Onlayn ictimai-siyasi qəzet
Rəsmi Bakı Azərbaycanın sessiyalarda qeyd-şərtsiz iştirakının bərpasını istəyir; Səməd Seyidov yaranmış vəziyyəti şərh etdi
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinin Lüksemburq şəhərində keçirilən 134-cü sessiyasında iştirak və çıxış edib. Sessiyada çıxışı zamanı nazir müavini 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu və 2019-cu ildə təşkilatın Nazirlər Komitəsinin qəbul etdiyi qərarda əksini tapmış “bütün üzv dövlətlər bərabər əsasda Avropa Şurasının iki nizamnamə orqanında iştirak etməlidir” müddəası ilə ziddiyyət təşkil etdiyini bildirib. O, parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan assambleyada Azərbaycanın iştirakının qeyd-şərtsiz iştirakını bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb.
Xatırladaq ki, 2024-cü ilin yanvarında AŞ PA rəsmi Bakının üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyini əsas gətirərək Azərbaycanın nümayəndə heyətinin mandatının dondurulması barədə qətnamə qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, AŞ PA-nın qərarı qərəzlidir. Son olaraq isə Prezident Avropa Məhkəməsinin heç bir qərarının Azərbaycan üçün hüquqi qüvvəsi olmadığını deyib. Bundan sonra AŞ PA-nın Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb. O, “AzadlıqRadiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. Alman deputat Azərbaycanın öhdəliyinin yerinə yetirilməyəcəyi təqdirdə nümayəndə heyətinin mandatının bərpasının mümkünsüz olacağını söyləyib. Göründüyü kimi, Bakının bu mövzuda səbri tükənib və Strasburqu bu ədalətsiz qərarı geri götürməyi tələb edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla bu mövzuda danışdıq.
Səməd Seyidov
“Məncə, Şvabe getdikcə öz-özünü elə bir vəziyyətə salır ki, deyəsən, yalnız Azərbaycan onun mövcudluğunu hələ aktuallaşdırır. Qalan siyasi, yaxud da başqa dairələr Şvabe kimdir, nəçidir, hansı yuvanın quşudur, onları heç maraqlandırmır. Bunu mən elə-belə demirəm. Ona görə ki, Şvabe Azərbaycanın vasitəsilə özünü aktuallaşdırmaq istəyir. Bu da təəssüf ki, iflasa uğramış siyasətçilərin metodudur”, - deyə deputat bildirdi. S.Seyidov daha sonra dedi: “Özlərini nə iləsə göstərmək, hansısa bir hərəkət etmək istəyirlərsə və heç cür özlərini reallaşdıra bilmirlərsə, çox təəssüflər olsun ki, bu metodlardan istifadə edirlər, yalan, böhtan, təhqir səviyyəsində öz ritorikalarını yüksəltməyə başlayırlar. Bu isə çox təəssüflər olsun həm onların səviyyəsini göstərir, həm də Avropada gedən proseslərin, siyasi münasibətlərin dərəcəsini və vəziyyətini birbaşa təqdim edir. Bu, birinci... İkincisi, həm cənab Prezident, həm Azərbaycan rəsmiləri konkret olaraq öz münasibətlərini bildiriblər. Söhbət ondan gedir ki, 2024-cü ilin əvvəlindən indiyədək Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının 10-a yaxın böyük sessiyasında Azərbaycan təmsil olunmayıb. Bunu ona görə deyirəm ki, hər sessiyada, istəyir daimi komitənin sessiyası olsun, istəyir böyük sessiya olsun, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri seçilir. Ölkələr öz namizədlərini təqdim edir. Bu namizədlər müvafiq komitələrə, həmçinin xüsusi komitə var, ora çıxarılır. AŞ PA-da AHİM-in hakimlərinin seçilməsi ilə bağlı komitəsi var. Orada müzakirələr gedir. Müzakirələrdən sonra isə tövsiyələr verilir, təqdim olunan 3 namizəddən kim birinci olacaq və sair. Sonra isə bunları həmin sessiyalarda səsverməyə cəlb edirlər. AŞ PA deputatlarının səsverməsi ilə AHİM hakimləri seçilir. Bu müddət ərzində biz həmin seçkilərdə iştirak etməmişik. Deməli, bu hakimlərin heç birini nə tanımırıq, nə üzlərini görməmişik, nə müzakirələrdə iştirak etmişik, nə bunlarla bağlı seçkilərdə hansısa fəallıq göstərməmişik. İndi mən özüm-özümə sual verirəm və bu, məntiqi bir sualdır: seçmədiyim hakimin qərarını necə icra edim? Burada bir vacib məsələ var: niyə Parlament Assambleyası hakimləri seçir? Bu, çox vacib sualdır. Bu suala cavab belədir: AİHM öz-özünün hakimlərini təyin edə bilməz. Ona görə ki, onda qərarlar ölkələr üçün mütləq olmaz. Bunları mütləq millət vəkilləri seçməlidir. Ona görə ki, millət vəkillərini xalq seçirsə, xalq onlara öz istəklərini, etimadını bildiribsə, deməli, onların seçdiyi adamlar da həmin xalqın, seçmək üçün göndərilən insanların hüququna uyğun olan şəxslər olacaq. Yəni hakimlərin deputatlar tərəfindən seçilməsi həmin hakimlərin legitimləşməsidir. Ona görə ki, mən Azərbaycan xalqının nümayəndəsi kimi Avropa Şurasında buna səs verirəmsə, deməli, Azərbaycan xalqı da bu hakimin qərarını icra etməyə öz imzasını qoya bilər. Ancaq mən orada iştirak etmirəmsə, bir xalqın nümayəndəsi kimi, siz mənsiz o hakimi seçirsinizsə, o hakimin qərarı mənim xalqım üçün necə icra oluna bilər? Hansı hüquqla, hansı əsasla?! Bu vəziyyəti mən yaratmamışam. Bu vəziyyəti AŞ PA yaradıb, Azərbaycan nümayəndə heyətinə qərəzli mövqe sərgiləyərək, faktiki bizim orada işləmək imkanlarımızı məhdudlaşdırıb və bizi elə vəziyyətə gətirib çıxarıb ki, biz öz səlahiyyətimizi, fəaliyyətimizi dayandırmışıq.
“Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər var, onlarla bağlı hər hansı narahatlıq mövcuddurmu” sualına S.Seyidov belə cavab verdi: “Mən Avropa Şurasına üzv olaraq, AİHM-in qərarlarının icra olunması ilə bağlı öhdəlik götürmüşəm. Ancaq gərək bu icra mühiti təmin olunsun. Yəni siz öz tərəfinizdən bunu təmin etmirsiniz. Azərbaycan tərəfindən isə bunun təminatını tələb edirsiniz. Əlbəttə, qarşılıqlı öhdəliklər var. Mən oradakı seçkilərdə iştirak etməliyəm, hakimləri formalaşdırmalıyam, sonra onları məhkəməyə göndərməliyəm, sonra onlardan hesabat istəməliyəm. Deməli, siz bunların hamısını kənara qoyursunuz, ancaq mənim iştirakım olmadan formalaşmış AİHM hakiminin hökmünü mənə mütləq sənəd kimi göndərirsiniz. Söhbət ondan gedir ki, bu məhkəmənin qərarının icrası üçün iki tərəf öhdəliklər götürüb. Bir tərəf bu öhdəlikləri tam şəkildə yerinə yetirmir, o biri tərəfdən isə yerinə yetirməyi tələb edir. Söhbət bundan gedir...”
Elşad PAŞASOY,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ