Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa səfəri diqqət çəkib. Z.Həsənovla Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib, görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Belarus Hərbi Akademiyasında da olub. Burada hərbi təhsil sistemi, kadr hazırlığı vəzifələri ilə bağlı brifinq verilib. Rəsmi səfər çərçivəsində Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Qərargahında olan Azərbaycanın müdafiə nazirinə Mərkəzi Komanda Məntəqəsinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Rusiya, İsrail, Türkiyə, Belarus və digər ölkələrdən silah alır.
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın yüksəlməsi isə 2004-cü ildən sonrakı dövrə təsadüf edir. Azərbaycan 2005-ci ildən etibarən Belarusdan böyükhəcmli silah və hərbi texnikanın satın alınmasına başlayıb.
Belarus şirkətləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan “S-125 Peçora” və “Osa” zenit raket komplekslərinin modernləşdirilməsi proqramına qatılıblar.
Azərbaycanın “Azairtechservice” və Belarusun “Tetrayder” şirkəti birgə bu sistemlərin modernləşdirilməsini həyata keçirib. Bununla bərabər Hava Hücumundan Müdafiə Qoşunlarının istifadəsində olan radiolokasiya stansiyaları da müasirləşdirilib.
Azərbaycan 2005-2017-ci illərdə Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa əldə edib. Bu haubitsalardan 12-si 203 mm-lik “Pion” (atış məsafəsi 50 kilometr) özüyeriyən artilleriya sistemi, 26-sı 2017-ci ildə alınmış “Giatsin-B”, 120 ədədi isə D-30-dur. Bunlarla yanaşı, Azərbaycan adıçəkilən ölkədən 11 ədəd “Su-25" döyüş təyyarəsi əldə edib. Bu təyyarələr modernləşdirilib.
2012-2013-cü illərdə Belarusun OKB TSP şirkətindən bir neçə batareya “Buk-MB” zenit-raket kompleksi alıb. 2018-ci ilin əvvəllərində Azərbaycan bu ölkədən “Qroza-S” radioelektron mübarizə sistemlərini əldə edib. Azərbaycan həmçinin hərbi ticarətdə ən böyük paya sahib olan “Polonez” operativ-taktik raket komplekslərini də alıb.
Azərbaycan və Belarus respublikalarının müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanmışdı.
Bu il mayın 21-də Belarusda “MILEX 2025" Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində Azərbaycan müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Belarus ən qlobal tələblərə cavab verən 150-dən çox silah və hərbi texnika nümayiş etdirib.
Yaxın gələcəkdə Belarusun Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsulları istehsal ediləcək. Bunu ötən ay Bakıda səfərdə olan Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus deyib. “Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk. Yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq”, - o əlavə edib.
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirib ki, Belarusla hərbi əməkdaşlığımızın üstün cəhətləri var: “Belarusun hərbi sənayesi son illərdə ciddi inkişaf yolu keçib. Belarusun müasir hərbi sənayesi orta səviyyədən aşağı qiymətlərlə yuksək səviyyəli istehsalat təklif edir. Azərbaycan ordusunun silah arsenalında Belarusun müasir silahlarının yer alması müsbətdir. Belarusun silahlarının üstün keyfiyyətləri var. Məsələn, Belarusun "Polonez" raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin A-200 RYAS’ının dörd oxlu 8x8 formullu MZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun MZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir. “Polonez” sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır. Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir “Polonez” düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. “Polonez”də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280-300 km-ə qədər artmasına da yardımçı olmuşdur. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun ekvivalentinə bərabərdir".
Ekspertin sözlərinə görə, “BSVT” konserninin yaratdığı robotlaşdırılmış “Boqomol” tankı da yeni nəsil hərbi texinkalardandır. Bu tank şəxsi heyətdə itkiləri maksimal dərəcədə azaltmaq üçün xüsusi fərqlənir: “2 tonluq ”Boqomol" robot tankı 4 km uzaqlıqda yerləşən hədəfləri “Faqot”, “Konkurs”, “Metis” tank əleyhinə sistemlərin raketləri ilə məhv etmək iqtidarındadır. Termooptik cihazları sayəsində, bu pilotsuz texnikanı istənilən hava şəraitində və hətta gecə istifadə etmək mümkündür. “Boqomol” stasionar döyüş nöqtəsi və təbii ki, hücum silahıdır.
Bundan başqa, Belarusun “INDELA” şirkətinin I.N.SKY çoxfunksional pilotsuz helikopteri həm kəşfiyyat apara bilən, həm də gərəkdiyində zərbə vurma imkanına malik olan silahdır. Kamikaze deyil və dəfələrlə istifadə oluna bilər. Aşağı uçuş səviyyəsi sayəsində isə düşmənin REM cihazlarının dalğalarından yayına bilər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ