Onlayn ictimai-siyasi qəzet
Rusiya dronları müntəzəm olaraq Ukraynanın dinc sakinlərinə hücum edir, bu zərbələr insan tələfatına, yaralanmalara və genişmiqyaslı dağıntılara səbəb olur.
Musavat.com xəbər verir ki, bu barədə məlumat BMT Baş Assambleyasının sosial, humanitar və mədəni məsələlər üzrə ixtisaslaşmış Üçüncü Komitəsinə təqdim edilən Ukraynada baş verən hadisələrin araşdırılması üzrə Komissiyanın hesabatında yer alıb.
Hesabat müəlliflərinin qeyd etdiyinə görə, bu hücumlar sistemli və koordinasiyalı şəkildə həyata keçirilir. Onların əsas hədəfi insanlar, yaşayış evləri, humanitar yardım paylama məntəqələri, eləcə də beynəlxalq humanitar hüquqa əsasən xüsusi statusa malik olan təcili tibbi yardım briqadaları və yanğınsöndürənlərdir.
Komissiya bildirir ki, Rusiya hərbçilərinin hərəkətləri bəşəriyyətə qarşı iki növ cinayət təşkil edir:
- qətllər və əhalinin zorla köçürülməsi,
- həmçinin Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərdən mülki şəxslərin deportasiyası və köçürülməsi.
Bu proseslər zamanı bəzi deportasiya olunmuş və köçürülmüş şəxslərin işgəncəyə məruz qalması və insan hüquqlarının kobud şəkildə pozulması halları da qeydə alınıb.
Bu nəticələr təxminən 500 ictimai videomaterialın təhlili, onların 247-nin çəkildiyi yer üzrə texniki yoxlanması və 226 ukraynalı şahidlə aparılmış müsahibələr əsasında hazırlanıb.
Komissiya həmçinin Rusiyanın Ukrayna silahlı qüvvələrinin dron hücumları nəticəsində guya işğal olunmuş ərazilərdəki mülki obyektlərin vurulması barədə iddialarını da nəzərdən keçirib. Lakin əraziyə girişin məhdudluğu, şahidlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Rusiya hakimiyyətinin cavab verməməsi səbəbindən bu istiqamətdə dəqiq nəticələrə gəlmək mümkün olmayıb.
Musavat.com
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ