Onlayn ictimai-siyasi qəzet
Xalq artisti: “O, tirpaşlıq edəndə deyirəm bax, çəkdiyin budur, get, sənətini dəyiş!”
Bu günlər haqqında ən çox danışılan mövzulardan biri də kinodur. Xüsusilə də müasir Azərbaycan kinosunun durumu, sovet dövründə kino tariximizə əbədi həkk olunmuş filmlərin davamının çəkilməməsi ilə bağlı narahatlıqlar, eyni zamanda Vətən müharibəsində qazandığımız zəfərimizi özündə əks etdirən filmlərin ərsəyə gətirilməsi arzusunun ürəyimizdə qalması mütəxəssislərə ünvanlanan suallar arasındadır.
Xalq artisti (2018), Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü (2021), kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov Musavat.com-a və TV Musavat-a müsahibəsində kinomuzun hazırki durumu ilə əlaqədar narahatlığını bölüşməklə yanaşı, çox böyük hədəflərinin olduğunu da açıqlayıb. Kinorejissor kino nümunələrini ərsəyə gətirən prodakşnları bir çətir altında birləşdirmək istəyir, hesab edir ki, bu, baş verərsə, həm kino çəkənlər, həm də ümumilikdə tamaşaçı qazanar, səviyyəli filmləri ərsəyə gətirmək mümkün olar.
Şeyx Əbdül zamanında mərhum prezident Heydər Əliyevin ölməz filmlərin yaranmasında xüsusi xidmətinin olduğunu, şəxsən onun irəli sürdüyü ideyaları dəstəklədiyini də xüsusi vurğulayıb. Şah İsmayıl Xətai və Ağa Məhəmməd Şah Qacara həsr olunan iki filmin çəkilməsinin ən yüksək səviyyədə təsdiqləndiyini deyən Şeyx Əbdül Mahmudbəyov bu tarixi şəxsiyyətlərlə bağlı filmlərin ərsəyə gətirilməsinə Heydər Əliyevin xeyir-dua verdiyini də xatırladıb. “Nəsimi” filminin də, “Yeddi oğul istərəm”i də o çəkdirib, arxasında Heydər Əliyev dayanıb”,- deyə kinorejissor bildirib. Eyni zamanda qeyd edib ki, bu gün artıq işdən çıxdıqları üçün adlarını çəkmək istəmədiyi üç nəfər onu filmlərlə bağlı qarşısına qoyduğu vəzifələri icra etməyə nəinki imkan verməyiblər, hətta onu həbs etdirmək istəyiblər, üstəlik, televiziyadakı müəllif verilişini bağlatdırıblar.
Xatirələrini bölüşən sənətkar sovet dövrünün məhsulu olan Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının əsasında, Tofiq Tağızadənin rejissorluğu ilə çəkilmiş “7 oğul istərəm”in davamının – müstəqil Azərbaycan vətəndaşı və rejissor-aktyoru olaraq çəkilməsini müşkül sayıb. Bildirib ki, “7 oğul”dan iki nəfər sağdır – özü (“Qasım”) və Xalq artisti Rafiq Əzimov (Şahsuvar) . Amma o, mükəmməl sənət nümunəsinin davamının çəkilməsi, “komsomol”ların müstəqil dövlətimizdəki həyatından bəhs edən ssenarini film dilinə çevirmək mümkünsüzdür. Şeyx Əbdül 80 illik yubileyinin səssiz-səmirsiz keçməsindən, gözlədiyi diqqətin olmamasından da gileylənib...
Kinorejissorla videomüsahibəni təqdim edirik:
Elşad Paşasoy,
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ