Onlayn ictimai-siyasi qəzet
Son günlər dünya mediasında yayılan məlumatlarda alman biokimyaçısı Otto Varburqun 1931-ci ildə xərçəng xəstəliyinin əsl səbəbini kəşf etdiyi və bu nailiyyətinə görə Nobel mükafatı aldığı bildirilir. Lakin iddialara görə, uzun illər tibb elmi onun bu kəşfini görməzdən gəlib.
Musavat.com-un məlumatına görə, xəbərlərdə vurğulanır ki, doktor Varburq xərçəng hüceyrələrinin oksigensiz – yəni anaerob mühitdə inkişaf etməsinin əsas səbəb olduğunu müəyyənləşdirib. Onun araşdırmaları hüceyrə metabolizması, mitoxondrilərin fəaliyyəti və hüceyrə enerjisi ilə birbaşa əlaqədardır. Varburqun nəzəriyyəsinə əsasən, hüceyrələr oksigen əvəzinə şəkərdən enerji əldə etməyə başladıqda, bu, onların nəzarətsiz şəkildə bölünməsinə və şişlərin yaranmasına səbəb olur.
Doktor Otto Varburq 1931-ci ildə bu tədqiqatına görə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb. Bununla belə, müasir onkologiya uzun müddət onun bu fundamental kəşfini nəzərə almadan daha çox genetik səbəblərə və kimyəvi terapiyalara üstünlük verib.
Tibb mütəxəssisləri bu yanaşmanı tənqid edərək bildirir:
“Biz hələ də metabolizmanı, mitoxondriləri və hüceyrə enerjisini görməzdən gəlirik. Halbuki bu, xəstəliyin təməlində duran əsas mexanizmdir.”
Bu yanaşma son illərdə “metabolik terapiya” və “ketogenik pəhriz” kimi alternativ müalicə üsullarına marağın artmasına səbəb olub.
Otto Varburqun ideyaları bir zamanlar diqqətdən kənarda qalsa da, bu gün xərçəngin alternativ müalicə yollarını axtaran alim və mütəxəssislər tərəfindən yenidən gündəmə gətirilir. Onun irsi tibb elminin hələ cavab tapa bilmədiyi ən mühüm suallardan biri olan “Xərçəng necə yaranır?” sualına cavab tapmaq baxımından aktuallığını qoruyur.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ