Onlayn ictimai-siyasi qəzet
Federal Apellyasiya Məhkəməsi ABŞ Prezidenti Donald Trampın tarif qərarlarının icrasının dayandırılmasına dair Beynəlxalq Ticarət Federal Məhkəməsinin qərarını ləğv edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qərara əsasən tariflər Ağ Ev administrasiyası etirazını hazırlayıb təqdim edənə qədər qüvvədə olmalıdır.
Xəbər verdiyimiz kimi, ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın qlobal tariflərinin qeyri-qanuni olduğuna qərar verib. Üç hakimdən ibarət qrup Trampın idxal rüsumlarını əsaslandırmaq üçün fövqəladə vəziyyət qanununu düzgün tətbiq etmədiyi qərarına gəlib. Elə həmin gün Ədliyyə Nazirliyi apellyasiya məhkəməsindən Tramp administrasiyası rəsmi müraciət hazırladığına görə qərarın icrasının dayandırılmasını istəyib.
Bildirilir ki, administrasiya bu gün Ali Məhkəməyə müraciət edəcək.
Donald Tramp hesab edir ki, onun administrasiyası tərəfindən tətbiq edilən idxal rüsumlarının məhkəmə yolu ilə ləğvi dövlət başçısının səlahiyyətlərinə xələl gətirəcək. O, Truth hesabında ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsinin qərarını “səhv və dərin siyasiləşmiş” adlandıraraq, hakimləri sərt tənqid edib: "Necə ola bilər ki, onlar ABŞ-yə potensial olaraq belə zərər verə bilərlər?" Və əlavə edib ki, onun fikrincə, hakimlər “həmişə ölkənin ən yaxşı maraqlarına uyğun hərəkət etməlidirlər”: "Ümid edirəm ki, Ali Məhkəmə ölkəmiz üçün bu dəhşətli, təhdidedici hökmü tez və qətiyyətlə ləğv edəcək".
Onun sözlərinə görə, Beynəlxalq Ticarət üzrə Federal Məhkəmənin israr etdiyi tarif qərarını ABŞ Konqresində koordinasiya etmək məcburiyyətində qalması “yüzlərlə siyasətçinin Vaşinqtonda həftələrlə, hətta aylarla müzakirələr aparması” demək olardı: "Əgər bu qərar qüvvədə qalarsa, bu, prezidentin səlahiyyətlərini sarsıdacaq - prezidentlik ofisi heç vaxt əvvəlki kimi olmayacaq", - deyən Tramp bunun ABŞ tarixində "ən ağır maliyyə qərarı" olacağını qeyd edib.
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib ki, tariflər Amerika iqtisadiyyatına ən azı 50 milyard dollar gəlir gətirib: "Tariflər tətbiq olunandan bəri biz 50-60 milyard dollar tarif gəliri əldə etmişik. Hər şey tam gözlədiyimiz kimi işləyir və bugünkü qərardan (apellyasiya məhkəməsinin tariflərin bərpasına dair) çox məmnunuq".
Hassett əmindir ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Trampın tarif siyasətinin həyata keçirilməsini əngəlləməklə, digər ölkələrlə “ticarət razılaşmalarının qarşısını almağa çalışıb”: "Sövdələşmələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya məhkəməsi bizə daha çox vaxt verdi və bu o deməkdir ki, bizim bu sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq".
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ