İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan "TRIPP strategiyası" ilə "erməni kimliyi"ni dəyişir: Ermənistanda siyasi-ideoloji parçalanma dağıdıcı xaos vəd edir

Paşinyan hakimiyyətinin "TRIPP strategiyası" Ermənistan üçün postsovet məkanında yeni kimlik axtarışının "yol xəritəsi” də hesab olunir... Ancaq bu strategiyanın uğuru yalnız xarici dəstəkdən deyil, həm də Ermənistanın ideoloji transformasiyaya hazırlıq səviyyəsindən də asılı olacaq...

Ermənistanda ölkədaxili siyasi qarşıdurma intensivləşməkdə davam edir. Hətta son vaxtlar bu qarşıdurma siyasi savaş mərhələsinə keçməyə başlayıb. Böyük ehtimalla növbəti parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi savaş açıq küçə toqquşmalarına qədər inkişaf edə bilər. Hələlik isə Paşinyan hakimiyyəti Ermənistana yeni inkişaf yolu "çəkməyə" çalışır. Baş nazir Nikol Paşinyan Ermənistanın gələcək taleyi üçün "TRIPP strategiyası" müəyyən edib. Və ona görə də, indi Rusiyanın agentura şəbəkəsini özündə birləşdirən radikal-revanşist düşərgənin əks hücumuna məruz qalmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan son Brüssel bəyanatları ilə Ermənistanın Qərb yönümlü xarici siyasət kursunu növbəti dəfə rəsmiləşdirdi. Ancaq Ermənistan daxilində erməni kilsəsi, daşnaklar və Rusiya yönümlü siyasi düşərgə bu xarici siyasət kursuna qarşı sərt müqavimət prosesinə start verib. Və bütün bunlar onu göstərir ki, növbəti ilin ortalarına qədər Ermənistanda siyasi böhran qaçılmaz xarakter daşıyacaq, qarşıduran tərəflərdən birinin sıradan çıxmasına səbəb olacaq.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən "Global Gateway" Forumundakı çıxışı əslində, həm də Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. O, ilk dəfə açıq şəkildə bəyan etdi ki, Ermənistan ABŞ və Azərbaycanın dəstəyi ilə nəqliyyat-kommunikasiya xətlərini açmaq niyyətindədir. Və bu, Cənubi Qafqazda geostrateji maraqları olan dövlətlərin, xüsusilə də, Rusiya-İran cütlüyünün hədəflərinə problem yaradır.

ccd65d9e9e247e07641e6f4d5cfd0a48.jpg (241 KB)

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan hesab edir ki, “TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Zəngəzur dəhlizi) adlanan geoiqtisadi təşəbbüs Ermənistanın regiondakı iqtisadi və nəqliyyat təcridini aradan qaldırmaq məqsədi daşıyır. Ona görə də, erməni baş nazir vurğulayib ki, “dənizə çıxışı olmayan bir ölkə kimi, ədalətli əlaqəlilik Ermənistan üçün inkişafın əsas şərtidir”. Və bu, Paşinyan hakimiyyətinin Ermənistanın inkişaf perspektivləri üçün müəyyən etdiyi yeni "yol xəritəsi"min əsasını təşkil edir.

Əslində, baş nazir Nikol Paşinyanın bu bəyanatı yalnız iqtisadi plan deyil, həm də geopolitik oriyentasiyanın Qərbə yönəldiyini göstərən strateji mesajdır. Çünki TRIPP layihəsi, əslində, ABŞ-ın Avrasiya regionunda Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qarşı yaratdığı alternativ logistika xəttinin bir hissəsidir. Ermənistanın bu prosesə qoşulması, onun Rusiyanin nəqliyyat-kommunikasiya orbitindən çıxarmaq və Azərbaycan üzərindən keçən Şərq-Qərb dəhlizinə inteqrasiya etdirmək cəhdi deməkdir.

Digər tərəfdən, Əliyev-Paşinyan görüşünün də məhz Vaşinqtonda baş tutması bu yeni geopolitik xəttin tərkib hissəsidir. Çünki ABŞ uzun fasilədən sonra Cənubi Qafqazda sülh və kommunikasiyalar prosesinin birbaşa sponsoruna çevrilib. Bu, təbii ki, Rusiyanın regiondakı ənənəvi mövqelərinə ciddi zərbədir. Ermənistanın Qərbin himayəsindəki kommunikasiya sisteminə qoşulması, Kreml üçün bu regionda geoiqtisadi nəzarətin itirilməsi anlamına gəlir. Və məhz bu səbəbdən də Ermənistanda Rusiyaya bağlı hərbi-siyasi elita baş nazir Nikol Paşinyanın xarici siyasət kursuna qarşı ideoloji müharibə başladıb.

Nə qədər qəribə də olsa, Rusiya siyasi dairələrinin "Azərbaycan və Ermənistan arasında sülh prosesi hələ yekunlaşmayıb" tezisi indi erməni müxalifətinin əsas "arqument"inə çevrilib. Bu radikal-revanşist düşərgə hətta Kremlin tezisini daha da konkretləşdirərək, “Sülh Ermənistan üçün faydasızdır” məzmunu ilə ifadə edir.

e459d0859762ce9aaa8fab00a89146b0.jpg (88 KB)

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan Vaşinqtonda əldə olunmuş anlaşmaları “ABŞ-ın daxili siyasi maraqlarına xidmət edən alət” adlandırır. Üstəlik, o, tezliklə imzalanacağı gözlənilən Əliyev-Paşinyan sülh sazişini “Ermənistan üçün faydasız” sənəd kimi təqdim edir. Və əslində, bununla həm də Ermənistanın köhnəlmiş müharibə doktrinasını təkrarlamış olur.

Yəni, Seyran Ohanyan, Robert Köçəryan və Serj Sarkisyan kimi hərbi cinayətkarların liderlik etdiyi radikal-revanşist düşərgə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı illərin status-kvosunu bərpa etməyə hələ də gizli ümid bəsləyir. Çünki onlar üçün baş nazir Nikol Paşinyanın normallaşma və regional inteqrasiya siyasəti yalnız ideoloji təhlükə deyil, həm də şəxsi siyasi təsir sahələrinin tam dağılması deməkdir. Bu düşərgə Rusiya ilə hərbi-siyasi ittifaqın, erməni kilsəsi ilə siyasi simbiozun davamında maraqlıdır. Çünki Paşinyan hakimiyyətinin “Qərbə inteqrasiya modeli” onların əsas dayaqlarını — "Rusiya və erməni kilsəsi faktoru"nu zəiflədir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Paşinyan hakimiyyətinə qarşı ölkədaxili hücumun ikinci xətti isə ideoloji və dini ritorika üzərindən formalaşdırılır. Tarixi terrorçuluq ənənəsi olan "Daşnaksütyun" Partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyan hakimiyyətini “dördüncü respublika” modelini reallaşdırmaqda ittiham edib. Onun fikrincə, bu model “Türkiyə-Azərbaycan proqramının son mərhələsi”dir. Bu terrorçu daşnak Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün əsas şərt olan “konstitusiyanın dəyişdirilməsi” prosesinə qarşı “NET” (YOX) cəbhəsinin yaradılmasına da çağırıb.

84eb3eb13d0d21aa08eb30e66921411b.jpg (110 KB)

Əslində, hazırda müxalif düşərgə “dördüncü respublika” anlayışından Ermənistan cəmiyyətində Qərb yönümlü islahatlara qarşı qorxu mexanizminin yaradılması məqsədilə ilə istifadə etməyə başlayıb. Paşinyan hakimiyyətinin əsas məqsədi konstitusiyanı Avropa standartlarına uyğunlaşdırmaq, erməni kilsəsinin siyasi təsirini azaltmaq və parlamentarizmi gücləndirmək olsa da, Rusiyaya bağlı radikal-revanşist düşərgə bu dəyişikliklər prosesini “milli kimliyin itirilməsi”nə yönəlik təhlükə kimi təqdim edir. Və nəticədə bu ideoloji savaş birmənalı şəkildə Paşinyan hakimiyyətini ölkədaxildə zəiflətmək üçün əsas vasitəyə çevrilməkdədir.

Ona görə də, indi Ermənistan cəmiyyəti tarixi seçim qarşısındadır. Bir tərəfdə ABŞ və Qərbin dəstəklədiyi nəqliyyat-kommunikasiya inteqrasiyası, sülh və iqtisadi inkişaf modeli təklif olunur. Digər tərəfdə isə Rusiya asılılığına əsaslanan hərbi-siyasi revanşizm dayanır. Paşinyan hakimiyyətinin reallaşdırılmasına üstünlük verdiyi TRIPP (Zəngəzur dəhlizi) təşəbbüsü yalnız regional nəqliyyat-kommunikasiya xəritəsini dəyişmir. Çünki bu, həm də Ermənistanın geopolitik kimliyini də yenidən müəyyən edə biləcək prosesdir. Əgər, bu proses uğurla başa çatsa, Ermənistan ilk dəfə müstəqil və balanslı xarici siyasətə əsaslanan yeni dövlət modelinə keçid edə bilər.

Beləliklə, Paşinyan hakimiyyətinin "TRIPP strategiyası" Ermənistanın postsovet məkanında yeni kimlik axtarışının "yol xəritəsi” də hesab oluna bilər. Ancaq bu strategiyanın uğuru yalnız xarici dəstəkdən deyil, həm də Ermənistan cəmiyyətinin ideoloji transformasiyaya hazırlıq səviyyəsindən asılı olacaq. Ona görə də, indi Ermənistanın gələcəyi üçün prinsipial seçim mərhələsidir. Məhz bu mərhələdə Paşinyan hakimiyyətinin “sülh və rifah marşrutu”nun reallığa çevriləcəyi, yoxsa Ermənistanın yenidən Kremlə bağlı köhnə elitanın “müharibə və Rusiyadan asılılıq” variantına üstünlük verəcəyi ilə bağlı taleyüklü suallara cavab axtarılacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR