Onlayn ictimai-siyasi qəzet
Rusiyada 2025-ci ilin ilk yarısında siyasi motivli cinayət maddələri üzrə hökm çıxarılma hallarında partlayış səviyyəsində artım müşahidə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamenti məlumat yayıb.
Göstəricilər 2023 və 2024-cü illərlə müqayisədə bir neçə dəfə yüksəlib.
Terrorçuluq maddəsi üzrə rekord artım. 2025-ci ilin ilk yarısında Rusiyada 210 nəfər “terror aktı törətmə” (Cinayət Məcəlləsinin 205-ci maddəsi) ittihamı ilə məhkum edilib. Halbuki 2024-cü ildə bu maddə üzrə cəmi 25, 2023-cü ildə isə 8 nəfər təqsirli bilinmişdi. Artım - 26 dəfə. FSB bu maddə ilə, o cümlədən, Anti-müharibə Komitəsinin bir sıra ekspertlərini, jurnalistləri və iş adamlarını da ittiham edib.
“Terrorizmin təqdir edilməsi” üzrə ikiqat artım. 2025-ci ilin ilk altı ayında bu maddə (205.2) ilə 243 nəfər məhkum edilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 167, 2023-cü ildə isə 142 idi. Bu maddə əsasən müharibəyə və Putinin rejiminə qarşı çıxan ictimai xadimlərə qarşı tətbiq olunur.
“Kütləvi iğtişaşlar”la bağlı işlərdə onqat artım. Cinayət Məcəlləsinin 212-ci maddəsi üzrə 121 hökm çıxarılıb - onların 110-u “iğtişaşlara cəlbetmə” (212, bənd 2) ittihamı ilə bağlıdır. 2024-cü ilin eyni dövründə bu maddə ilə cəmi 12, 2023-cü ildə isə 10 nəfər məhkum edilmişdi. Artımın bir hissəsi Mahaçqaladakı hava limanı hadisəsi ilə əlaqələndirilir.
“Hərbi yalan xəbərlər” (“voennıye feyki”) üzrə işlər də çoxalıb. 2025-ci ilin ilk altı ayında bu maddə (207.3) üzrə 45 nəfər təqsirli bilinib. 2024-cü ildə bu rəqəm 39, 2023-cü ildə isə 19 idi. Artım təxminən 2,5 dəfədir.
“Ordunun gözdən salınması” üzrə ikiqat artım. Cinayət Məcəlləsinin 280.3-cü maddəsi ilə 33 nəfər məhkum olunub. 2024-cü ilin eyni dövründə 28, 2023-cü ildə isə 15 nəfər bu maddə ilə ittiham edilmişdi. Bu maddə çox vaxt eyni adla inzibati pozuntu kimi tətbiq olunduqdan sonra cinayət işi kimi açılır.
“Ekstremizmə çağırış” ittihamı üzrə də artım var. 2025-ci ilin ilk yarısında 97 nəfər bu maddə (280) ilə məhkum edilib. 2024-cü ildə bu rəqəm 88, 2023-cü ildə isə 86 idi.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Rusiyada “siyasi məzmunlu” hesab edilən maddələr üzrə hökmlərin sayı son iki illə müqayisədə 2–3 dəfə artıb. Analitiklər bu artımı Kremlin repressiv siyasətinin güclənməsi və ictimai narazılığın məhkəmə yolu ilə boğulması tendensiyası ilə əlaqələndirirlər.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ