İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurdan təhlükəsiz necə keçək? - Sülh müqaviləsindən də vacib məsələ: etimad

5 saat sürən Abu-Dabi danışıqlarında əsas müzakirə mövzularından biri də qarşılıqlı etimad problemi ilə bağlı olub. Prezident İlham Əliyev iki gün öncə Xankəndi Qlobal Forumunda suallara cavab zamanı buna məxsusi diqqət çəkdi. Çıxışının başqa yerində isə o, söylədi ki, hazırda Qarabağı Azərbaycanın tərkib hissəsi sayan Ermənistanın mövqeyi məqbuldur, amma necə əmin ola bilərik ki, indiki mövqe dəyişməyəcək?

Əgər bu, bizim tanıdığımız bədnam qonşudursa, əlbəttə, fürsət düşən kimi dəyişər, hələ o tərəfə də keçər. Yada salın, ötən ay İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı Nikol Paşinyan belə bir cümlə işlətmişdi: “Biz 44 günlük müharibə nəticəsində vətənin bir hissəsini itirdik, lakin daha suveren və daha müstəqil dövlət əldə etdik”.

Bunu dəfələrlə “Qarabağ Azərbaycandır” deyən, ötən həftə hətta “kaş ki, Azərbaycanın ərazi bütövlüyünü daha tez tanıyaydıq” deyə bəyan edən Paşinyan söyləyir. Amma qanuni və tarixi ərazimizi – Qarabağı hələ də “ermənilərin vətəni” sayır. Nonsens?

Həm hə, həm də yox. “Yox” ona görə ki, yenə keçən həftə Ermənistan parlamentinin sədri, ölkənin üçüncü şəxsi Alen Simonyan Belçika Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul elədiyi qərəzli qətnaməni alqışlamış, ona səs verən deputatlara təşəkkür eləmişdi. Həmin sənəddə isə Bakı “artsaxa hücumda” ittiham olunur, məhkəməsi gedən cinayətkar ermənilərin qeyd-şərtsiz buraxılması tələb edilir, Azərbaycan az qala hərbi cinayətlərdə ittiham olunur...

Sözü ona gətiririk ki, quru vədlər üzərində etimad quruculuğu olmur. O, hər iki tərəfin səyləri ilə və ən əvvəl ümumbəşəri dəyələrdən qaynaqlanan qarşılıqlı hörmətə əsaslanır. Bu isə beynəlxalq hüquqa hörmətdən keçir. Yəni kapitulyant tərəf öz konstitusiyasından ərazi iddiası ilə bağlı istinadı çıxarmayınca bizim ona qarşı şübhə və etimadsızlığımız yerində qalacaq - sülh sənədi hansısa şəkildə paraflansa və ya imzalansa belə!

Əsas olan həmçinin erməni xəstə təfəkkürünün müsbətə dəyişməsi, türkə nifrətin öz aktuallığını itirməsidir. Çünki qonşusu ilə dinc-yanaşı yaşamaq istəyən bir subyekt bu istəyində səmimidirsə, qoltuğunda daş, cibində bıçaq gəzdirməz. Odur ki, Prezidentin vurğuladığı kimi, Paşinyan hökuməti qoy “ev tapşırıqları” ilə ciddi məşğul olsun...

Yeri gəlmişkən, İlham Əliyev çıxışının digər yerində ibrətamiz bir faktı yada saldı. Hələ dinc sovet dövründə, “Azərbaycanla Hayastan qardaş olan” zamanlarda Bakı-Naxçıvan qatarı Ermənistan ərazisində daşa basılırdı. İndi təsəvvür edin, iki Qarabağ müharibəsindən sonra, erməni toplumunda Türkə aşırı nifrətin qaldığı hazırkı dönəmdə daha betərinin yaşanmayacağına kim zəmanət verəcək?

O səbəbə dövlət başçısı haqlı olaraq vurğuladı ki, biz öz vətəndaşlarımızın həyatını riskə ata bilmərik. Müxtəsəri, Azərbaycandan Azərbaycana yol və ya dəhliz maneəsiz olmalı, vətəndaşlarımız erməni sərhədçisini görməməli, yolun təhlükəsizliyi isə beynəlxalq zəmanət altına alınmalıdır. Bu, öz ərazilərindən haqsız yerə ayrı salınmış bir xalqın ən azından tarixdən qaynaqlanan mənəvi haqqıdır.

Bəllidir ki, Naxçıvanı materik hissəyə birləşdirən Qərbi Zəngəzur 1920-ci ilin noyabrında məhz bolşevik Rusiyası tərəfindən zorla, Azərbaycan xalqının iradəsi əleyhinə qoparılaraq Ermənistan adlı süni dövlətə birləşdirilib. Doğrudur, Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Amma beynəlxalq hüquqda anklavla maneəsiz əlaqə haqqı da əksini tapıb. İrəvan zəhmət çəksin, bu hüquqa da sayğılı olsun. “Nala-mıxa vurmağı” dayandırıb sülh müqaviləsi önündəki axırıncı əngəlləri qaldırsın. Bəlkə ondan sonra qarşılıqlı etimad mexanizminin işə düşməsindən danışmaq mümkün oldu...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR