İnsanlara hürriyət, millətlərə istiqlal!

Dışlamanın peşmançılığı - Rusiya mediası Türküstanın əldən getdiyini əndişə ilə izləyir

Rusiya mediası Türkiyənin Orta Asiyaya, 100 il əvvəl Türküstan kimi tanınan regiona nüfuz etməsini ciddi şəkildə izləyir, bu mövzuya silsilə yazılar həsr edir.

Bu gün “Nezavisimaya qazeta” bu mövzuda yeni bir məqalə dərc edib. Məqalədə qeyd olunur ki, Orta Asiyada hərbi və siyasi varlığını artıran Türkiyə təhsil və miqrasiyanı da əhatə edən yeni genişlənmə mərhələsinə qədəm qoyur.

“Regionun əsas ölkələri ilə fəal müdafiə əməkdaşlığı fonunda Ankara təhsil standartlarının unifikasiyası və türk dövlətləri vətəndaşlarının məşğulluğunun sadələşdirilməsi istiqamətində addımlar atır. Türk universitetlərinin rektorlarının Daşkənddəki görüşü və prezident Ərdoğanın bu ölkələrin vətəndaşlarının Türkiyə əmək bazarına sərbəst çıxışı haqqında fərmanı Türkiyənin inteqrator rolunu oynadığı yeni regional arxitekturanın yaranmasından xəbər verir”, - yazıda deyilir.

Məlum olduğu kimi, oktyabrın 14-dən 17-dək Daşkənddə Türkdilli Universitetlər Birliyinin 8-ci Baş Assambleyası keçirilib. Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kiprdən 70 universitetdən 200 rektor və alim, həmçinin Türk Akademiyasının nümayəndələri iştirak ediblər. İclasda birgə təşəbbüslərin inkişafı, akademik əməkdaşlığın gücləndirilməsi və İttifaqın gələcək inkişafı üçün əsas qərarların qəbulu fəal müzakirə olunub”.

“NQ”-də çıxan məqallədə göstərilir ki, əvvəllər 109 universiteti birləşdirən Türkdilli Universitetlər Birliyi öz sıralarına daha 62 (Özbəkistandan 6) yeni universitet qəbul edib.

Ekspertlər hesab edirlər ki, Türkiyə türk dünyası üçün vahid təhsil məkanı konsepsiyasını fəal şəkildə təbliğ edir.

Yazıda bildirilir ki, assambleya çərçivəsində universitetlər arasında imzalanan 20-dən çox əməkdaşlıq müqaviləsi Türkiyənin ciddiliyini təsdiqləyir. Bu müqavilələrin əksəriyyəti Türkiyə təhsil proqramları üzrə kadr hazırlığını, birgə tədqiqat mərkəzlərinin yaradılmasını və Türkiyə fondları tərəfindən maliyyələşdirilən təqaüd proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Rusiya nəşri yazır ki, bu, sadəcə olaraq akademik əməkdaşlıq deyil. “Türkiyə, baxışları onun mədəni və siyasi gündəminə uyğun olacaq yeni nəsil tələbə və müəllimlər yetişdirmək üçün fəal şəkildə çalışır. Təhsil təşəbbüsləri Ankaranın uzunmüddətli təsirini təmin edərək türk dəyərlərini və regional inkişafa baxışı paylaşan kadrların yetişdirilməsi üçün bir vasitə rolunu oynayır”, - “NQ”-nin məqaləsində qeyd olunur.

Yazı müəllifləri onu da qeyd edirlər ki, Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) öz növbəsində dil birliyini və parlament diplomatiyasını fəal şəkildə təşviq edən qanun layihələri hazırlayıb. “TÜRKPA baş katibi Mehmet Süreyya Ər qeyd edib ki, qanun axtarış və fərdiləşdirmə xüsusiyyətləri ilə beş türk ölkəsinin qanunvericiliyini beş dildə və ingilis dilində birləşdirən platformadır. Qanun türk, Azərbaycan, qazax, qırğız, özbək, türkmən, başqırd, tatar, uyğur dillərinin lüğət tərkibini müqayisə edən, türk dünyasının dil birliyini dərinləşdirən rəqəmsal lüğətdir”, - yazıda bildirilir.

Məqaələdə belə bir iddia da var ki, Türkiyə ordu, hərbi dəniz qüvvələri (xüsusən Xəzər donanması), hərbi hava qüvvələri (o cümlədən F-16 pilotları və “Bayraktar” operatorları), eləcə də hərbi akademiyalarında terrorla mübarizə üzrə mütəxəssislər və sərhəd mühafizəçiləri üçün zabitlər yetişdirməklə birləşmiş ərazi icmalarında effektiv hərbi elita yaradır. “Sovet və Rusiya təcrübələrindən fərqli olaraq, Türkiyə proqramı NATO taktikasına və “Türk birliyi” konsepsiyasına giriş təklif edir. Məzunlar Orta Asiya ölkələrində türkyönlü lobbilər təşkil edərək, Türkiyəndən silah alışını və hərbi təlimlərini təbliğ edirlər”, - məqalədə qeyd olunur.

Rusiya nəşri Ankaranın miqrasiya siyasətini effektiv formalaşdırmasından da narahatlıq ifad edir. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli xalqların nümayəndələrinə əmək hüquqlarının verilməsi prosesinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Sənəd hökumət qəzetinin rəsmi saytında dərc olunub. Bundan sonra birləşmiş ərazi icmalarının vətəndaşları Türkiyədə mürəkkəb icazə prosedurları olmadan işləyə biləcəklər”, - “NQ” yazır.

Rusiyanın bu cür əndişəsi və mövzuya həssas yanaşması təsadüfi deyil. Son iki ildə Rusiyada keçmişdə SSRİ-yə daxil olan türk respublikalarının vətəndaşlarına qarşı sərgilənən ögey, ksenofobik münasibətin fonunda yaranmış boşluğu Türkiyənin doldurmaq istəməsi qısqanclıq doğurur.

“Oy Ordo” ekspert təşəbbüs mərkəzinin direktoru İqor Şestakov “NQ”-yə müsahibəsində qeyd edib ki, Türkiyənin türk dövlətlərinin vətəndaşları üçün məşğulluğu sadələşdirmək qərarı Rusiyanın miqrasiya siyasətinə ciddi problem yaradır: “Ankara regionun türk xalqları üçün cəlbedici bir lider kimi özünə yer tapmağa çalışır”.

Onun sözlərinə görə, Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi fonunda atılan bu addım Moskvadan həm daxili siyasətinə, həm də Avrasiya İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətə yanaşmalarına yenidən baxmağı tələb edəcək. “Bundan əlavə, rusiyalı deputatlar Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha yaxından təhlil etməlidirlər, çünki Ərdoğanın türk kimliyini təbliğ etməsi, mahiyyət etibarı ilə, Mərkəzi Asiyada geosiyasi nüfuz uğrunda mübarizədir”, - deyən Şestakov Duma üzvlərinə çağırış edib.

Fəqət vəziyyətin bu yerə çatmasının təqsirkarları Rusiyada boy göstərən millətçi siyasətçilərdir. Onlar Türküstan respublikalarını özlərindən kənara itələyəndə anlamalı idilər ki, milyonlarla insan sığınmaq, işləmək üçün mütləq bir yer tapacaqlar. Yaxşı ki, Türkiyə türk respublikaları ortada qoymur, onlara sahob çıxır.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR