Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak şəxsi Telegram kanalında yanan Kreml təsviri olan bir şəkli paylaşıb. Şəkildə “Bu günü bacardığımız qədər yaxınlaşdırdıq” sözləri yer alıb.
Musavat.com xəbər verir ki, bu paylaşım xüsusilə Rusiya mətbuatında və sosial şəbəkələrində geniş rezonans doğurub. Rusiya mediası və siyasətçiləri bunu “təxribat xarakterli addım” kimi qiymətləndiriblər və Ukrayna rəhbərliyini “rəsmi terroru təşviq etməkdə” ittiham ediblər.
Qeyd edək ki, bu paylaşımdan bir neçə gün əvvəl Rusiya rəsmiləri 9 May – Qələbə Günü ərəfəsində Ukraynadan mümkün təxribat təhlükələri barədə xəbərdarlıq etmişdilər. Bu kontekstdə Yermakın paylaşımı Moskvanın təbliğat maşınında əlavə narahatlıq yaradıb.
Ukrayna tərəfi isə Yermakın paylaşımına rəsmi şərh verməyib. Lakin Ukrayna ictimaiyyətində bu görüntü davam edən müharibə fonunda bir rəmz kimi, xüsusilə təcavüzkar ölkəyə qarşı mübarizənin simvolu kimi qiymətləndirilir.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ