İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Çin dünyanı parçalayıb, öz aralarında bölüşdürür: Qlobal kapital sabitliyə "qaçır", yeni "güc xəritəsi" çəkilir

Tramp-Si Tsinpin qarşıdurması dünya iqtisadiyyatına yeni “soyuq müharibə” xətti çəkir, bu savaş yalnız siyasi ideologiyalar deyil, həm də vergi, texnologiya və kapital hərəkətliliyi üzərindən inkişaf edir... Bu, o deməkdir ki, yeni dünya düzənində artıq yalnız hərbi faktorlar deyil, həm də qlobal kapitalın hansı geopolitik coğrafiyada cəmləşməsi də beynəlxalq güc göstəricisinə çevrilir...

Qlobal kapital axınının xəritəsi dəyişir və yeni geopolitik balans yaranır. Belə ki, hazırda beynəlxalq iqtisadi və siyasi gündəm eyni anda iki paralel prosesin müzakirəsinə indeksləşib. Yəni, qlobal kapitalın daha "təhlükəsiz limanlara qaçışı" və ABŞ-Çin qarşıdurmasının kəskinləşməsi beynəlxalq məkanda ciddi narahatlıq doğurur.

Məsələ ondadır ki, qlobal miqyaslı milyarderlərin miqrasiya xəritəsi, Tayvan ətrafında artan hərbi gərginlik və Tramp-Si Tsinpin qarşıdurmasına paralel olaraq, indi yeni hərbi-siyasi, eləcə də iqtisadi mühit formalaşır. Bu, onu göstərir ki, dünya artıq post-qlobalist mərhələyə daxil olub. Üstəlik, sərvət axınlarının istiqaməti və böyük güclərin qarşılıqlı təzyiq siyasəti bu mərhələnin əsas konturlarını müəyyənləşdirir.

90958c6583afc78403c9899c582cdd22.jpg (250 KB) 

Onu da qeyd etmək lazımdır ki, 2025-ci ilin statistikasına görə, dünya milyarderləri ən çox Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Rusiyadan köç edirlər. Əksinə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ, İsveçrə və İtaliya zənginlərin axın etdiyi əsas istiqamətlərə çevrilib. Bu tendensiya sadəcə, fərdi qərarların nəticəsi deyil, həm də geopolitik etimadın iqtisadi ifadəsidir. Böyük Britaniyada vergi siyasətinin sərtləşməsi, Çində dövlət nəzarətinin artması, Rusiyada sanksiya rejimi sərvət sahiblərini daha “neytral” və sabit ölkələrə yönəldir.

Ən diqqətçəkən məqam BƏƏ-nin dünya milyarderləri üçün ən cəlbedici mərkəzə çevrilməsidir. Belə ki, vergi azadlığı, siyasi sabitlik və Qərb-Şərq arasında strateji körpü rolunu oynaması Birləşmiş Əmirliklərini “post-qlobalist" mərhələdə qlobal kapitalın yeni dayağı vəziyyətinə gətirir. Bu, eyni zamanda qlobal kapitalın "səsvermə" prosesidir. Yəni, qlobal sərvət sabitliyə, azadlığa və proqnozlaşdırıla bilən siyasi-iqtisadi siyasətə "səs" verir.

Maraqlıdır ki, eyni dövrdə Asiya qitəsində hərbi-siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Tayvan Müdafiə Nazirliyinin son hesabatında Çinin regionda “boz zona” əməliyyatlarını genişləndirdiyi bildirilir. Və rəsmi Pekinin bu strategiyası kiberhücumlar, dezinformasiya və psixoloji təzyiqləri hərbi təlimlərlə birləşdirərək, yeni "hibrid müharibə" modelini formalaşdırır.

mmmaxresdefault.jpg (341 KB) 

Həmin hesabatda o da vurğulanır ki, rəsmi Pekin artıq yalnız hərbi güc nümayişi ilə kifayətlənmir. Çin indi həm Tayvan cəmiyyətində qorxu mühiti yaratmaq, həm də mümkün hərbi işğal ssenarilərini sınaqdan keçirmək məqsədi güdür. Bu, Tayvan ətrafındakı hərbi gərginliyin artıq siyasi-diplomatik manevrlərdən strateji təzyiq mərhələsinə keçdiyini göstərir. Çin rəsmi dairələri üçün Tayvan məsələsi indi yalnız ideoloji simvol deyil, həm də ölkədaxili legitimliyin və regional dominantlığın sınağına çevrilib.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, ABŞ-Çin münasibətlərində gərginlik son vaxtlar artıq  yeni kulminasiya nöqtəsinə çatır. "The Wall Street Journal"ın məlumatına görə, Çin lideri Si Tsinpin ABŞ prezidenti Donald Trampdan Tayvanın müstəqilliyini rədd edən rəsmi bəyanat tələb edir. Və bu, rəsmi Pekin tərəfindən ABŞ-Çin ticarət sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürülüb.

Əvvəllər rəsmi Pekin Bayden administrasiyasının “strateji qeyri-müəyyənlik” siyasətindən razı idi. Yəni, ABŞ Tayvanın müstəqilliyini dəstəkləmirdi, ancaq bunu açıq şəkildə də bəyan etmirdi. Lakin Tramp administrasiyası dövründə Çin artıq açıq siyasi güzəşt istəyir. Bu tələb isə Ağ Ev sahibi Donald Trampın Cənubi Koreyada keçiriləcək APEC sammitində Min lideri Si Tsinpinlə görüşü ərəfəsində gündəmə gəlib. Və danışıqların nəticəsi yalnız iki ölkə arasında deyil, həm də qlobal iqtisadi münasibətlər sistemində yeni mərhələni müəyyənləşdirə bilər.

abd-cin-ticaret-savasi-ve-tukidides-tuzagi.jpg (65 KB) 

Tramp administrasiyası rəsmi Pekinin təzyiqinə cavab olaraq, Çinə qarşı ikiqat iqtisadi hücum planı elan edib. Belə ki, noyabrın ilk günündən etibarən Çin mallarına əlavə 100 faizlik rüsum tətbiq olunacaq. Çinə tədarük olunan bütün önəmli proqram təminatına ixrac nəzarəti gətiriləcək. Bu qərar ABŞ-ın texnoloji hegemonluğunu qorumaqla yanaşı, Çinin sənaye və süni intellekt sektorlarına zərbə vurmaq məqsədi daşıyır. Beləliklə, prezident Donald Trampın siyasəti Bayden administrasiyasının “rəqabət idarəçiliyi"ndən fərqli olaraq, iqtisadi blokada və milli təhlükəsizlik doktrinasına əsaslanır.

Bütün bunlar onu  göstərir ki, hazırda dünya həm iqtisadi, həm də geopolitik baxımdan, parçalanmış qlobal sistemə doğru gedir. Böyük ehtimalla Çin-Tayvan gərginliyi Asiya qitəsinin gələcək geoiqtisadi balansını müəyyənləşdirəcək. ABŞ-Çin qarşıdurması isə yalnız ticarət deyil, həm də texnoloji və ideoloji müharibə xarakteri almağa başlayıb. Buna paralel olaraq, BƏƏ, İsveçrə, ABŞ kimi ölkələr “sərvət sığınacaqları”, Çin və Rusiya isə “siyasi risk zonaları” kimi formalaşır.

Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tsinpin arasındakı qarşıdurma dünya iqtisadiyyatına yeni “soyuq müharibə” xətti çəkə bilər. Üstəlik, bu qarşıdurma hazırda yalnız siyasi ideologiyalar deyil, həm də vergi, texnologiya və kapital hərəkətliliyi üzərindən inkişaf edir. Qlobal kapitalın coğrafiyası ilə yanaşı, həm də beynəlxalq güc mərkəzlərinin xəritəsi də eyni vaxtda dəyişir. Çin-Tayvan qarşıdurması və ABŞ-Çin "ticarət müharibəsi" qlobal sabitliyin maliyyə ölçüsünü də müəyyən edir. Və bu, o deməkdir ki, yeni dünya düzənində artıq yalnız hərbi faktorlar deyil, həm də qlobal kapitalın harada cəmləşməsi də beynəlxalq güc göstəricisinə çevrilib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR