İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresində yenə “erməni dosyesi”

“Qarabağ ermənilərinin geridönüşü” məsələsinin müzakirəyə çıxarılması təxribat xarakteri daşıyır

İsveçrə parlamentariləri Erix Fontobelle və Lukas Reimann ABŞ Konqresinin üzvlərinə və əməkdaşlarına “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz vətənlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək” üçün davam edən səylər barədə məlumat verəcək.

Bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb. ABŞ Konqresində isveçrəli deputatların brifinqi nəzərdə tutulub.

Brifinqdə Ermənistanın keçmiş xarici işlər naziri və üzdəniraq “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsinin sədri” Vardan Oskanyan və Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybner də iştirak edəcək. Oskanyan yerli mediaya müsahibəsində yenə də öz arzusunu reallıq kimi qələmə verməyə çalışaraq iddia edib ki, guya “artsax” mövzusu beynəlxalq birlik üçün qapanmayıb.

Belə görünür ki, erməni lobbisi bütün vasitələrlə sözügedən məsələni ABŞ Konqresinin gündəliyinə çıxarmaq istəyir.  “Kapitoliya təpəsində keçirilən bu forum ermənilərin "artsax"a qayıtması hüququ ilə bağlı beynəlxalq əməkdaşlığı yeni səviyyəyə qaldırır. Biz İsveçrənin prinsipial rəhbərliyini yüksək qiymətləndiririk və bu təşəbbüsü dəstəklədiyi üçün səmimi minnətdarıq”, - ANCA-nın icraçı direktoru Aram Hamparian bildirib.

Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda saxlanılıb və  deport edilir

 Azər Badamov

Deputat Azər Badamov “Yeni Müsavat”da məsələyə geniş şərh verdi: “Geosiyasi və beynəlxalq düzənin kövrək, bir o qədər də yeni dəyişikliklərə hazırlanan dönəmində hər bir tərəf proseslərdən maksimum divident əldə etməyə çalışır. Bu, xüsusilə özünü istər Rusiyanın Cənubi Qafqaz siyasətində, istərsə də Ermənistanda keçirilməsi gözlənilən seçkilər ərəfəsində daha qabarıq formada büruzə verir. Digər yandan, Qərbi, orada kök salan erməni diasporunu da unutmalı deyilik. Məlum məsələdir ki, diasporanın baş nazir Nikol Paşinyanla nəinki ciddi problemləri, fundamental yanaşma fərqləri də mövcuddur. Ermənistan-İsveç münasibətlərinə gəldikdə isə bu, öz xarakteristikasına görə nə qədər fərqlənirsə, son baş verən proseslər zəncirvari şəkildə bir-birinə bağlıdır”.

Deputat onu da qeyd etdi ki, Azərbaycan və onun kimi beynəlxalq hüquqa hörmətli yanaşan proqressiv heç bir ölkənin siyasi leksikonunda “Dağlıq Qarabağ” məfhumu mövcud deyil: “Baş verən proseslərdən yararlanmağa çalışan, xüsusilə seçkiqabağı yenidən aktivlik göstərən erməni lobbisi hər vəchlə bu cür məsələləri ABŞ Konqresinin gündəliyinə gətirməyə çalışır. Guya "artsax" mövzusunun beynəlxalq birlik üçün bağlanmadığını iddia edən qüvvələr ilk olaraq onu dərk etməlidirlər ki, indiyə qədər heç bir beynəlxalq sənəddə bu ifadə mövcud deyil. Heç Dağlıq Qarabağ ifadəsinin özü belə yoxdur daha. Azərbaycan öz daxili məsələsi kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı. Ermənistan da, diaspora da, Qərb havadarları da gözəl anlayırdılar ki, ikinci məfhum Qərbi Azərbaycan İcmasının açılan yolu idi.

Hər nə qədər ANCA-nın icraçı direktoru Aram Hamparian bildirsə də ki, Kapitoliya təpəsində keçirilən bu forum ermənilərin "artsax"a qayıtması hüququ ilə bağlı beynəlxalq əməkdaşlığı yeni səviyyəyə qaldırır, bundan əvvəl məhz həmin şəxs ermənilərin bəh-bəhlə təqdim etdikləri Bayden administrasiyası ilə Ermənistan arasında imzalanan “strateji saziş”i boş və mənasız bir kağız parçası adlandırmışdı. Aram Hamparian Bayden administrasiyasının sözügedən sənədlə atdığı addıma “vida hədiyyəsi” adı vermişdi. Düşünürəm ki, bu addımlar da fəaliyyəti başa çatan İsveç səfirinin və onunla eyni cinahda təmsil olunan ətrafının uzun zamandan bəri hazırlanan, məhz Xankəndidə səsi kəsilən Ermənistana qutusu boş hədiyyəsidir.

ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan faydalı əməkdaşlıq addımları atır. Buna zərbə vurmaq istiqamətində hərtərəfli cəhdlərin şahidiyik. Bir ara ABŞ Azərbaycan aviaşirkətlərinə maliyyə ayıranda da lobbi bunu “silah daşımaq” adı altında təqdim edərək təşvişə qapılmışdı. Azərbaycanla real addımlar atılır, qarşılıqlı faydalı əməkdaşlıqlar icra edilir. Buna görə də lobbi belə kağız parçalarını gözə üfürür. Ciddi korrektə edək ki, ermənilərin öz vətənlərinə deyil, Azərbaycanın daxilində yaşayan çoxsaylı xalqlar kimi Azərbaycana qayıtması, yaşaması məsələsi yalnız Qərbi Azərbaycan icmasının öz dədə-baba yurdlarına qayıtması ilə paralellik təşkil edə bilər. Bu istiqamətdə lobbinin isterikasının heç bir nəticəsi olmayacaq. Ermənilərin boş xəyalları reallıq deyil və beynəlxalq gündəlikdə də reallıq kimi qəbul olunmur".

Zelenskini Bakıya zənginə görə hədəf aldılar

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu addımın sadəcə mümkün sülhə əngəl yaratdığını qeyd etdi: “Xüsusilə sülh danışıqlarının aktivləşdiyi dövrdə revanşist qüvvələrin də aktivləşməsi heç təsadüfi deyil. Məhz sülh müqaviləsi bəndlərinin tam razılaşdırıldığı günlərdə yaşanan sərhəd təxribatlarını xatırlaya bilərik.

Ermənistan parlamentinin bir sıra nümayəndələri, komitə, keçmiş separatçı rejimin qalıntıları və revanşist ermənilərin ideyalarının təməl daşıyıcısı olan Daşnaksütyun partiyasının dünyaya yayılan mərkəzi ofisləri (Hay Dat) arasında koordinasiyalı fəaliyyət mövcuddur. Sülh müqaviləsində razılaşdırılan “məhkəmə iddialarından qarşılıqlı şəkildə imtina edilməsi” bəndi üzrə Qarabağ erməniləri və revanşist dairələrdə narazılıqlar hökm sürür. Onlar bu istiqamətdə xeyli zəhmət çəkərək, hətta ABŞ Konqresinə 5 sentyabr 2024-cü il tarixində “Artsaxın gəlirlərinin bərpası Aktı”nı təqdim etmişdilər. Bu akt Qarabağ ermənilərinin kompensasiya hüququnu nəzərdə tutur. Təbii olaraq, Ermənistan deportasiyaya məruz qoyduğu azərbaycanlılara vaxtilə kompensasiya ödəmədiyi kimi, Azərbaycan da Qarabağ ermənilərinin itirilmiş mülklərinə görə kompensasiya ödəməyəcək. Çünki vaxtilə onlara “Azərbaycan vətəndaşlığını qəbul edin və burada qalın!” çağırışı edilib, lakin onlar öz istəkləri ilə Qarabağı tərk etdilər. Bunun fonunda qlobal erməni şəbəkəsi Qarabağın keçmiş erməni sakinlərinin geri dönüşünü təmin etmək üçün qlobal kampaniya başladıb.

Keçmiş qondarma rejimin “parlamenti” (yəni Ermənistandakı nümayəndələr) adından neytral ölkə olan İsveçrə hökumətinə müraciət olunaraq Qarabağ ermənilərinin geri qayıtması məsələsinin beynəlxalq müzakirəsinin təşkil edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Bu məqsədlə 13 mart 2025-ci il tarixində İsveçrənin Ermənistandakı səfirliyi önündə aksiya keçirilib. İsveçrə parlamentində bu barədə müzakirə 18 martda keçirilib və görünür ki, müsbət nəticə əldə edilib. Çünki İsveçrə Benilüks formatı ilə əməkdaşlıq edən ölkə kimi Fransanın təsiri altındadır və erməni məsələsində Fransanın təlqinlərinin burada keçərli olduğu ehtimal edilə bilər. Aydın olduğu kimi, Azərbaycan və Ermənistan arasında nə zaman sülh gündəmi inkişaf etsə, dərhal qlobal erməni şəbəkəsi, revanşist qüvvələr və onların hamiləri, o cümlədən Fransa və onun birbaşa təsiri altında olan ölkələrin əli ilə, siyasi gündəm dəyişdirilməyə çalışılıb. Ona görə isveçrəli deputatların əli ilə ABŞ Konqresində “Qarabağ ermənilərinin geridönüşü” məsələsinin müzakirəyə çıxarılması, sadəcə olaraq, mümkün sülhə zərər vurma və təxribat xarakteri daşıyır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR