İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya referendum, ya da... referendum - Azərbaycan deputatından SENSASİON YAZI

Paşinyan yenə də gözünün içinə kimi yalan danışaraq, Ermənistanın Konstitusiya Məhkəməsinin rəyinə əsaslanıb, 2015-ci ildə yeni redaksiyada qəbul edilmiş Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almadığını bildirir.

NİKOL SON.jpg (202 KB)

Elə isə, Nikol Paşinyanın növbəti dəfə reallıqları təhrif etdiyini göz önünə sərgiləmək üçün Ermənistan konstitusiyasının preambula hissəsinə nəzər salaq. Sitat: “Erməni xalqı, Ermənistanın müstəqillik bəyannaməsində təsbit olunmuş erməni dövlətçiliyinin fundamental prinsiplərinə və ümummilli məqsədlərə əsaslanaraq, azadlıqsevər əcdadlarının suveren dövlətçiliyin bərpası ilə bağlı müqəddəs vəsiyyətini həyata keçirərək, Vətənin möhkəmləndirilməsi və inkişafı işinə sadiqliyini nümayiş etdirərək, azadlığın, ümumi rifahın və vətəndaş həmrəyliyinin təmin olunması naminə, insanlıq dəyərlərinə sədaqətini təsdiqləyərək, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.

Göründüyü kimi Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur və bəyannamədə yer alan hədəflər “ümummilli məqsədlər” kimi təqdim edilir. Bəs Ermənistanın müstəqillik bəyannaməsində yer alan “ümummilli məqsədlər” hansılardır? Bəyannamənin preambula hissəsinə diqqət yetirək.

Sitat: “Ermənistan SSR-in Ali Soveti, Ermənistan xalqının iradəsinin birliyini ifadə edərək, bütün ermənilərin arzu və ümidlərinin həyata keçirilməsində və tarixi ədalətin bərpasında erməni xalqının taleyi qarşısında məsuliyyətini dərk edərək, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin prinsiplərinə və beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarına əsaslanaraq, xalqların azad öz müqəddəratını təyin etmə hüququnu həyata keçirərək, 1989-cu il 1 dekabr tarixli Ermənistan SSR-in Ali Soveti və “Dağlıq Qarabağ Milli Şurası”nın "Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" birgə Qərarına əsaslanaraq, 1918-ci il 28 mayda yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik və hüquqi cəmiyyətin qurulmasını qarşıya məqsəd qoyaraq, müstəqil dövlətçiliyin təsis olunması prosesinin başlanmasını elan edir”.

FLAQ.jpg (28 KB)

Ermənistanın müstəqillik bəyannaməsindən gətirdiyim iqtibasdan da göründüyü kimi, sözügedən “sənəd”də Azərbaycanın suveren ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan SSR-in Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurası” adlanan qondarma təsisatın beynəlxalq hüquqa zidd birgə “qərar”ına istinad olunur. Qeyd edim ki, bəyannamədə “Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşməsi”ndən söz açılır ki, bu da tarixi faktların açıq-aşkar təhrif olunması, əsassız iddiaların hüquqi müstəviyə keçrilməsi cəhdidir.

İndi isə ardıcıllıqla Ermənistan konstitusiyasında və bu ölkənin müstəqillik bəyannaməsində Azərbaycan Respublikasının suveren ərazilərinin ilhaq edilməsinə xidmət edən məqamlara nəzər salaq:

1. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur və bəyannamədə yer alan iddialar erməni xalqının və onun elan etdiyi dövlətin ümummilli məqsədi, hədəfi kimi göstərilir.

2. Ermənistanın müstəqillik bəyannaməsində isə Azərbaycan Respublikasının suveren ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan SSR-in Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurası” adlanan qondarma təsisatın qanunsuz qərarına istinad olunur və Azərbaycana qarşı ərazi iddiası erməni xalqı tərəfindən təsis edilən dövlətin əsas məqsədi kimi göstərilir.

Mənzərə göz qabağındadır və Nikol Paşinyanın, onun istinad etdiyi Ermənistan Konstitusiya Məhkəməsinin hansı qondarma mülahizələrə əsaslanaraq, rəy verməsindən asılı olmayaraq, Ermənistan konstitusiyasında bu ölkənin müstəqillik bəyannaməsinə istinad edilməklə Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi erməni dövlətçiliyinin ümummilli məqsədi kimi elan olunub.

İndi Nikol Paşinyan Konstitusiya Məhkəməsinin göz önündə olan faktları inkar edən rəyini əlində “bayraq” kimi saga-sola “yelləyərək” bildirir ki, konstitusiya sülh müqaviləsinə maneə yaratmır. Amma daha sonra əlavə edir ki, sülh müqaviləsi imzalandıqdan sonra təsdiq və ya “ratifikasiya” edilməsi üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək. Və daha sonra bildirir ki, əgər Konstitusiya Məhkəməsi hesab edərsə ki, sülh müqaviləsi konstitusiya ilə ziddiyyət təşkil edir, o zaman konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsi prosesini başladacaq.

Göründüyü kimi, Nikol Paşinyan Konstitusiya Məhkəməsinin sülh müqaviləsini ratifikasiya etməyəcəyi ehtimalını da nəzərdən keçirir. Bu isə o deməkdir ki, Ermənistanın baş naziri bunun üçün konstitusiyada əsasın olduğunu da çox yaxşı anlayır. Anlaşılan odur ki, Nikol Paşinyanın Azərbaycanla real sülh əldə etmək kimi bir niyyəti yoxdur. Sadəcə məsuliyyəti öz üzərindən atmaq üçün bəhanə axtarır. Yəni demək istəyir ki, “baxın, mən sülh istəyirəm, hətta müqaviləni də imzaladım, amma Konstitusiya Məhkəməsi istəmir”.

Real perspektiv bundan ibarətdir: Ermənistan sülh müqaviləsini imzalayır, Konstitusiya Məhkəməsi sənədi ratifikasiya etmir və bu proses, təxminən bir il vaxt aparır. Bu aralıqda Ermənistanda seçkilər keçirilir və Paşinyan yenidən hakimiyyətə sahiblənir. Daha sonra Nikol Paşinyan konstitusiyada dəyişikliklərin edilməsi üçün referendum prosesini başladır, ictimai-siyasi müzakirələr aparılır və referendum keçirilir. Referendumun nəticəsi isə mənfi olur və beləliklə həm Nikol Paşinyan hakimiyyətinin ömrünü uzadır, həm də sülh müqaviləsi hüquqi baxımdan kağız parçasına çevrilir.

SULHAM.jpg (98 KB)

Məhz bu səbəbdən, Azərbaycan bütün ehtimalları nəzərə alaraq, sülhə mane ola biləcək məqamların öncədən aradan qaldırılmasını istəyir. Yəni Azərbaycan üçün vacib olan məqam, təkcə Ermənistan hakimiyyətinin xoşluqla, yaxud başqa səbəblərdən sülh istəməsi deyil. Bizim üçün zəruri olan məqam erməni xalqının sülh istəməsidir! Bu baxımdan, sülh müqaviləsindən öncə erməni xalqı Azərbaycan Respublikasına qarşı Ermənistan konstitusiyasında yer alan bütün idialara yox deməklə sülh istədiyini hüquqi zəmində təsdiqləməlidir. Əks təqdirdə sülh istəməyən bir toplumun siyasi hakimiyyəti ilə sülh müqaviləsi imzalamağın da heç bir anlamı yoxdur.
Paşinyanın mülahizələrində yer alan başqa bir məqam isə ATƏT-in Minsk Qrupunun de-yure buraxılması üçün sözügedən təsisata müraciətin ünvanlanması ilə bağlıdır.

Ermənistanın baş naziri belə bir müraciətin sülh müqaviləsi ilə eyni vaxtda imzalanmasını zəruri hesab edir. Paşinyanın bəsit və əyalət hiyləgərliyindən qaynaqlanan məntiqindən belə anlaşılır ki, Ermənistanın baş nazirinin qənaətinə görə, əgər o, sülh müqaviləsi imzalanmazdan öncə ATƏT-ə belə bir müraciət ünvanlayarsa, o zaman Azərbaycan sülh müqaviləsini imzalamaya da bilər. Bu isə o deməkdir ki, Ermənsitan ATƏT-in Minsk Qrupuna təzyiq mexanizmi kimi yanaşmaqda davam edir və təhrik ediləcəyi təqdirdə bu ölü aləti “diriltmək” üçün səylərini davam etdirəcək.

Yaranmış vəziyyətdə, qənaətimə görə, ümumi mənzərə aşağıdakılardan ibarətdir:

Ermənistan Azərbaycana etimad göstərmir, amma Azərbaycanın ona etimad göstərməsini istəyir. Yəni Paşinyan belə hesab edir ki, rəsmi Bakı, təminatlı sülh üçün fundamental əhəmiyyət kəsb edən sülh müqaviləsinin ratifikasiya olunmayacağı və refendumla Azərbaycana qarşı ərazi iddialarına son qoyulmayacağı ehtimallarını nəzərə almadan sülh müqaviləsini imzalamalı, amma rəsmi İrəvan, hətta ATƏT-in Minsk Qrupu kimi gərəksiz, ölü bir təsisatın buraxılmasını belə zəmanət altına almalıdır. Bütün bunlardan sonra nə yazacağımı, təxmin etdiyiniz üçün vaxtınızı almaq istəmirəm.

MİNSK.jpg (32 KB)

Sülhün isə yeganə bir yolu var: Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, xalqımıza qarşı amansız cinayətlər törədən, soyqırım aktları həyata keçirən, yurd yerlərimizi viran qoyan erməni xalqı və onun Azərbaycan ərazilərinin ilhaqını ümummilli məqsədi saymağa davam edən dövləti sülh istədiyini ümumxalq səsverməsi ilə təsdiq etməlidir. Çünki bu xalq dövlətini elan etdiyi andan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, işğalı, müharibə cinayətlərini dəstəkləyib. Vəssalam!

Başqa alternativ yoxdur!

MİRZEBEY.jpeg (77 KB)

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR