Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfər edib.
Səfər zamanı Fars körfəzinin “Ərəb körfəzi”, yaxud “Ərəbistan körfəzi” adlandırılması ilə əlaqədar bəyanat verməsi gözlənilir.
“The Associated Press” agentliyinə danışan adları gizli saxlanan rəsmi nümayəndələr bildiriblər ki, ərəb ölkələri belə bir rəsmi ad dəyişikliyindən məmnundurlar, amma İran özünün körfəzlə “tarixi bağlarını qorumağa” çalışır.
Məsələyə BMT-nin münasibəti gecikməyib. Təşkilatın mətbuat katibinin müavini Stefani Trembley Fars körfəzinin adının saxtalaşdırılması ilə bağlı şayiələrə cavab olaraq bildirib ki, BMT bu günə qədər bölgəyə, yəni “Fars körfəzi”nə istinad etməyə davam edəcək.
SİTAT: “Düşünürəm ki, biz bu bölgəni “Fars körfəzi” adlandırmalıyıq”.
Donald Tramp isə bildirib ki, bu mövzuda hələ yekun qərar qəbul etməyib və heç kimi incitmək istəmir.
Yeri gəlmişkən, BMT və onun alt qurumları qeyd edir ki, 1890-cı ilə qədər nəşr olunmuş 6000 xəritənin yalnız üçündə “Fars körfəzi”ndən başqa alternativ adlara rast gəlinir.
Qeyd edək ki, “Google Maps”də Fars körfəzinin adı “Ərəb körfəzi” olaraq dəyişdirilib. Belə ki, Yaxın Şərq regionundan olan istifadəçilər “Ərəb körfəzi” və ya “Fars körfəzi” adı ilə axtarış verdikləri zaman xəritədə "Ərəb körfəzi" adı əks olunur.
Tarixə nəzər salsaq, adıçəkilən körfəz XVI əsrdən bu günə kimi Fars körfəzi adı ilə tanınsa da, Yaxın Şərqdə ona əsasən “Ərəb körfəzi” deyilir.
15 il öncə bu məsələ ilə bağlı yaranmış qalmaqalı da xatırlatmaq yerinə düşər. 2010-cu ilin yazında “İslam həmrəyliyi idman oyunları”nın keçiriləcəyi gözlənilirdi. Bu tədbir İran İslam Respublikasının ucbatından təxirə salındı. İslam ölkələri Həmrəylik Oyunları Federasiyasından bildiriblər ki, İran yarışmaların loqosunda “Fars körfəzi” yazılması iddiası ilə çıxış edib.
Tehran hakimiyyəti ərəb ölkələrinin “Ərəb körfəzi” adlandırdığı yerin “Fars körfəzi” adlandırılmasında israr olduğunu bildirib. Səudiyyə Ərəbistanının təmsilçiləri isə medalların və mükafatların üzərindən “Fars körfəzi” ifadəsinin yığışdırılmasını tələb etmiş, ya “Ərəb körfəzi”, ya da sadəcə olaraq “Körfəz” yazılmalı olduğunu bildirmişdi.
Rəsmi Tehranın mövqeyi isə bəllidir-qədim Fars imperiyasını xatırlatmaq məqsədilə “Fars körfəzi” adına üstünlük verir. Xatırladaq ki, 2017-ci ildə Donald Tramp özünün ilk prezidentliyi dövründə hövzəni “Ərəb körfəzi” adlandıranda ovaxtı iranlı həmkarı Həsən Ruhani ona coğrafiyanı öyrənməyi məsləhət görmüşdü.
İranın xarici işlər naziri Abbas Əraqçi mayın 7-də sosial şəbəkədə məsələyə münasibət bildirib və qeyd edib ki, ABŞ prezidenti Donald Trampın “Fars körfəzi”ni “Ərəb körfəzi” adlandırmaq planları Tehrana qarşı siyasi motivli və düşməncəsinə bir addımdır. “İstənilən düşünülməmiş addım qanuni olmayacaq və coğrafiyaya təsir göstərməyəcək, yalnız İranda, ABŞ-də və bütün dünyada iranlıların, əhalinin bütün təbəqələrinin, müxtəlif siyasi əqidə sahiblərinin ciddi narazılığına səbəb olacaq”, - o qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ