Onlayn ictimai-siyasi qəzet
Avqustun 1-də ABŞ-ın 39 faizlik idxal rüsumları tətbiq etdiyi İsveçrədə prosesin bu həddə çatmasının günahkarı axtarılır. Musavat.com Financial Times-a (FT) istinadən xəbər verir ki, həm İsveçrə mətbuatı, həm də sadə vətəndaşlar hökuməti vaxtında ABŞ-la danışıqlar aparmamaqda suçlayır.
Xüsusilə İsveçrə prezidenti və maliyyə departamentinin rəhbəri Karin Keller-Sutter sərt tənqid olunur. O, vəziyyəti kobud şəkildə düzgün qiymətləndirməməkdə və Bernlə Vaşinqtonun müzakirə etdiyi ticarət sazişinin ölkəni yüksək tariflərdən qoruya biləcəyinə həddən artıq əmin olmaqda ittiham olunur.
Financial Times qeyd edir ki, İsveçrə ABŞ-a 150 milyard dollar sərmayə yatırmaq niyyəti müqabilində ABŞ-ın 10 faizlik tarifinə razılıq verməyə hazır idi. Keller-Sutterin özü iyul ayında ABŞ Prezidenti Donald Trampa çıxış əldə etdiyini iddia etmişdi.
Problemlərin əsl miqyası iyulun 31-də Keller-Sutter və Tramp arasında baş tutan “dəhşətli” telefon danışığı zamanı üzə çıxıb. Həmin söhbət zamanı Amerika lideri yalnız bir şeydən – Konfederasiya ilə ildə 39 milyard dollarlıq ticarət kəsirindən danışıb. Bu barədə nəşrə bir neçə mənbə məlumat verib: "Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən 10 faizin kifayət etmədiyini açıq şəkildə bildirdi. Onun diqqət mərkəzində olan yeganə şey İsveçrənin ABŞ-dan pul oğurlaması idi. Keller-Sutterin deyəcək sözü yox idi".
Bəzi mənbələr nüfuzlu əczaçılıq şirkətlərini də ABŞ-ın hazırkı administrasiyası ilə uyğunlaşmaq bacarığına malik olmayan İsveçrə məmurlarına təzyiq etməkdə günahlandırıb. Onların daha az tarif tələbi son nəticədə ondan 4 dəfəyə yaxın yüksək tarifin tətbiqinə gətirib çıxarıb.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ