İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “hərbi biznes” layihəsi uğur qazanır: Ağ Ev Yaxın Şərqi ABŞ-ın “mülkiyyət”inə çevirir

ABŞ İrana qarşı “savaş şousu” ilə Yaxın Şərqdə yeni geopolitik sistemin qurulmasına çox yaxınlaşdı və bu regionun indi Ağ Evdən idarə olunacağı qətiyyən şübhə doğurmur... Hər halda, Yaxın Şərqin yeni geopolitik arxitekturasının ABŞ-a külli miqdarda maliyyə-iqtisadi gəlir gətirəcək geostrateji sistem üzrə formalaşdırılacağını elə indidən təxmin etmək mümkündür...

Yaxın Şərq regionu dünyanın yenidən dizayn olunması prosesində əsas prioritet bölgəyə çevrilməyə başlayıb. Ona görə də, Yaxın Şərqin yenidən dizayn olunması prosesi əslində, ümumi qlobal ssenarinin tərkib hissəsi hesab olunur. Belə ki, ABŞ özünün ən uaxın müttəfiqləri ilə dünyanın əsas geostrateji hərbi-siyasi arteriyalarından biri olan Yaxın Şərqin geopolitik arxitekturasını dəyişmək planını reallaşdırmağa çalışırlar. Və bu istiqamətdə artıq həlledici addımlar atılmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqin yenidən dizayn olunmasında artıq ilk mərhələ arxada qalıb. Bu önəmli mərhələ isə İsrailin Qəzza bölgəsində hərbi əməliyyatlara başlaması ilə start götürmüşdü. Ağ Ev rəsmi Təl-Əvivə bu əməliyyatlar üçün qeyri-rəsmi icazə vermişdi. Üstəlik, bəzi iddialara görə, İsrailin hərbi əməliyyat planı da məhz ABŞ strateqləri tərəfindən hazırlanmışdı. Və bu səbəbdən də, İsrailin artıq missiyasını tamamlamış regional “proxy” qruplaşmalara qarşı sərt davranışları ABŞ tərəfindən yalnız possiv məmnuyyətlə izlənildi.

israil-hemas-Снимок.JPG (100 KB)

Məsələ ondadır ki, İsrail qısa müddət ərzində ABŞ-ın səhnəarxası dəstəyi ilə əvvəlcə HƏMAS, ardıncasa, “Hizbullah” qruplaşmalarını təsirsiz vəziyyətə gətirdi. Növbəti mərhələdə isə Suriyada Rusiyanın himayəsində olan Əsəd rejimi devrildi. Əvəzində, İsrail də daxil olmaqla, ABŞ və Qərbə daha loyal olan qüvvələr hakimiyyətə gətirildi. Və bununla da, regional “proxy” qruplaşmaların sıradan çıxarılması prosesi böyük ölçüdə yekunlaşmış oldu.

Maraqlıdır ki, rəsmi Təl-Əviv regional “proxy” qruplaşmalara qarşı hərbi əməliyyatlar apararkən, İsrailin növbəti hədəfinin məhz İran olacağı qətiyyən şübhə doğurmurdu. Çünki həmin silahlı qruplaşmalar İran tərəfindən idarə olunurdu. Ona görə də, regional “proxy” qruplaşmalara qarşı hərbi əməliyyatlar əslində, İranı hədəfə alacaq savaşa hazırlıq xarakteri daşıyırdı. Pentaqon şefi Pit Heqsetin İranın tezliklə vurula biləcəyi ilə bağlı ardıcıl açıqlamaları əslində, bu savaşın anonsu idi. Və elə artıq onda təxmin edilirdi ki, İrana qarşı daha genişmiqyaslı savaş planı Ağ Evdə müzakirə mövzusudur.

Digər tərəfdən, ABŞ İranla nüvə müzakirələrini də intensivləşdirmişdi və rəsmi Tehranın qəbul etməsi çətin olan şərt-tələblər irəli sürülürdü. Yəni, Ağ Ev İranla savaş üçün beynəlxalq ictimaiyyətə təqdim edəcəyi bəhanəni də əvvəlcədən hazırlamağa başlamışdı. Üstəlik, prezident Donald Tramp da nüvə proqramından imtina etməyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatların ola biləcəyinə eyhamlar vururdu. Və bu, İrana qarşı savaşın o qədər də uzaqda olmadığını göstərirdi.

tramp-iran11.jpg (49 KB)

Ancaq Ağ Ev İrana qarşı savaşda ABŞ-ın iştirakında, ən azından, başlanğıcda qatılmasında qətiyyən maraqlı deyildi. Hər halda, bu, prezident Donald Trampın qlobal sülh narrativləri kəskin ziddiyyət təşkil edərdi. Ona görə də, Ağ Ev ABŞ-ın İrana qarşı savaşa qatılsa belə, bunun qaçılmaz məcburiyyət olduğuna hər kəsi inandırmalıydı. Ona görə də, amerikalı hərbi strateqlərin hazırladığı savaş planı İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri çərçivəsində müzakirə edilərək, yekun qərar qəbul olundu. Və İranla savaşın başlanma məsuiyyəti də bununla məhz İsrailin üzərinə qoyuldu.

Bütün bunlar onu göstərir ki, İsrail Ağ Evin planı ilə İranla savaşa başlayarkən, ABŞ-ın bu müharibəyə qatılacağına əvvəlcədən təminat almışdı. Ona görə də, rəsmi Təl-Əviv belə əminliklə, İranın hərbi obyektlərini sıradan çıxartmağa çalışırdı. Bu həm də, ABŞ-ın hərbi müdaxiləsi üçün daha müqavimətsiz situasiyanın hazırlanması xarakteri daşıyırdı. Ağ Ev sahibi də bir neçə dəfə rəsmi Tehranı danışıqlar masasına çağırdıqdan sonra ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına yönəlik yekun qərar vermiş oldu. Və bununla da, ABŞ səhnəarxasından idarə etdiyi savaş prosesinin birbaşa iştirakçısına çevrildi.

Bütün bu hərbi kampaniyada Ağ Evin planından kənara çıxılmadığı isə artıq qətiyyən şübhə doğurmur. Belə ki, İrana hücum edən İsrailin hərbi qələbəsinin ABŞ-ın planında olmadığı indi tamamilə aydın olur. Yəni, İranın İsrailə məğlubiyyəti də Ağ Evin ssenarisinə daxil deyildi. Belə ki, bu iki dövlətdən heç birisi nə qalib, nə də məğlub olmayacaqdı. Və ABŞ İranın əvvəlcədən xəbərdarlıqdan sonra tez-tələsik bolaşdılmış nüvə obyektlərinə zərbə endirərək, məğubların olmadığı savaşda təkbaşına qalibə çevriləcəkdi.

4ba8294bcdb95f913939881dea1e843e.jpg (158 KB)

Göründüyü kimi, Ağ Evin strateji planı tam dəqiqliyi ilə reallaşdırılmış oldu. Belə ki, indi Ağ Ev ABŞ-ın hərbi qələbəsini və prezident Donald Trampın sülh narrativlərini qlobal məkanda məmnuniyyətlə təbliğ edir. İndi Ağ Ev bütün dünyaya ABŞ-ın hərbi qüdrətini və savaş potensialını nümayiş etdirib. Üstəlik, genişmiqyaslı savaş və sülh mövzusu üzərindən həm ABŞ-ın, həm də prezident Donald Trampın PİAR kampaniyasını aparır. Və bu, o deməkdir ki, prezident Donald Tramp üçün İran savaşı müəyyən mənada, hərbi-siyasi şou xarakteri daşıyır.

Təbii ki, bu hərbi-siyasi şou Yaxın Şərqdə geostrateji proseslərin sona çatması anlamı daşımır. Əksinə, bu, regionun yenidən dizayn olunması prosesində növbəti mərhələyə keçid edildiyini göstərir. Bundan sonra Yaxın Şərqdə ABŞ-ın İsraili ön planda tutan geopolitik iradəsi elə bir ciddi müqavimətlə üzləşməyəcək. Yəni, Ağ Ev İsrail istisna olmaqla, Yaxın Şərqin ciddi şəkildə zəiflədilmiş ölkələrinə regionun yeni geopolitik arxitekturasını diqtə etməyə çalışacaq. Və böyük ehtimalla region dövlətlərinin hərbi-siyasi, eləcə də, iqtisadi-ticari fəaliyyət planı məhz Ağ Evdə müəyyən olunacaq.

Belə anlaşılır ki, Ağ Ev İrana qarşı savaş şousu ilə Yaxın Şərqdə yeni geopolitik sistemin qurulmasına çox yaxındır. Yəqin ki, prezident Donald Tramp üçün bu, həm də olduqca böyük mənfəət vəd edən “hərbi biznes” layihəsi deməkdir. Hər halda, Yaxın Şərqin yeni geopolitik arxitekturasının ABŞ-a külli miqdarda maliyyə-iqtisadi gəlir gətirəcək məzmunda formalaşdırılacağını elə indidən təxmin etmək olar. Və bu, o deməkdir ki, ABŞ hazırda Yaxın Şərqin Ağ Evdən idarə edilməsinə yönəlik yeni geopolitik sistemə nail olmaq üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR