İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Putinə tarixi zərbə - müharibənin taleyi dəyişir

ABŞ Prezidenti son altı ayda səyləri nəticə verməyincə, alternativ varianta əl atmaq məcburiyyətində qaldı

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib. Bu barədə o, “BC News” telekanalına müsahibəsində bildirmişdi.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - o deyib.

Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. “Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, - Tramp əlavə edib.

“Bild” nəşri yazıb ki, Tramp Rusiya ilə bağlı böyük bəyanat hazırlayıb. “Biz son bir neçə ayda Trampı Putinin sülh istəmədiyinə və Ukraynanı bombalamağa davam edəcəyinə inandırmaq üçün bütün mümkün variantları sınadıq. Ümid edirəm ki, Tramp, nəhayət, bunu başa düşdü. Rusiya tərəfi ilə aparılan bütün danışıqlar bir şeyi çox aydın göstərdi: Putin real danışıqlarda maraqlı deyil”, - Ukrayna hökumətindəki mənbə nəşrə açıqlamasında deyib.

“Bild” habelə Rusiya Silahlı Qüvvələrindəki mənbəyə istinadla Rusiyanın yayın ikinci yarısında Ukraynaya yeni hücum planlaşdırdığı haqda yazıb. “Rusiya yaxın aylarda böyük bir hücum planlaşdırır. Putin beynəlxalq sülh çağırışlarına məhəl qoymur və Ukrayna şəhərlərinin atəşə tutulmasını gücləndirir”, - məlumatda qeyd olunub.

Bəs Trampın 14 iyul qərarı Ukrayna müharibəsinin gedişini dəyişə bilərmi? Rusiyanın hücum planı nəticə verəcəkmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, ABŞ Prezidentinin son 6 ayda rusiyalı həmkarı Vladimir Putini Ukrayna savaşından vaz keçirmək göstərdiyi səylər heç bir nəticə verməyincə, Trampın alternativ varianta əl atmaq məcburiyyəti doğdu: “ABŞ Prezidentinin Rusiyaya qarşı hansı tədbirləri alacağı bu gün məlum olacaq. Onun yaxın dostu, Respublikaçılar Partiyasından senator seçilmiş Lindsey Qremin iddiasına görə, ABŞ-ın Rusiyaya qarşı siyasəti iki istiqamətdə aparıla bilər: Rusiyadan mal alan ölkələrə 500 faizlik gömrük rüsumu və Ukraynaya hərbi dəstək. Qeyd edim ki, Ukraynaya ağır silahların satılacağı Trampın özü tərəfindən də etiraf olunmuşdu. Putinin onu aldatdığını və özünün bundan böyük xəyal qırıqlığına uğradığını bildirən Tramp demişdi ki, Ukraynaya verəcəkləri silahın pulunu NATO-nun Avropa müttəfiqləri ödəyəcək. Açığı, bu cür silah satışı həqiqətən də ABŞ-ın marağına tamamilə uyğundur. ABŞ-ın silah maqnatları üçün böyük qazanc gətirəcəyi gözlənilən bu metod, sözsüz ki, Vaşinqtonun imtina edə bilməyəcəyi fürsətlər deməkdir. ABŞ həm silahlarını satıb böyük qazanc əldə edə, həm Rusiyanı zəiflədib özündən asılı vəziyyətə sala, həm də bütün məsuliyyəti Avropanın üzərinə yükləyə bilər. Bununla da daha böyük rus xofu yaradaraq, Avropanı da özünə tabe etdirər. Zənnimcə, Trampın planlaşdırdığı bu planı həyata keçirmək ehtimalı olduqca böyükdür.

Üstəlik, Ukraynanın silahlandırılması iqtisadi baxımdan da heç bir risk daşımır. Prinsipcə, senator Lindsey Qrem də “CBS News”a açıqlamasında bu fakt üzərində xüsusilə dayanaraq bildirmişdir ki, Ukraynanın trilyonlarla dollarlıq təbii sərvətləri var və bu sərvətlər ABŞ-ın silah istehsalına çəkəcəyi xərcin ən etibarlı təminatıdır. Senatorun fikrincə, Ukraynaya veriləcək silahların digər maliyyə qaynağı “Qərbdə Rusiyanın dondurulmuş milyardlarla dollarlıq aktivləri” ola bilər. Göründüyü kimi, Ukraynanın silahlandırılması ABŞ-a heç bir maddi yük gətirməyəcək. Əksinə, ona ciddi şəkildə pullar qazandıracaq. Senatorun fikrincə, məhz buna görə də, Tramp Ukraynanın silahla təchizatına qərar versə, sözügedən ölkəyə rekord sayda silah axını yaşana bilər.

Açığını desəm, ABŞ-ın bu ucuz, həm də qazanclı “qəhrəmanlıq”dan imtina edəcəyi inandırcı görünmür. Üstəlik, bu təşəbbüs Trampa çoxdan arzusunda olduğu Nobel mükafatı da qazandıracaqsa, o zaman ABŞ Prezidentindən başqa addım atması gözlənilməz".

 

Bununla belə, Heydər Oğuz Trampın atacağı bu addımın müharibənin taleyində ciddi dəyişikliklər yaradacağına da inanmır: “Silah maqnatları qana susamış qurdlara bənzərlər. Onlar öz müştərilərinə yetərincə silah satıb savaşın bitməsini arzulamazlar. Odur ki, böyük pullar qazana biləcəkləri bu savaşın mümkün olduğu qədər uzanmasına çalışacaqlar. Bunun üçün də ya yeni coğrafiyalarda müharibə çıxaracaqlar, ya da Ukrayna və Rusiya tam tükənənə qədər müharibəni davam etdirmək istəyəcəklər. Rusiya tükənəndən sonra ən yaxşı namizəd Çindir. Çinlə savaşdırmağa isə xeyli könüllü dövlətlər var. Başqa sözlə, ABŞ-ın silah maqnatlarını cibini dolduran bu savaşlar nəinki bitməyəcək, əksinə, yayılma coğrafiyalarını daha da genişləndirəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR