsə, nə üçün “ikinci erməni dövləti” iddiası kimi irəli sürülən “artsax” adı ilə subyektlərin fəaliyyətinə göz yumur?

Bu azmış kimi, sözügedən bank yeni açılıb, hətta erməni mediasında açılış mərasiminə dair görüntülər yayılıb. Sanki heç nə olmamış kimidir. Əslində rəsmi İrəvanın riyakarlığını ortaya çıxaran faktdır.

Azərbaycan Ermənistana bu yöndə təzyiqlərini gücləndirməlidirmi? Çünki Paşinyan da, spiker Simonyan da dəfələrlə bəyan edib ki, Ermənistan ərazisində “artsax” adı ilə fəaliyyət dövlət təhlükəsizliyinə təhdid yaradır.

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

 Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində bildirdi ki, qondarma rejimi, yaxud onunla bağlı “xatirələri” qoruyub saxlamaq istəyən qüvvələr var. O hesab edir ki, “artsax”ı yaşatmaq istəyən qüvvələr əslində Ermənistanın hazırkı hakimiyyətinin lazımi tədbirlər görməməsi səbəbindən belə addımlar atırlar: “Hesab edirəm ki, baş verənlərin səbəblərindən biri Ermənistan Konstitusiyasından hələ də Azərbaycana qarşı ərazi iddialarının çıxarılmamasıdır. Bu, həm də sülh müqaviləsinin imzalanması üçün mühüm iki əsas şərtdən biridir. Bu ilin mart ayında 17 bəndlik sülh müqaviləsi layihəsinin mətninin razılaşdırıldığı açıqlandı, lakin bu aylar ərzində sülh müqaviləsi imzalanmadı. Azərbaycan açıq şəkildə bəyan edir ki, Ermənistan ATƏT-in Minsk Qrupu adlı o bədnam, faktiki mövcud olmayan təsisatın de-yure ləğvi ilə bağlı mövqe ortaya qoymalıdır. Eyni zamanda Ermənistan Konstitusiyasında və digər normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu Ermənistanın Müstəqilliyi haqqında Bəyannaməyə istinad var. Bu, ləğv edilməli, qanunvericilikdən çıxarılmalıdır. Ermənistan hakimiyyəti bu addımı atmayana qədər terrorçu qruplaşmalar, eyni zamanda Azərbaycanın antiterror tədbirləri keçirməsindən sonra ölkəmizin ərazisindən qaçandan sonra yenidən Ermənistan ərazisində baş qaldıran cinayətkar birliyin nümayəndələri öz fəaliyyətlərini davam etdirəcəklər, "artsax" toponimindən istifadə edərək bank da açacaqlar, digər təşkilatların, yaxud fondların yaradılması kimi addımlar da ata bilərlər. Bankın yaradılması separatçı düşüncələrə xidmət edən insanların maliyyə vəsaitləri yığması üçün əhəmiyyət kəsb edir. Məlumdur ki, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunmasında maraqlı olmayan qüvvələr var. Bu qüvvələrin bir çoxu erməni diaspor və lobbi təşkilatları adı altında dünyanın ayrı-ayrı dövlətlərində fəaliyyət göstərirlər. Onlar üçün rəmzi məna daşıyan “Artsaxbank”a maliyyə vəsaitinin köçürülməsi ilə gələcəkdə yenidən separatçı qruplaşmanın baş qaldırması prosesinin şahidi ola bilərik".

X.Bəşirovun fikrincə, Azərbaycan müvafiq addımları atacaq: “Biz beynəlxalq aləmdə Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən belə bir bankın fəaliyyətinin qanunsuz olduğunu iddia edə bilərik. Əgər bankın adında hüquqi baxımdan ziddiyyət yaradan amil varsa, eyni zamanda bu, hər hansı dövlətin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradırsa, bu, qanunsuzluqdur. Bu, həm ölkə qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qanunsuzdur. Hesab edirəm ki, bununla bağlı Azərbaycanın müəyyən addımları olacaq. Amma bizi maraqlandıran Ermənistan hakimiyyətinin atacağı addımlardır. Əgər Ermənistan hakimiyyəti Azərbaycanla sülh istəyirsə, Nikol Paşinyanın qeyd etdiyi kimi, Azərbaycanla müharibəyə deyil, sülhə hazırlaşdıqlarını sübut etmək istəyirlərsə, o halda Ermənistan tərəfi ya bankın fəaliyyətini dayandırmalı, ya da adının dəyişdirilməsi ilə bağlı tələb qoymalıdır. Əks təqdirdə, Ermənistanın atdığı addımları, eyni zamanda Paşinyanın fəaliyyətini görüntü olaraq sülhü, amma pərdə arxasında yenə də ərazi iddiaları və separatizmi müdafiə edən fəaliyyət kimi qəbul edə bilərik”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR