İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı açıqladı: Rusiya Cənubi Qafqazda buna hazırlaşır 

Hesabatda Kremlin siyasi manipulyasiya və təbliğat yolu ilə keçmiş sovet respublikalarına nəzarəti gücləndirmək səylərindən narahatlıq ifadə olunur - Azərbaycanla bağlı məsələ...  

ABŞ Hərbi Kəşfiyyat Agentliyi yeni hazırladığı hesabatda Rusiyanın Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını bildirib. Hesabatda bildirilir ki, Rusiya Gürcüstanı öz təsir dairəsinə qaytarıb. Agentlik qeyd edir ki, “Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumət xüsusilə ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verib.

Hesabatda bildirilir ki, keçən il Rusiya-Ermənistan münasibətləri pisləşib. Buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələməsi olub. Rusiya isə buna cavab olaraq Ermənistanın demokratiyasını və daha qərbyönlü rəhbərliyini nüfuzdan salmaq məqsədilə informasiya əməliyyatlarından istifadə edib. Rusiya Ermənistanın qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib. ABŞ hərbi kəşfiyyatı Rusiyanın siyasi manipulyasiya və təbliğat yolu ilə keçmiş sovet respublikalarına nəzarəti gücləndirmək səylərindən narahatlığını vurğulayır. 

ABŞ hərbi kəşfiyyatının hesabatında həmçinin qeyd olunur ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) vasitəsilə regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq sazişlərindən istifadə edir. Azərbaycanla bağlı xüsusi açıqlama olmasa da, şübhəsiz ki, Rusiyanın ölkəmizə də təzyiqləri var və bu son gərginliklərdən sonra özünü göstərir.

resad.jpg (16 KB)

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrində təsir imkanlarını qoruyub saxlamaq və ya itirilmiş mövqelərini bərpa etmək üçün davamlı olaraq fəaliyyət həyata keçirdiyi ortadadır: “SSRİ-nin dağılmasının böyük səhv olduğunu deyən Putin hakimiyyətinin bütün imkanlarla postsovet məkanında Rusiyanın dominantlığını bərpa etmək istəyi özünü qabarıq şəkildə zaman-zaman ayrı-ayrı ölkələrə qarşı siyasi və iqtisadi təsir imkanlarından istifadə etməkdə göstərir.

Gürcüstan üzərində tam nəzarət həyata keçirə bilməsə də, amma ən azından Qərbin rəsmi Tiflisə təsir imkanlarını zəiflətməyə müvəffəq olan Rusiya üçün Cənubi Qafqazın digər iki ölkəsi ilə bağlı da bu və ya digər planlarının olduğu ortadadır. Ermənistanın böyük ölçüdə Rusiyadan istər müdafiə, istər enerji təhlükəsizliyi, istərsə də iqtisadi sahədə maksimum asılılığı, eləcə də Ermənistanda Rusiyanın “beşinci kolon”u qismində çıxış edən müxalifətin mövcudluğu və ən əsası da Ermənistanda Rusiya hərbi bazasının olması Rusiyaya Ermənistana daha çox təsir etmək üçün əlavə imkanlar verir. Rusiyanın hələ tam olaraq bu təsir rıçaqlarından istifadə etməsə də, zaman-zaman Ermənistanı öz orbitinə qaytarmaq üçün müvafiq addımlar atdığına da şahidlik edirik. Ermənistanın hələ də rəsmi olaraq KTMT üzvü olaraq qalması, Lavrovun son səfərindən sonra Ermənistan rəhbərliyi tərəfindən Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmayacağına dair verilən bəyanatlar da Ermənistana olan təzyiqlərin nəticəsidir. Azərbaycanla bağlı isə vəziyyət fərqlidir. Bizim Ermənistandan fərqli olaraq Rusiyadan hər hansı siyasi-iqtisadi asılılığımız yoxdur. Ölkədə Rusiyanın “beşinci kolon”u qismində çıxış edən qüvvələr demək olar ki, sıradan çıxarılıb və ən əsası da ərazilərimizdə Rusiya hərbi kontingenti mövcud deyil. İndiyə qədər Rusiyanın təzyiq vasitəsi olaraq istifadə etdiyi separatçı rejim və Qarabağ konflikti də yoxdur. Üstəgəl, Azərbaycan regionda kifayət qədər möhkəmlənmiş Türkiyə kimi müttəfiqə malikdir.

Orta Asiyaya gəldikdə isə Rusiyanın həmin regionla bağlı dominantlığı əsasən iqtisadi asılılıqla bağlıdır. Daha konkret desək, öz təbii sərvətlərini uzun illər ərzində ancaq Rusiya və Çin vasitəsilə bazarlara çıxaran Orta Asiya ölkələri məcburi şəkildə Rusiyanın bu və ya digər şəkildə dominantlığını qəbul etmək zorunda olublar. Amma Türk Dövlətləri Təşkilatında üzvlük, xüsusilə də enerji resurslarının yeni bazarlara çıxarılması üçün həyata keçirilən fəaliyyət, Avropa İttifaqı ilə bu istiqamətdə imzalanmış sazişlər zamanla həmin ölkələrə də Rusiyanın təsir imkanlarını zəiflədəcək. Nəticə etibarilə deyə bilərik ki, bütün çabalara baxmayaraq Rusiyanın postsovet məkanında öz dominant mövqeyini qoruyub saxlamaq üçün həyata keçirdiyi fəaliyyət iflasa məhkumdur".

SONA SON.jpg (56 KB)

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Rusiya son bir ildə hər üç Cənubi Qafqaz ölkəsində özünün diktə siyasətini pik həddə çatdırmağa səy göstərib: “Azərbaycanın internet resurslarına kütləvi haker hücumlarında da Kremlin barmağı var idi. Üstəlik, AZAL-a məxsus sərnişin təyyarəsi vurulandan sonra da Rusiya Azərbaycandan rəsmi şəkildə üzr istəmədi. Çeçenistanın üzr istəməsi və təzminat ödəmək üçün müraciəti ilə kifayətləndi. Ancaq bu mümkün olmadı, Bakı Moskva qarşısında dirəniş göstərdi. Üzr tələb etdi. Biz Cənubi Qafqaz ölkələri arasında müstəqil xarici siyasət yürüdən yeganə ölkəyik. Buna baxmayaraq,  Rusiya Azərbaycana qarşı da zaman-zaman əzələ nümayiş etdirməyə çalışır. Zəngəzur dəhlizinin açılmasında və Ermənistanla sülh sazişinin imzalanmasında da əsas təzyiq məhz Kremldəndir. Kreml Zəngəzur dəhlizi kartından istifadə edərək Bakı və İrəvana təzyiqlər göstərməyə çalışır. Ancaq bu məsələdə Azərbaycanla Rusiya arasında hər hansı ciddi gərginlik yoxdur. Yəni dəhlizin açılması daha çox Rusiya-Ermənistan məsələsidir. Moskva Bakını itirdiyini artıq qəbul edir. Digər iki Güney Qafqaz ölkəsini əlində saxlamağa çalışır. Gürcüstan demək olar ki, ram olunub. Tamamilə "şimal ayı"sının caynağına keçib. Hətta “Gürcü Arzusu” Partiyasının sədri Bdzina İvanişvili ABŞ-ın Gürcüstandakı səfirinin görüş təklifini geri çevirdi. Qərblə Gürcüstan arasındakı bütün diplomatik kanallar tıxanmış vəziyyətdədir. Qərb hələ ki Gürcüstanı tam şəkildə itirmədiyini güman edir. Amma Saakaşvilini sahibsiz buraxdıqdan sonra Gürcüstanda Qərbə inam azaldı. Bununla da sadə gürcülər “rus qorxusuna” yenilərək “Qərbə qovuşmaq” arzularından bir dəfəlik üz çevirdilər. Ermənistanda isə Rusiya və Qərb qarşıdurması tamam başqa səviyyədədir. Rusiyameyilli müxalifət artıq Paşinyan tərəfindən demək olar ki, bloklanıb. Onların rıçaqları iflic vəziyyətinə salınıb. Ancaq Rusiya “102-ci baza kartı”nı hələ də son gediş kimi əlində möhkəm sıxıb. Əgər Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyan Kreml rəhbərliyi ilə dil tapmasa, o zaman onun fiziki məhvi və ya devrilməsi gündəmə gələcək. Vaşinqton isə İrəvanda hələ ki, üstün tərəf kimi görünür. ABŞ-ın dünyadakı ən böyük səfirliyi Ermənistandadır. Üstəlik, yenicə imzalanmış xartiya da İrəvanın təhlükəsizlik ümididir. Əgər ABŞ Ermənistan üzərindən İrana qarşı bu və ya digər formada həmlələr edərsə, o zaman Moskva Tehranla birlikdə Qərbi Ermənistandan birdəfəlik sıxışdırıb çıxarmaq üçün hərəkətə keçəcək. Ona görə də ABŞ diplomatiyası hələ ki Ermənistanla bağlı məsələlərdə su üstündə yeriyir. Yəni ehtiyatlı addımlar atmağa çalışır. Kreml isə yaxın on il ərzində Azərbaycana, Gürcüstana ordu ilə qayıtmağı düşünür. Bu, Moskvanın imperialist planlarının tərkib hissəsidir.  Çünki Kreml Xankəndidən səssiz çıxmasını həzm edə bilmir. Amma indiki mərhələdə Ukrayna-Rusiya savaşı buna əsas maneədir. Gedişat onu göstərir ki, Ukrayna cəbhəsi rusların əl-ayağını hələ uzun müddət bağlı saxlayacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR