Onlayn ictimai-siyasi qəzet
Avstraliyanın ABŞ-dakı səfiri Kevin Rudd sosial mediada Amerika liderini kəskin tənqid edən yazılarına görə ABŞ prezidenti Donald Trampdan üzr istəyib.
Musavat.com xəbər verir ki, məlumatı Avstraliyanın “The Australian” qəzeti yayıb. Qəzetin yazdığına görə, Avstraliya səfiri oktyabrın 20-də Vaşinqtonda ABŞ prezidenti ilə Avstraliyanın baş naziri Entoni Albanese arasında ikitərəfli danışıqlardan sonra Trampdan üzr istəyib.
Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransı zamanı Trampdan onu ABŞ tarixində “ən dağıdıcı” ilk prezident adlandıran Avstraliya səfirinə qarşı hissləri barədə soruşulub. Buna cavab olaraq Amerika lideri avstraliyalı diplomat haqqında "heç nə bilmədiyini" bildirsə də, "üzr istəmək istəyə bilər" deyə təklif edib: "Tədbirdən sonra Kevin Rudd Trampa yaxınlaşaraq üzr istəyib".
Avstraliyanın keçmiş baş naziri Rudd 2022-ci ilin dekabrında ölkənin ABŞ-dakı səfiri təyin edilib. Bundan əvvəl, 2020-ci ildə Nyu-Yorkda Asiya Cəmiyyəti Siyasi Elmlər İnstitutuna rəhbərlik edərkən o, X-də dəfələrlə Trampı kəskin tənqid edən şərhlər və açıqlamalar dərc edib. O, öz paylaşımlarında onu “tarixin ən dağıdıcı prezidenti” adlandırıb və siyasətçini “Amerikanı və demokratiyanı palçıqda tapdalamaqda” və “zorakılığa haqq qazandırmaq üçün xristianlıqdan, kilsədən və İncildən sui-istifadə edərək nifaq salmağa nail olmaqda” ittiham edib. 2024-cü il ABŞ prezident seçkilərində Trampın qələbəsindən sonra Rudd “ABŞ prezidentinin ofisinə hörmət əlaməti olaraq” bəzi yazılarını silib.
Musavat.com
22 Oktyabr 2025
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ