İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəng gözlədiyim insanlar bu həyatda yoxdur artıq” – Firəngiz Mütəllimova

Xalq artisti Firəngiz Mütəllimova ötən gün 66 yaşını qeyd edib.

Aktrisa doğum günü təəssüratlarını Musavat.com-la bölüşərkən duyğulu açıqlamaları ilə yadda qalıb:

“Doğum günümü ailəmlə birlikdə qeyd etdim. Mənə güllər, çiçəklər gətirildi. Çoxlu zənglər və təbriklər gəldi. Yeni yaş mənə daha çox məsuliyyət hissi gətirdi. Yaş artdıqca insanın yükü də artır. Yaş Allahın insana verdiyi sərvətdir və onu dəyərləndirməyi bacarmaq lazımdır”.

Mütəllimova deyib ki, ömrünün 66 ili kifayət qədər zəngin həyat təcrübəsi ilə doludur:

“Həyat hamı üçün çətindir, amma zamanla öyrəşirsən. Biz nələri görmədik ki – köçkünlüyü də, Azərbaycanın müstəqillik yolunu da. Bu yaşa qədər bir ömrə yetəcək qədər hadisə yaşadım. Bütün bunlar mənim üçün məktəb, həyat dərsi oldu”.

Amma doğum günü Firəngiz xanım üçün təkcə sevinc dolu anlarla yadda qalmayıb:

“Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdurlar. Anam, atam, qardaşım... Onların səsini eşitsəydim, bəlkə doğum günüm tamam başqa cür keçərdi. İndi yalnız xatirələr danışır”.

Xalq artisti maddi bolluq anlayışına da fərqli yanaşır:

“İnsanın ehtiyaclarını ödəməyə imkanı varsa, bu, kifayətdir. Maddi var-dövlət çox şeyi həll etmir. Əsas odur ki, sağlam olasan və həyatından razı qalasan. Pul bəzən insana rahatlıq gətirir, amma çox vaxt heç nə vermir. Həyatda puldan çox sağlamlıq və əmin-amanlıq önəmlidir”.

Firəngiz Mütəllimova sənət həyatında da özünü tam ifadə edə bildiyini söyləyib:

“Ürəyimcə olan bütün rolları oynamışam. Bu baxımdan heç bir peşmanlığım, yarımçıq qalan arzum yoxdur. Teatr və kino mənim həyatımı zənginləşdirdi”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR