İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət hesabına müdafiə olunan milyarder - Ramiz Mehdiyev!

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi artıq yeni mərhələyə qədəm qoyub. O, bir sıra ağır və xüsusilə ağır cinayətlərdə -Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bu maddələr təkcə hüquqi deyil, həm də siyasi və mənəvi məsuliyyət doğuran ittihamlardır. Dövlətə xəyanət və hakimiyyətin zorla saxlanması ittihamı ölkənin təhlükəsizliyinə, Konstitusion quruluşuna və milli iradəsinə yönəlmiş açıq hücumdur. Lakin belə miqyaslı ittihamlar qarşısında Ramiz Mehdiyevin müdafiə taktikasında gözlənilməz bir detal diqqət çəkir.

Gununsesi.info yazır ki, sabiq PA rəhbərinin vəkili Zaur Abıyev müvəkkilinə qarşı ittihamlarla bağlı hər hansı bir şərh verməkdən yayınır. Digər məlumata görə, Zaur Abıyevin həyat yoldaşı Kəmalə Abıyeva Azərbaycan Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədridir. Bu fakt, təbii ki, ictimai diqqətdən yayınmayıb. Vəkilin müvəkkilinə qarşı irəli sürülən ağır ittihamlarla bağlı suallardan yayınması və susqunluğunu qoruması, məhz həyat yoldaşının yüksək məhkəmə instansiyasında tutduğu vəzifə ilə əlaqəli ola bilərmi?

Bu vəziyyət həm maraqlar toqquşması, həm də mənəvi məsuliyyət aspektindən suallar doğurur.

Maraqlıdır ki, Zaur Abıyev kommersiya, tikinti, vergi, əmlak və əşya hüququ üzrə ixtisaslaşıb. Yəni onun əsas fəaliyyət sahəsi mülki və təsərrüfat mübahisələridir. Belə olan halda, sual yaranır. Dövlətə xəyanət və hakimiyyəti zorla saxlama kimi siyasi-hüquqi ittihamların müdafiəsi üçün kommersiya hüquqşünası nə dərəcədə uyğundur? Dövlət təhlükəsizliyi ilə bağlı cinayətlər üzrə işlər xüsusi bilik, təcrübə və etik davranış tələb edir. Bu cür hallarda müdafiəçi yalnız hüquqi terminlərlə deyil, dövlət sirri, istintaq etikası və beynəlxalq hüquq normaları ilə işləməyi bacarmalıdır. Lakin Zaur Abıyevin peşə profili bu tələblərlə tam uzlaşmır. Bununla belə, maraqlı bir məqam da var. Mehdiyevin illərlə gizlətdiyi milyardlıq sərvətlərinin böyük hissəsi torpaq sahələri, daşınmaz əmlak və kommersiya obyektləri şəklindədir. Məhz bu baxımdan, Abıyevin mülki-hüquqi təcrübəsi Cinayət Məcəlləsinin 193-cü maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamı üzrə müəyyən qədər işə yaraya bilər.

Yəni Mehdiyevin müdafiə komandasını belə görünür ki, ittihamın siyasi xəyanət hissəsini deyil, əmlakın leqallaşdırılması istiqaməti daha çox maraqlandırır. Belə olmasaydı, 87 yaşlı birinin əsas müdafiəçisi cinayət işləri üzrə təcrübəli vəkil seçilərdi. İşin başqa bir tərəfi daha çox qıcıq doğurur. Təkzib olunmayan məlumatlara görə, Ramiz Mehdiyevin çoxsaylı villaları, torpaq sahələri, şirkət payları və kommersiya obyektləri var. Onun ailəsinin sərvəti milyardlarla manat səviyyəsində qiymətləndirilir. Lakin bütün bu imkanlara rəğmən, sabiq PA rəhbəri dövlət hesabına təyin olunmuş vəkilin xidmətindən istifadə edir. Bu fakt hüquqi olduğu qədər əxlaqi ziddiyyət də yaradır. Dövlətə xəyanətdə ittiham olunan bir şəxs, xalqın vergiləri hesabına formalaşan büdcədən öz müdafiəsini maliyyələşdirir. Halbuki, bu büdcədən eyni zamanda sosial yardım alan kasıb ailələr, ədalət axtaran vətəndaşlar, mina qurbanları və şəhid ailələri üçün vəsait ayrılır. Bir tərəfdə dövlətin təhlükəsizliyinə qəsd etməkdə ittiham olunan, sərvət içində üzən bir şəxs, digər tərəfdə dövlətin cibindən onun müdafiəsinə ayrılan vəsait var!

Ramiz Mehdiyevin cinayət işi əxlaqi bərbadlığının göstəricisinə çevrilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR