İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...

Musavat.com xəbər verir ki, yazıçı Kəramət Böyükçöllə REAL Partiyasının sədri, siyasətçi İlqar Məmmədov arasında başlanan sosial media polemikası ictimai şəbəkələrdə böyük rezonans doğurub.

Hər şey Kəramət Böyükçölün Facebook səhifəsində yazdığı üç cümləlik statusla başlayıb.

Yazıçı yazıb:

“O gün Elmlərdə İlqar Məmmədovla qarşılaşdım. Soruşur ki, ta məndən niyə yazmırsan? Dedim, mən ölünün dalınca danışmıram.”

Bu sözlərdən sonra İlqar Məmmədov Kəramətə kəskin cavab verib və onu hakimiyyətin sifarişli layihəsi adlandırıb:

“Basqıçı YAP hakimiyyəti şəhərin gur yerində Kəraməti qoyub sərgiləyirsə, demək bu, mədəniyyətlə heç bir əlaqəsi olmayan siyasi öhdəlikli layihədir.

Heç nəyə baxmayaraq, insanlığı və söz azadlığını sevən adamam. Bir gün publik siyasətə qayıtsam, seçkidə göstərəcəyiniz iradə ilə dövlət qurumlarına tapşırıq vermək səlahiyyəti qazansam belə, hin qoxan bu cür tipləri siyasi rəqiblərimə qarşı işlətməkdən ötrü ara-sıra dispanserə atmaram. Gətirəcəyim fərqi bəyənəcəksiniz.”

Bundan sonra Kəramət Böyükçöl növbəti paylaşımı ilə İlqar Məmmədova sərt cavab verib:

“Yalandan 5 min üzvüm var deyib qürrələnməklə deyil ki… Bir yazıçı səni ictimai rəydə darmadağın edib. Hələ bir azad, ədalətli seçkidən də danışırsan.

Ölkədə normal seçki olsa, başındakı 15-20 xəstə düşüncəli adamlardan başqa kimdir sənə səs verən? Azad seçki sənin nəyinə lazımdır? Əmin ol, Azərbaycan xalqı üçün sən heç kimsən. İctimai əyarı sıfıra düşmüş bir adamsan. Səni heç dinləyən yoxdur. Səsin adamın başına düşür.

Sənə azad seçki yox, sənə məhz ədalətsizlik sərf edir ki, bəlkə bir mandatdan-zaddan alasan. Mən də prezident olsam, çox istəyərəm ki, sənin kimi bir müxalifətim olsun. Müxalifətəm deyib aldatdığı adamlardan da utanmır.

Götürüb status paylaşır ki, Kəramət hakimiyyət layihəsidir. Yoxsa onu qoymazlar Elmlər Akademiyasının qabağında kitab satmağa.

Sən Azərbaycanı bir yazıçını küçədə kitab sata bilməyəcəyi bir ölkə kimi görmək istəyirsən, Azərbaycanın Türkmənistan olmasını arzulayırsan. Ona görə belə danışırsan, ay İlqar!

Necə olur, sənin partiyana parlamentdə yer verirlər, hakimiyyət layihəsi olmursan. Amma Kəramət Akademiyanın parkında kitab satır deyə hakimiyyətin adamı olur.

Özü də Erkin Qədrli dili ilə deyib e ki, mən seçilməmişəm, təyin olunmuşam. Balaca bir avtobusum var, motoru da yoxdur. Hərə bir tərəfdən tökülüb üstümə. Gör motoru olsa, neyləyərlər.”

Kəramətin bu paylaşımına İlqar Məmmədov yenidən cavab verib və ikinci “atışma” başlayıb.

Siyasətçi yazıb:

“Mən ‘öləndən’ bəri, YAP-ın kefləndirdiyi İskəndər–Kəramət Böyükçöl bir gündə ikinci yazısını mənə ünvanlayıb. Bəyəm o, ölülərə yox, dirilərə danışmalı deyildi?

İkinci yazısında deyir ki, ədalətli seçki olsa, İlqar Məmmədov qalib gələ bilməz. Bax, bu da keçən ilin seçkisində qələbəmi pıçıldayan komissiya sədri.

Sonda nəticə saxtalaşdırıldı. Hakimiyyət Kəraməti bizə qarşı qışqırıqla danışdırır ki, insanlar bu biabırçı pıçıltını eşitməsin.”

Beləliklə, yazıçı ilə siyasətçi arasında yaranmış bu gərgin polemika sosial mediada geniş rezonans doğurub.

Maraqlıdır ki, bu “ədəbi-siyasi duel”ə AXCP sədrinin müavini, Fransada mühacir həyatı yaşayan Fuad Qəhrəmanlı da qoşulub və yazıçı Kəramət Böyükçölə qarşı ikinci dəfə tənqidi fikirlər səsləndirib. Əli Kərimlinin sosial mediadakı trol dəstəsi də hazırda yazıçını hədəfı alaraq, ona qarşı qaralama kampaniyası aparır.

Belə görünür ki, sosial mediada başlanan bu atışma bütövlükdə ictimai -siyasi həyatı da təsirləndirməkdədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR