İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı, tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də “Slow Food International” hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Terra Madre Shaki” qastronomiya festivalı keçirilib.

Festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Slow Food International”ın prezidenti Edvard Mukibi çıxış edərək, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən “Terra Madre” qastronomiya festivalının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə “Slow Food” təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir.

Vurğulanıb ki, “Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır. Ümumilikdə “Terra Madre Shaki” festivalı Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionlarında həyata keçirilmiş “Slow Food” layihəsinin yeni mərhələsi kimi çıxış edir.

Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu, hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri keçirilib.

Yarmarkada, ümumilikdə 26 bölmə üzrə 13 stenddə Qəbələ və İsmayıllıda yetişdirilən ata-baba fındığı, Dəmirçi, Basqal və Lahıc dağ kəndlərində hazırlanan qara halva, mürəbbələr, Abşeronun zəncirfərəc şirniyyatı, Qax-Zaqatala bölgəsinə xas olan maxara, Lənkəranın müxtəlif çay növləri, Şəkinin “Bio garden” təsərrüfatında orqanik üsullarla yetişdirilən meyvə, tərəvəz və giləmeyvələr, Şəki paxlavası, Şəki şərabları, Şamaxının Mədrəsə üzümü, Qafqazın dağlıq ərazilərində hazırlanan pendir növləri, Qaladərəsi kəndində istehsal olunan süd məhsulları, İvanovka kəndinə məxsus günəbaxan yağları, Naxçıvan qovurması və sair məhsullar ziyarətçilərə təqdim olunub.

Musiqiçilərin, folklor qruplarının və sənətkarların çıxışları da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR