Onlayn ictimai-siyasi qəzet
Rusiyada özünü “hüquq müdafiəçisi” adlandıran, amma əslində Kremlin ideoloji aparatının sadiq təmsilçisi olan Kirill Kabanov növbəti dəfə Azərbaycanı hədəfə alıb.
Kabanovun son yazısı təkcə jurnalistikanın etik prinsiplərini pozmur, həm də açıq şəkildə Azərbaycana qarşı qərəzli və təxribatçı ritorika nümayiş etdirir.
Musavat.com xəbər verir ki, o, Rusiya vətəndaşının – "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıxın saxlanılmasını və sonradan mübadiləsini Azərbaycanı aşağılamaq, ölkəmizi “girov saxlamaq” kimi təqdim etmək üçün istifadə edib.
Əslində isə söhbət Azərbaycanın suveren hüquqlarını həyata keçirməsindən, milli təhlükəsizlik maraqlarını qorumasından gedir.
Azərbaycan Respublikasında həyata keçirilən hüquqi addımlar tam qanun çərçivəsində, dövlət təhlükəsizliyini təmin etməyə yönəlib. Hər bir dövlətin, o cümlədən Rusiyanın da hüquq-mühafizə orqanları xarici təsir, casusluq və yaxud qanunsuz maliyyə əməliyyatları şübhəsi doğuranda dərhal tədbir görür. Azərbaycanda da bu proses eyni prinsiplərlə aparılıb. Kabanovun yazdığı kimi, “rusların əsir saxlanılması” barədə ittiham absurddur, çünki söhbət heç bir əsirlikdən deyil, konkret cinayət işindən gedir.
Kabanovun ritorikasında sovet dövründən qalan təkəbbürlü ton açıq görünür. O, Azərbaycanı “Zaqafqaziyalı dostlar” adlandıraraq, xalqa qarşı alçaldıcı ifadələr işlədir, rus cəmiyyətində köhnə imperiya təsəvvürlərini diri saxlamağa çalışır. Bu cür yanaşma jurnalistika deyil, açıq siyasi təxribatdır.
O, faktlara əsaslanmır, heç bir sübut təqdim etmir, yalnız stereotiplər üzərində manipulyasiya aparır. Halbuki Azərbaycan müstəqil dövlətdir, onun hüquq sistemi Rusiya vətəndaşlarını da eyni qaydada qanun qarşısında məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir.
Kabanovun arqumentləri həm məntiq, həm də etik baxımdan kökündən yanlışdır.
Birincisi, o, hüquqi prosesi istisna edir və məhkəmənin qərarına qədər şəxsi təqsirkar elan edir. Bu, həm beynəlxalq hüquq, həm də media etikasına ziddir. İkincisi, o, Azərbaycanı etnik əsasda hədəf alır, “etnik cinayətkarlıq” kimi ifadələr işlədərək, azərbaycanlılara qarşı nifrət dili formalaşdırır.
Bu isə Rusiyada yaşayan milyonlarla azərbaycanlının heysiyyatına toxunmaqla bərabər, iki ölkə arasında münasibətlərin zədələnməsinə yönəlib.
Azərbaycanın həyata keçirdiyi əməliyyatlar heç bir halda “dostluğa zidd” deyil, əksinə, dövlətlərarası münasibətlərdə hüquq və məsuliyyət prinsipinin qorunmasına xidmət edir.
Əgər Rusiya da bu prinsipləri eyni səmimiyyətlə tətbiq etsəydi, bu gün beynəlxalq səviyyədə informasiya manipulyasiyasına bu qədər yol verilməzdi. Azərbaycan hər zaman hüquqi və diplomatik münasibətlərdə açıq və şəffaf siyasət yürüdüb.
Kabanovun yazısında “dost Bakı əsirliyindəki ruslar” ifadəsi isə xüsusilə təxribatdır. Bu, dövlətlərarası münasibətlərə kölgə salmaq, ictimai rəydə Azərbaycana qarşı düşmənçilik formalaşdırmaq məqsədi daşıyır.
Halbuki Bakıda heç kim əsir deyil, cinayət işinə cəlb edilən şəxslər qanunla müəyyən edilmiş qaydada istintaqa cəlb olunublar.
Rusiyalı təbliğatçıya və onun kimi qərəzli “yazarlar”a xatırlatmaq lazımdır ki, Azərbaycan heç bir dövlətin tabeçiliyində deyil, onun qərarlarını Moskvada, Brüsseldə və ya Vaşinqtonda diktə edən yoxdur.
Azərbaycan qanunları burada yaşayan və fəaliyyət göstərən hər bir şəxs üçün bərabər tətbiq olunur. Əgər kiminsə fəaliyyəti dövlətin təhlükəsizlik maraqlarına ziddirsə, o zaman hüquqi ölçü götürülməsi ən təbii addımdır.
Kabanovun yazısının məqsədi açıq-açığına Azərbaycana qarşı informasiya hücumu yaratmaq, ölkənin beynəlxalq imicini ləkələmək və ictimai rəydə çaşqınlıq yaratmaqdır. Lakin bu cür manipulyasiyalar artıq effekt vermir. Azərbaycan cəmiyyəti təxribatları tanımağı çoxdan öyrənib, Kabanov kimi köhnə təbliğatçılar isə öz nifrət və qərəz ritorikası ilə sadəcə Rusiyanın reputasiyasına zərbə vururlar.
Azərbaycan dövləti öz vətəndaşını da, ərazisini də, informasiya məkanını da qorumaqda qətiyyətlidir. Heç bir qərəzli yazı, heç bir köhnə imperiya təfəkkürü bu həqiqəti dəyişə bilməz. Kirill Kabanovun yazısı isə sadəcə bir daha göstərir ki, bəzi rus təbliğat dairələri hələ də müstəqil və azad Azərbaycan reallığı ilə barışa bilmirlər. Ancaq onlar da gec-tez həqiqəti dərk edəcəklər. Kabanovun kaba davranışları isə özlərinə zərər verəcək...
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ