Onlayn ictimai-siyasi qəzet
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin administrasiya rəhbərinin müavini Andrey Portnov İspaniyanın Madrid yaxınlığında yerləşən Posuelo-de-Alarkon şəhərində güllələnib.
Musavat.com xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat yayıb.
İspan mənbələrinin verdiyi məlumata görə, Portnov beş güllə yarası alıb, dördü sinəsinə, biri isə başına dəyib.
Hadisə yerli məktəbin girişində baş verib. ABC nəşri dəqiqləşdirir ki, hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.
"Cadena SER"in mənbələri bildirir ki, qatil Portnovu motosikletdə gözləyirmiş. Portnov yaxınlaşan kimi, hücum edən şəxs atəş açaraq hadisə yerindən uzaqlaşıb.
Andrey Portnov keçmişdə Yanukoviçin yaxın ətrafında yer alıb və dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, eləcə də insan haqlarının pozulması ittihamları ilə Avropa İttifaqının sanksiyalar siyahısına salınıb. Daha sonra bu ittihamlardan bəraət alsa da, Ukrayna xüsusi xidmət orqanları onun Rusiya ilə mümkün əlaqələrinə dair araşdırmanı davam etdirirdi.
Portnov həmçinin 2006-cı ildə Yuliya Timoşenko Blokunun siyahısı ilə Ukrayna Ali Radasına deputat seçilib.
Qətllə bağlı istintaq davam edir. Hadisənin motivləri hələlik rəsmi şəkildə açıqlanmayıb.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ