İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni prezidentdən ŞOK TƏLƏB: Almaniya 1,3 trilyon dollar ödəməlidir

Polşada prezident seçkilərində qalib gələn Karol Navrotski II Dünya Müharibəsi zamanı Almaniyanın törətdiyi dağıntılara görə Berlindən 6,2 trilyon zlotı (təxminən 1,3 trilyon dollar) məbləğində hərbi təzminat tələb edir.

Musavat.com “businessinsider.com.pl” saytına istinadən xəbər verir ki, işgüzar səfəri zamanı Navrotski bu məbləğin Polşanın haqqı olduğunu bildirib.

Seçki kampaniyası çərçivəsində Jeşuv şəhərində keçirilən tədbirdə çıxış edən Navrotski qeyd edib ki, Polşa Almaniyadan təxminən 6,2 trilyon zlotı məbləğində kompensasiya almalıdır. O vurğulayıb ki, bu rəqəm 2022-ci ildə hakim “Hüquq və Ədalət” (PiS) partiyasının deputatı Arkadius Mularçık tərəfindən hazırlanmış “Almaniyanın Polşaya qarşı təcavüzü nəticəsində yaranmış itkilər haqqında hesabat”a əsaslanır.

“Bu pul sadəcə olaraq bizə çatır”, – deyə Navrotski “Radio Rzeszówa” verdiyi açıqlamada bildirib.

“Super Express” nəşrinə verdiyi müsahibədə isə Navrotski reparasiya məsələsinin yalnız tarixi ədalətlə bağlı olmadığını, eyni zamanda gələcəyə yönəlmiş addım olduğunu qeyd edib:

“Reparasiyalar həm tarixi ədalət, həm də gələcəyimizlə bağlıdır və mən prezidentliyimin ilk günündən bu məsələ uğrunda mübarizə aparacağam”.

Digər tərəfdən, Almaniya hökumətinin Polşa-Almaniya əməkdaşlığı üzrə səlahiyyətli nümayəndəsi Knut Abraham “Deutsche Welle”yə verdiyi müsahibədə bildirib ki, hüquqi baxımdan reparasiya məsələsi artıq “bağlanmış” hesab olunur. Bununla belə, Abraham bu sahədə müəyyən imkanların mövcud olduğunu da qeyd edib.

Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərində bülletenlərin 100%-i Dövlət Seçki Komissiyası tərəfindən emal edildikdən sonra “Hüquq və Ədalət” partiyasının dəstəklədiyi Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski qalib elan edilib.

Navrotski 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR