İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur dəhlizi açılır – Rusiya çıxır, ABŞ və Türkiyə daxil olur” - İLGİNC İDDİALAR

Xəbər verildiyi kimi, iyulun 10-da Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Mətbuatda yayılan məlumatlara görə, bu görüşün gündəm mövzusu uzun müddətdir müzakirə edilən və “Zəngəzur dəhlizi” adlandırılan nəqliyyat bağlantısıdır. Görüşün məkanı və tərəflər arasında mümkün razılaşmalar Ermənistanda ciddi siyasi diskussiyalara səbəb olub.

Musavat.com xəbər verir ki, mövzuya dair erməni revanşist politoloq Beniamin Matevosyan öz feysbuk səhifəsində geniş analiz paylaşıb.

O, görüşün Birləşmiş Ərəb Əmirlikləri kimi fərqli bir regionda – nə Avropada, nə də Rusiyada – baş tutmasının simvolik məna daşıdığını düşünür.

Erməni politoloq hesab edir ki, bu dəyişiklik Ermənistan-Azərbaycan danışıqlarının “Qlobal Cənub”un geosiyasi orbitinə keçdiyinin göstəricisi ola bilər.

Matevosyan yazır ki, 25 iyun tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həm Çin Xalq Respublikasında səfərdə olub, həm də BƏƏ XİN rəhbəri ilə telefon danışığı aparıb. Onun fikrincə, Çin bu görüşün təşkilində dolayı və ya birbaşa rol oynamış ola bilər. Qeyd edilir ki, Çinlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var və bu fonda Pekinin təşəbbüskar rolu ehtimaldan uzaq deyil.

Politoloq həmçinin vurğulayır ki, ABŞ rəsmiləri də bu prosesə öz baxışlarını ortaya qoyublar. ABŞ dövlət katibi Marko Rubio bir neçə gün öncə Ermənistan–Azərbaycan sülh sazişinin imzalanmasına ümid etdiyini bildirib. Bu isə erməni ekspertin fikrincə, Vaşinqtonun da prosesə səssiz, lakin aktiv maraq göstərdiyini sübut edir.

Matevosyan bu vəziyyəti Çinin təşəbbüslərinə ABŞ-ın reaksiyası kimi qiymətləndirir.

Əlavə olaraq qeyd olunur ki, Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələrdə ABŞ, Türkiyə və Azərbaycanın eyni vaxtda adının çəkilməsi məsələnin artıq təkcə regional deyil, qlobal maraqlar prizmasından da qiymətləndirildiyini göstərir. Bunun region baxımından ciddi nəticələr doğura biləcəyi barədə narahatlıqlar səsləndirilir.

Beniamin Matevosyan yazır ki, əgər ABŞ şirkətləri dəhlizin idarə olunmasında iştirak edəcəksə, bu, Ermənistanın 102-ci Rusiya hərbi bazasının və rus sərhədçilərinin ölkədən çıxarılmasına səbəb ola bilər.

Politoloq bildirir ki, bu halda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələri faktiki olaraq dayanacaq. Bu isə onun fikrincə, regionda balansın dəyişməsi və Ermənistanın yeni təhlükəsizlik arxitekturasına keçməsi ilə nəticələnə bilər.

Sonda Matevosyan belə bir nəticə çıxarır:

“2001-ci ildən bəri Nikol Paşinyanın bəyan etdiyi müəyyən ideyalar indi praktik mərhələyə keçmək üzrədir və bu prosesin əsas qalibləri Türkiyə və ABŞ ola bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR