İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin Kremlə tam dəstək verməsinin pərdəarxası: ABŞ niyə Rusiyaya növbəti yardıma tələsir

Əgər, Budapeşt görüşü baş tutarsa, bu, Avropada təhlükəsizlik balansının yenidən müəyyən edilməsi prosesinin başlanğıcı olacaq, ABŞ bu qitədəki hərbi yükünü azaltmağa başlayacaq... "Qoca qitə"də Almaniya-Fransa liderlik rəqabəti kəskinləşəcək, Macarıstanla Türkiyə isə "vasitəçi və siyasi-diplomatik körpü" funksiyasını daha da gücləndirəcək və bu dəyişikliklər NATO-nun da gələcək taleyini müəyyənləşdirəcək...

Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, rəsmi Kiyev ABŞ və Qərbin daha intensiv dəstəyinə ümid bəsləyir. Ağ Ev administrasiyası isə Rusiya lideri Vladimir Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra mövqeyini növbəti dəfə dəyişməyə başlayıb. Hətta yaxın vaxtlarda Macarıstanda Tramp-Putin görüşünün keçirilməsinə hazırlıq da aparılır. Və həmin görüş ərəfəsində prezident Donald Tramp bəyan edib ki, Rusiya Ukraynada ələ keçirdiyi əraziləri öz sərhədləri içərisinə daxil edə bilər.

Onu da qeyd etmək lazımdır ki, Qərb mətbuatı hazırda Rusiyanin Ukrayna savaşında artıq tükənmək üzrə olduğunu iddia etməklə, əslində, dolayısı ilə prezident Donald Trampın mövqeyinin yanlış olduğunu qabartmağa çalışır. Belə ki, Böyük Britaniyanın nüfuzlu “The Economist” nəşri Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı yeni analitik hesabat dərc edib. Həmin hesabata görə, əgər, Rusiya ordusu indiki templə hərəkət etsə, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin tam nəzarətə götürülməsi üçün 2030-cu ilin iyununa qədər vaxt sərf etməli olacaq. Və Ukraynanın bütün ərazisini işğal etmək üçün isə Rusiyaya bundan sonra daha 103 il lazımdır.

ezgif.com-gif-maker.jpg (210 KB)

Qərb analitiklərinin bu hesablamaları Kremlin “sürətli qələbə” strategiyasının tam iflasa uğradığını göstərir. Belə ki, yay aylarında bütün cəbhə xətti boyunca genişmiqyaslı hücumlara baxmayaraq, Rusiya ordusunun cəmisi 0,4 faiz ərazi ələ keçirə bildiyi vurğulanır. Bu, minimal torpaq işğalı müqabilində böyük canlı qüvvə itkisini və resursların tükənməsini nəzərə aldıqda, Kreml üçün olduqca bahalı nəticədir. Və Qərb mənbələri iddia edirlər ki, yalnız 2025-ci ilin ilk yarısında Rusiya ordusu 100 min nəfərə yaxın itki verib.

Maraqlıdır ki, Qərb ekspertlərinin qənaətinə görə, bu dinamika Kremlin nə hərbi, nə iqtisadi, nə də siyasi baxımdan, "uzunmüddətli işğal strategiyası"nı reallaşdırmaq imkanının qalmadığını göstərir. Onlar bu prosesi “strategiyanın tükənməsi sindromu” adlandırırlar. Yəni, Rusiya artıq hərbi-strateji məqsədlərinə çatmaq üçün real resurslara malik deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiyanın hərbi büdcəsi ümumi dövlət xərclərinin artıq təxminən 40 faizinə yaxınlaşır. Sosial proqramlar ixtisar olunur, iqtisadiyyat sanksiyaların təsiri ilə daralır, peşəkar ordu ehtiyatları tükənir. Rusiya cəmiyyətində “müharibə yorğunluğu” dərinləşir. Yeni səfərbərlik dalğasının ictimai narazılıq doğuracağı ilə bağlı ehtimal Kremlin manevr imkanlarını məhdudlaşdırır.

Ona görə də, Rusiya indi “səbr strategiyası”ndan “dondurulmuş savaş” modelinə keçməyə çalışır. Yəni cəbhə xəttində status-kvonu qoruyaraq, Qərbi siyasi-iqtisadi güzəştlərə məcbur etmək niyyətindədir. Halbuki, Qərbdə hesab edirlər ki, Rusiya üçün zaman artıq strateji üstünlük deyil, əksinə, bu faktor indi Kremlin ən böyük düşməninə çevrilib.

1746024803_b54843d18eb2d20b56e443bf18697e51-1.jpg (250 KB)

Təbii ki, belə vəziyyətdə qarşı tərəfdən müəyyən güzəştlər qopartmaq ümidini hələ də qorumağa çalışan Kreml bəzi istiqamətlərdə geri çəkilməli olacağını da anlayır. ABŞ-ın “The Washington Post” nəşri isə Rusiya liderinin diplomatik planları barədə maraqlı məlumat yayıb. Nəşrin yazdığına görə, prezident Vladimir Putin son telefon danışığında Ağ Ev sahibi Donald Trampa müharibəni dayandırmaq üçün Donetsk vilayətinin tam Rusiyanın nəzarətinə verilməsini təklif edib. Əvəzində isə o, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinin Ukraynaya qaytarılmasını istisna etmir.

Bu, əslində, Rusiyanın Ukrayna savaşından “minimum itki ilə çıxış strategiyası”dır. Yəni, Kremlin daxili auditoriya qarşısında “qələbə obrazı”nı qoruyub saxlamaq və beynəlxalq arenada “sülh təşəbbüskarı” kimi görünmək cəhdidir. Siyasi-diplomatik məntiq baxımından, bu təklif savaş poliqonundakı zəifliyin siyasi kompensasiyası kimi də qiymətləndirilə bilər. Çünki Kreml artıq yaxşı anlayır ki, Ukraynanın tam işğalı qətiyyən mümkün deyil. Və ona görə də Donbasın “müqəddəs torpaq” kimi saxlanılması Kremlin Rusiya daxilində siyasi-psixoloji legitimlik xəttinə çevrilib.

Bəzi məlumata görə, Tramp-Putin görüşünün məhz Macarıstan paytaxtı Budapeştdə keçirilmə ehtimalı təsadüfi deyil. Belə ki, NATO üzvü olan Macarıstanın baş nazir Viktor Orban Qərbin Rusiya əleyhinə yürütdüyü siyasətə münasibətdə tamamilə fərqli mövqe tutur. Bu baxımdan, neytral platforma kimi seçilən Macarıstan həm Qərblə, həm də Rusiya ilə əlaqə saxlaya bilən nadir Avropa ölkəsidir. Bu görüşün əsas məqsədi “sülh diplomatiyası” olsa da, əslində, onun arxasında həm də Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşması dayanır. Tramp administrasiyası artıq açıq şəkildə bəyan edir ki, ABŞ Avropada uzunmüddətli savaş yükünü daşımaq niyyətində deyil.

ee3d1514352dbfb486aec10afcc7341e.jpg (93 KB)

Prezident Donald Tramp üçün Budapeşt görüşü həm daxili siyasi, həm də qlobal diplomatik fürsətdir. Çünki o, ABŞ-ın xarici siyasət kursunu yenidən “Amerika mərkəzli” modelə qaytarmaq niyyətindədir. Prezident Donald Tramp üçün Ukrayna savaşının “bitməsi” ABŞ-ın geopolitik məsuliyyət yükündən qurtulması və daxili auditoriyaya “Amerika sülh gətirir” mesajı vermək şansı yarada bilər. Bu, həm də ABŞ-ın “dünyanı xilas etmək” missiyasından imtina edib, öz sərhədlərinə qayıtması anlamı da daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Qərb analitiklərinə görə, Ukrayna artıq “davamlı müqavimət” strategiyası ilə hərəkət edir. Bu model uzunmüddətli perspektivdə Qərbin hərbi-siyasi dəstəyinin davamlılığından asılıdır. Ancaq əgər, Tramp-Putin görüşü nəticəsində “nə hərb, nə sülh” vəziyyəti yaranarsa, Ukrayna danışıqlar masasından təcrid olunma riski ilə üzləşə bilər. Bu halda isə Avropa Birliyi, xüsusilə də Polşa, Baltikyanı və Skandinaviya ölkələri Ukraynanın müdafiəsini öz üzərlərinə götürmək məcburiyyəti ilə üzləşəcəklər. Belə bir ssenari isə Avropa təhlükəsizlik sisteminin köklü dəyişməsinə səbəb olacaq. Və ABŞ-ın azalan iştirakı fonunda “Avropasentrik təhlükəsizlik arxitekturası” formalaşmağa başlayacaq.

Məsələ ondadır ki, əgər, Budapeşt görüşü baş tutarsa, bu, Avropada təhlükəsizlik balansının yenidən müəyyən edilməsi prosesinin başlanğıcı olacaq. ABŞ bu qitədəki hərbi yükünü azaltmağa başlayacaq. Almaniya və Fransa arasında liderlik roluna iddia üzərindən kəskin rəqabət dərinləşəcək. Macarıstanla Türkiyə isə "vasitəçi və siyasi-diplomatik körpü" funksiyasını daha da gücləndirəcək. Bu dəyişikliklər NATO-nun gələcək rolunu da müəyyənləşdirəcək. Bu hərbi-siyasi blok artıq yalnız Rusiya təhdidi üzərindəj deyil, həm də alyansdaxili məsuliyyət bölgüsü prinsipi üzrə yenidən formalaşacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR