Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar qlobal arenada Çinlə olan rəqabətdə uduzur və bunun başlıca səbəbi Donald Tramp administrasiyasının yürütdüyü siyasətdir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi, hazırda “Politico” nəşrində təhlilçi kimi çıxış edən İvo Daalder yazıb.
O qeyd edib ki, Trampın atdığı addımlar əslində ABŞ-ın rəqibi olan Çinə sərf edir və Vaşinqtonun rəqabət qabiliyyətini zəiflədir.
Daalder yazıb ki, Çin təkcə müharibəsiz dövrdə ən sürətli və genişmiqyaslı hərbi güclənmə həyata keçirmir, eyni zamanda iqtisadi, elmi və texnoloji sahələrdə də böyük sıçrayışlar edir. Hazırda dünyanın 70%-dən çox ölkəsi Çinlə ABŞ-dan daha çox ticarət aparır və bu ölkələrin yarısından çoxunda Çinlə ticarət dövriyyəsi Amerika ilə müqayisədə iki dəfə artıqdır.
Donald Tramp özü də bunu etiraf edib:
“ABŞ böyük bir univermaq ola bilər, amma bu dükanlarda satılan əksər məhsullar Çin istehsalıdır”.
Çin hazırda elektromobil və batareyalar, robototexnika, kvant rabitəsi və bərpa olunan enerji sahələrində dünya lideridir. 20 il əvvəl ABŞ 64 qabaqcıl texnologiya sahəsinin 60-da lider idi. Bu gün isə Çin həmin sahələrin 57-də birinci yerdədir.
Süni intellekt və kvant texnologiyaları kimi sahələrdə ABŞ hələ də lider mövqeyini qorusa da, Çin bu fərqi sürətlə bağlayır. Çin istehsalı olan “DeepSeek” modeli sürəti və mürəkkəbliyi ilə süni intellekt sahəsində əks-səda doğurub. ABŞ şirkətlərinin xeyli daha bahalı modelləri ilə müqayisədə geridə qalmayan bu texnologiya gələcəkdə hətta OpenAI və digər aparıcı Amerika şirkətlərinin məhsullarını da geridə qoya bilər – bunu Microsoft-un yüksək vəzifəli süni intellekt üzrə mütəxəssisi bildirib.
Daalder həmçinin vurğulayıb ki, Trampın “öncə Amerika” şüarı altında yürüdülən siyasət ABŞ-ın müttəfiqlərini arxa plana atır. Kanada və Danimarka kimi müttəfiq dövlətlərə ya əlavə gömrük rüsumları tətbiq olunur, ya da ərazilərindən imtina etmələri tələb edilir. Bu isə həmin ölkələrin ABŞ-dan uzaqlaşmasına və Vaşinqtonla hərbi, iqtisadi və siyasi əlaqələrin zəifləməsinə səbəb olur.
Bundan əlavə, fundamental elmi tədqiqatlara ayrılan federal vəsaitlərin üçdəbir azaldılması, ideoloji səbəblərlə aparıcı universitetlərə qrantların bloklanması və xarici tələbələr üçün immiqrasiya qaydalarının sərtləşdirilməsi elmi mühitə də zərbə vurub. Son araşdırmalara əsasən, ABŞ-dakı alimlərin 75%-i ölkəni tərk edib xaricdə işləməyə can atır. Daalder bu durumu belə xarakterizə edir: “Bu sadəcə ayağına deyil, başına atəş açmaqdır”.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ