Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın amansız işğalçı müharibəsinə qarşı beynəlxalq dəstəyin vacibliyini vurğulayaraq, Roma Papası XIV Levə göstərdiyi həmrəylik və Ukrayna xalqına mənəvi dəstəyə görə xüsusi təşəkkür edib.
Musavat.com xəbər verir ki, o, X sosial şəbəkəsində yayımladığı bəyanatında açıq şəkildə bildirib ki, artıq bütün dünya birləşərək sərhəd tanımayan Kreml aqressiyasını dayandırmalı və dinc insanların həyatını xilas etməlidir.
Zelenski qeyd edib:
“Biz birlikdə bu özbaşına Rusiya aqressiyasını dayandırmalı və günahsız həyatları müdafiə etməliyik. Ukraynaya ədalətli sülh lazımdır. Ukraynalılar rus əsirliyindən bütün insanları – həm uşaqları, həm də böyükləri qaytarmaq üçün pontifikin köməyini heç vaxt unutmayacaq, ona həmişə minnətdar qalacaq”.
Bu sözlər əslində Kremlin qanlı planlarının Avropa qitəsində necə genişmiqyaslı fəlakətlərə yol açdığını bir daha göstərir. Ukrayna liderinin “ədalətli sülh” çağırışı, faktiki olaraq, Rusiyanın təcavüzkar və insanlıqdan uzaq siyasətinə qarşı sərt ittihamdır.
Xatırladaq ki, daha əvvəl Roma Papası XIV Lev də özünün X hesabında Ukrayna xalqına ürəkdən dəstək bəyanatı verərək, Moskvanın Ukraynada törətdiyi vəhşiliklərə dolayı şəkildə işarə etmişdi. Pontifik yazmışdı:
“Mən əzabkeş Ukraynaya, uşaqlara, gənclərə, yaşlılara və xüsusilə yaxınlarını itirən ailələrə öz yaxınlığımı bildirmək istəyirəm. Mən sizin əsir düşən və bu mənasız müharibənin qurbanı olan insanlar üçün çəkdiyiniz ağrını bölüşürəm”.
Katolik kilsəsinin başçısı əlavə edib:
“Sizin xalqınızın imanı indi çox ağır sınaqdan keçir. İnanmaq o demək deyil ki, artıq bütün cavablar tapılıb. İnanmaq – Tanrının bizimlə olduğunu, bizə Öz mərhəmətini bəxş etdiyini və son sözü məhz Onun deyəcəyini, həyatın ölümü məğlub edəcəyini ümid etməkdir”.
Beləliklə, həm Vatikan rəhbərinin, həm də Zelenskinin çağırışları Kremlin Ukraynada həyata keçirdiyi barbar siyasətə qarşı həm siyasi, həm də mənəvi cəbhədə sərt cavab kimi qiymətləndirilir. Dünya artıq yaxşı anlayır ki, bu müharibə sadəcə torpaq üstündə deyil – insanlığın şərəfi və vicdanı uğrunda gedir.
Musavat.com
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ