Onlayn ictimai-siyasi qəzet
Ukraynanın ilk prezidenti Leonid Kravçukun Rusiya haqqında dediyi məşhur ifadəni (“Rusiyanın dostları yoxdur, ya düşmənləri var, ya da nökərləri”) ABŞ-nin üzərinə proyeksiya etsək, gərək bu şəkilə salaq: “ABŞ-nin düşmənləri də var, müttəfiqləri də, əlaltıları da”.
Hər halda, Trampa qədər beləydi. ABŞ dünyanın kiçik, kasıb, yeni dövlətlərinə öz “əlaltıları” kimi yanaşırdısa, eyni tövrlə Avropanın köklü dövlətlərinə yanaşa bilmirdi və onlarla müttəfiqlik münasibəti saxlayırdı.
Məsələn, Böyük Britaniya, Almaniya, Fransa, İsrail, İtaliya, Yaponiya, Niderland, İsveçrə, Avstraliya, Yeni Zelandiya, Kanada, Braziliya kimi dövlətlər özlərinə “ABŞ-nin əlaltısı” rolunu rəva görmürlər. Səudiyyə Ərəbistanı, Misir, Çili, Pakistan, Cənubi Koreya və başqaları isə ABŞ ilə üzdə müttəfiq olsalar da, Vaşinqtonun onlara münasibəti fərqlidir. Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə də o sıradaydı. Ancaq Ərdoğan ölkəsinə başqa yanaşma tələb etdi, ona görə də Ağ Evlə münasibəti pisləşdi.
Bir də ABŞ-nin qatı düşmənləri vardı və var. Bunlar da aşağıdakılardır: Çin, Rusiya, İran, Kuba, Venesuela və Şimali Koreya. 10-15 il öncəyə qədər bu sırada Liviya və Suriya da vardı. Bu dövlətlərin başçıları ABŞ-yə meydan oxuyurdular. Liviya lideri Müəmmər Qəzzafi hətta BMT Təhlükəsizlik Assambleyasının sessiyasında ABŞ prezidenti Corc Buşdan sonra tribunada çıxış edərkən, burnunu pis iy hiss edən adamlar kimi qırışdırmış və demişdi: “Buradan şeytan iyi gəlir”.
O zamanlar ABŞ də öz düşmənlərini “şeytan” adlandırır, Liviyanı, İranı və Şimali Koreyanı “şər oxu” elan edirdi. Vaşinqton bu ölkələri öz təhlükəsizliyinə təhdid sayırdı.
Liviyanın taleyini bilirsiniz. O ölkədə inqilab oldu, vətəndaş müharibəsi başlandı, Qəzzafi devrildi və biabırcasına linç edilərək öldürüldü.
Suriya lideri Bəşər Əsəd uzun müddət dirəşdi, ölkəsi 5 yerə parçalansa da, paytaxtı əlində saxladı, qanlı qırğın nəticəsində yüz minlərlə insan öldü, milyonlarla suriyalı dünyaya səpələndi, axır ki, Rusiya və İranın dəstəklədiyi Əsəd də devrildi və Rusiyaya sığınası oldu.
Rusiya 3 il 4 aydır Ukraynada bataqlığa saplanmış durumdadır, artıq onun paytaxtı, iri, hətta ucqar şəhərləri də bombardmana məruz qalır.
46 ildir ABŞ ilə düşmənçilik münasibətində olan İranın başının üstünü son günlərdə qara buludlar alıb və bu qara buludlar təbiət hadisəsi deyil, vurulan neft-qaz terminallarının, santralların qara tüstüsünün buludlarıdır. Hələ ABŞ vaxtaşırı olaraq bu ölkəyə sarsıdıcı zərbələr endirmək vədi səsləndirir. O da baş versə, ABŞ qatı düşmənlərindən birini də sıradan çıxaracaq.
Venesuela mərhum prezident Uqo Çavesin vaxtından ABŞ ilə açıq düşmənçilik aparan dövlətlərin sırasına qoşulmuşdu. Onun vəfatından sonra estafeti Çavesin silahdaşı Nikolas Maduro alıb. Neft ölkəsi olan, hər gün milyonlarla dollar qazanan Venesuela ABŞ ilə düşmənçilik üzündən böyük iqtisadi sıxıntılar içindədir və adı artıq “neft ölkəsi” kimi yox, “generalların başçılıq etdiyi narkomafiyaların ölkəsi” kimi anılır. ABŞ Venesuelanı ram etmək üçün fürsət gözləyir. Yaxın illərdə daxili qarışan ölkələrdən biri də Venesuela olacaq. Karakasın qara qışı qabaqdadır.
Fidel Kastronun vəfatından, Raul Kastronun isə hakimiyyətdən çəkilməsindən sonra ABŞ-nin Kubaya münasibəti bir az yumşalmış kimidir. Ancaq Vaşinqton bu ölkədəki siyasi rejimi hələ də düşmən sayır və o, dəyişməyincə Kuba ilə ABŞ-nin münasibəti 1959-cu ildən əvvəlki dövrdəki halına qayıtmayacaq. Havana ABŞ-nin “əlaltısı” roluna dönməyincə düşmənçilik davam edəcək.
Şimali Koreya ABŞ-yə baş dikəldənlərdən biri olsa da, Tramp administrasiyası hələ 2016-2020-ci illərdə Pxenyanla “pisim-pişim”lə davranmağa üstünlük verib. Bunun səbəbi hələ doğru-dürüst məlum deyil. Necə olur ki, o biri düşmənlərlə sərt davranan, onların rəhbərləri ilə dialoqa getməyən ABŞ lideri Kim Çen Inla şəxsən görüşür, anlaşmağa çalışır? Bu işdə bir iş var.
Çin isə hazırda ABŞ-nin baş düşmənidir. Fəqət Çin Suriya və Liviya, heç İran da deyil. Vaşinqtonda anlayırlar ki, indilikdə Çinə batmaq, ona hücum etmək və qalib gəlmək mümkün olmayacaq. Ona görə də öncə Çin taqətdən salınmalıdır, kasıblaşdırılmalıdır, daxilində xaos yaranmalıdır, bəlkə ondan sonra bu dövləti zərərsizləşdirmək mümkün ola.
Almaniyanın yeni kansleri Merts və Tramp
Trampın prezidentliyinin ikinci dönəmində müttəfiqlərinə münasibətin mənfiyə doğru dəyişdiyi açıq-aşkardır. Tramp onları “əlaltılar” kateqoriyasına keçirmək istəyir. Ukraynaya münasibətdə bu siyasətin işartıları açıq şəkildə büruzə çıxır. Hazırda Ağ Evin Almaniya, Fransa, Kanada, Braziliya, Danimarka kimi dövlətlərlə “məxməri” səciyyə daşıyan intriqasının kökündə bu durur.
Bu gedişlə ABŞ köhnə müttəfiqlərin bəzilərini də “yeni düşmənlər” qrupuna salacaq. Buna namizədlərin içində Fransa, Pakistan, Hindistan, Türkiyə, CAR kimi ölkələr var.
Ancaq “yeni düşmənlər”lə qovğaya başlamazdan öncə hələ müqavimət göstərən “köhnələr”in taleyi həll olunmalıdır.
Araz Altaylı, Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ