İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan “Pirr qələbəsi” - Azərbaycan millisi nə üçün məğlub oldu? Hakim faktoru, yoxsa...

Azərbaycan millisi Dünya Çempionatı-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxdı və yenə də uduzdu. Halbuki, Ukrayna qarşısında komandamıza inam böyük idi. Çünki milli komanda Ukrayna oyunundan 3 gün öncə mundialın əsas favoritlərindən sayılan Fransa qarşısına çıxmış və səfərdə layiqli mübarizə aparmışdı.

Hər halda çoxları düşünürdü ki, Ukrayna heç bir halda Fransa ilə müqayisə olunmaz və bu ölkədən xal və xallar ala bilərik. Həm də Ukrayna ilə Bakıda heç-heçəyə nail olmuşduq. Milliyə ruh gətirən yeni baş məşqçi Ayxan Abbasov faktoru da ümidləri artırmışdı.

MMMMMMMMMMMM.jpg (79 KB)

Amma bütün bunlar yetmədi və müharibə səbəbindən Polşada keçirilən oyundan 2-1-lik məğlubiyyətlə ayrıldıq. Oyundan dərhal sonra müzakirələr başlayıb. Çoxları bunu Ukraynanın “Pirr qələbəsi” (məğlubiyyətə bərabər qələbə) kimi qələmə verirlər. Bunun əksini düşünənlər də az deyil. Verdikləri qərarlardan dolayı avstriyalı hakimlər briqadasının - baş hakim Sebastyan Qisxamerin ünvanına sərt tənqidlər də az deyil. Xüsusilə, oyunun ilk hissəsində Ukrayna millisinin əsas oyunçusuna qırmızı kart verməli olduğa halda, rəqibimizi “bağışlaması” baş hakimi əsas hədəfə çıxarıb.

MUXTAR.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında deyilənlərlə razılaşmadığını bildirərək, bir sıra vacib məqamları önə çəkib:

“Millimizin gücü buna çatdı. Bu nəsil futbolçularla, arxadan gələnlərlə nəyəsə nail olmaq mümkün deyil. U-17, 19 və ya 21-lər hansı ölkə ilə qarşılaşırsa, 8-9 sıfırlarla uduzur. Son nəticələrə baxaq. Bunlarla nələrsə qazana bilərik? Səhəri gün onlar millidə olacaqlar. Hesab edirəm ki, bu milliyə çox da köklənmək lazım deyil. 5 milyon verilib strateji plan yazdırılıb, hanı o strateji plan? Niyə işləmir? Nə üçün kənd və qəsəbələrimizdə futbol məktəbləri olmamalıdır? Ölkədə istedadlı və futbola marağı yüksək olan uşaqlar rayonlardadır. Onların da şəraiti yoxdur. SSRİ vaxtı küçə futbolu var idi. Bakıda onu da yığışdırdılar. İndi bu rayonlardadır. Baxın oralara getmək lazımdır.

Ayxan Abbasovun əlində sehrli çubuq yoxdur. Bu futbolçularla kim baş məşqçi olursa olsun, böyük turnirlərin finallarına çıxmaq olmaz. Futbolçu yetişdirmək üçün infrastrukturlar olmalıdır. Bunu isə təşkil edən yoxdur. Hər dəfə bir komandaya uduzuruq, eyni şeyləri deyirik. Təsəvvür edin ki, 5-6 il öncə Farer adaları gələnə-gedənə 5-8 sıfırlarla uduzurdu, amma adamlar iş gördülər. Bu gün onlar Dünya Çempionatına çıxmağa iddialıdırlar. Görün hansı səviyyədən, hansı səviyyəyə gəlib çatıblar.

Təsəvvür edin ki, onların futbola yatırdıqları vəsaitlərə baxsaq, Azərbaycandan on dəfələrlə azdır. Nə pulları var ki, nə də yatırım etsinlər. Bizim futbolçular xaricə çıxanda məlum olur ki, futbolçu deyillər. Zəif olduqlarını özləri də etiraf edirlər.

gggggggg.jpg (120 KB)

Ukraynaya qarşı vuruşduq, nəticə nə oldu? Ukrayna qalib gəlib finallara qatılmaq üçün önəmli şans əldə etdi. Bizim isə bütün şanslarımız getdi. Nəsə etməsək, gələcəkdə də bu belə olacaq. Bir oyunda vuruşacaqlar, onları öyənlər olacaq, nəticə isə məlum olacaq. İllərlə bu belə olub. 2016-cı ildə Avropa Çempionatının finallarına çıxmaq vədi verilmişdi. Artıq 9 il keçib, yenə də qrup sonuncusuyuq. 9 il sonra da belə olacaq”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR