Onlayn ictimai-siyasi qəzet
Bu ilin sonunda əməkhaqlarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq. Bu mövzunu “Bakı-Xəbər” aktuallaşdırıb.
Məlumdur ki, hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır. “Yeni Müsavat” isə qeyd edir ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur.
Bildirildiyi kimi, 8000 manat əməkhaqqı alan gəlir vergisindən azaddır. Həmçinin minimum əməkhaqqı üzrə 500-600 manat alan da gəlir vergisindən azaddır. Bu isə sosial ədalət prinsipi baxımından uyğunsuzluqdur. Ekspertlər hesab edir ki, daha çox əməkhaqqı alan şəxs gəlir vergisinə cəlb olunmalıdır. Onların fikrincə, aşağı əməkhaqqı alanlar gəlir vergisindən azad edilməlidir.
Maraqlıdır, məlum məsələ necə həll olunmalıdır ki, sosial ədalət pozulmasın?
Onu da deyək ki, dövlət büdcəsinin əsas hissəsini neft gəliri ilə doldururuq. Belə olan halda əhalinin aldığı əməkhaqqından yüksək gəlir vergisi tutulmamalıdır...
Vüqar Bayramov
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirdi ki, payız sessiyasında vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı məsələyə dair hökumət tərəfindən təqdim olunacaq layihə barədə daha ətraflı məlumat əldə olunacaq: “Ümumilikdə təklifimiz ondan ibarətdir ki, vergi güzəştlərində kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına keçid təmin edilsin. Xüsusilə inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir vergisi üzrə güzəştlərin istehlak göstəricilərinə əsaslanaraq tətbiq olunması məqsədəuyğundur. Yəni vətəndaş nə qədər çox rəsmi istehlak həyata keçirirsə və bu xərcləri plastik kart vasitəsilə rəsmiləşdirirsə, bir o qədər çox güzəşt əldə etməlidir. Hazırda mövcud məlumat bazaları bu modelin tətbiqinə real imkan yaradır. Bu səbəbdən hesab edirik ki, vergi güzəştləri yalnız regional və ya kəmiyyət əsaslı deyil, fərdi istehlak davranışı və şəffaf iqtisadi aktivlik əsasında tətbiq edilməlidir. Bu, vergi siyasətində daha ədalətli və səmərəli nəticələrə gətirib çıxara bilər.
Xüsusilə də nəzərə alsaq ki, istehlak real sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, ABŞ-da inkişafı göstərən əsas indikatorlardan biri istehlak səviyyəsidir. Çünki istehlak real sektor üçün əsas mənbədir. Bu səbəbdən gəlir vergisi daxil olmaqla, keyfiyyət meyarlarının tətbiqi həm də istehlakın stimullaşdırılmasına gətirib çıxara bilər. İstehlakın təşviqi isə real sektorun inkişafı baxımından vacibdir. Amma bütövlükdə hansı yanaşmaya üstünlük veriləcəyi bu ilin payız sessiyasında məlum olacaq".
Mahmud Abasquliyev
Vergi üzrə ekspert Mahmud Abasquliyev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, əgər güzəştin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq: “Hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır. Yalnız sosial sığorta (200 manatın 3%-i, yuxarısının 10%-i), icbari tibbi sığorta (2%) və işsizlik sığortası (0.5%) tutulur. Müəssisə tərəfindən isə eyni ödənişlər müvafiq nisbətlərdə həyata keçirilir. Dövlət sektorunda isə vəziyyət fərqlidir: 200 manatlıq güzəşt çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. Bundan əlavə, əməkhaqqının 3%-i sosial sığorta, 2%-i icbari tibbi sığorta və 0.5%-i işsizlik sığortası kimi tutulmalar da işçinin maaşından çıxılır. Əgər mövcud güzəştin müddəti başa çatsa və uzadılmasa, 2026-cı ildən etibarən özəl sektor üçün də bu qaydalar keçərli olacaq. Gəlir vergisi 200 manatlıq azadolmadan sonra 14% olaraq hesablanacaq. Bu gün 1000 manat maaş alan bir işçi, gəlir vergisi əvvəlki qaydada bərpa olunarsa, artıq həmin məbləği tam şəkildə ala bilməyəcək. Bu səbəbdən də işəgötürənlərin əməkhaqlarını müvafiq şəkildə artırması vacib olacaq ki, işçi əvvəlki səviyyədə məvacibini əldə edə bilsin. Əks halda, əmək bazarında narazılıqlar və təklif-tələb balansında pozuntular yarana bilər”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ