İnsanlara hürriyət, millətlərə istiqlal!

Zidanı kirvə tutaq

Azərbaycan-Fransa futbol oyunu haqda şərh yazıb əziz oxucularımızın vaxtını almaq istəmirdim, onsuz iki gündür yalnız tənbəllər bu tragikomediya münasibətiylə oyunçularımıza vedrə bağlamayıb, amma bir-iki cümlə mütləq yazmalıyam: həyatımda bunun qədər mənasız oyun görməmişdim, çünki 95 dəqiqə ərzində komandamız fransızların qapı çərçivəsinə 1-cə zərbə belə vura bilmədi. Ümumiyyətlə, Fransa qapısına tərəf cəmi 1 zərbə vuruldu, onu da 70-80 dəqiqələr arasında əvəzetmə ilə girmiş oyunçumuz vurdu, həmin top isə qapının üstündən üçüb getdi. Hamımız şükür eləyirdik ki, cəmi 3 qolla canımızı qurtardıq. Anekdotda deyilən kimi, daha pis ola bilərdi.  

Ancaq əsas məsələ indiki milli komanda deyil. Aşağı yaş qrupları üzrə komandalarımız da “xarüqələr” yaradır və estafetin “uğurlu” əllərdə olduğunu hər dəfə sübut edirlər. Son günlər 17 yaşlılar üzrə milli komandamız fransız yaşıdlarına 8:0, İsrailə isə 5:1 uduzublar. 21 yaşlı komandamız isə deyəsən 5:0 uduzmağa and içib, keçən ay Portuqaliyaya, srağagün isə çexlərə bu hesabla məğlub olublar.  

Görəsən bu komandaları nə üçün saxlayırlar, pul verib xaricə göndərirlər? Onların təyyarə biletinin puluna top alıb kasıb-kusuba ehsan eləsələr daha xeyirli olar. O cümlədən, bu komandalarımızın təlim-məşq bazalarındakı stadionda mal-qara saxlanılsa bəlkə dana ətinin qiyməti bir az enərdi.  

Məni idman siyasətini başa düşməməkdə qınaya bilərsiniz, ancaq futbolçularımız bəzən elə möcüzələrə imza atır ki, bunun elmi izahı, fizika qanunlarıyla anlaşılması çox çətindir. Misal üçün, 8 oktyabrda Fransaya 8:0 uduzulan oyunda 17 yaşlı futbolçularımız hətta “fərqləniblər” – 84-cü dəqiqədə avtoqola imza atıblar. 85-ci dəqiqədə isə fransızlar növbəti qollarını vurub. Dəqiqələrə diqqət edirsinizmi? 84 – avtoqol, 85 - növbəti qol. Necə ola bilər ki, 2 dəqiqəyə 2 qol buraxılıb? Sanki bunlar heç topu tordan çıxarıb, mərkəzə gətirib oyuna başlamayıblar. Bu işıq sürətiylə top buraxmağı necə bacarırlar? Tərslikdən oyunun videosu da yoxdur, bu fantastik hadisəni izləmək çox maraqlı olardı.  

Ancaq tam əlimizi üzmürük, işıq ucu göstərən hadisələr baş verir. Bu həftə belə əhvalatlardan birini mediamız canfəşanlıqla paylaşdı. Sən demə “Real” (Madrid) klubunun oyunçusunun qardaşı azərbaycanlı qızla evlənibdir!  

Çox mübarək, oğullu-uşaqlı olsunlar, sonra həmin uşaqları milli komandamıza cəlb edərik. Möhtəşəm idman uğurudur. Həmin potensial uşaq əmisinə oxşamasa da, ən azı stadiona yaxın olacaq, havası vuracaq. Ona görə hamımız, bütün jurnalistika cameəsi gəlinin şəcərəsini araşdırmağa girişdi. Əvvəlki informasiyaya görə qız ünlü aktrisalarımızdan birinin övladı imiş. Lakin sonra bu şok açıqlama, qan donduran, tük ürpədən informasiya təkzib edildi, xoşbəxt gəncin aktrisanın balaca bacısının övladı olduğu aşkara çıxarıldı. Ümid edək bu təkzib gələcək futbolçumuzun ayağı üçün düşərli olsun, ilahi, amin. Gəlindən də xahiş edirik, milli qeyrətini sönməyə qoymasın, uşağı “Santyaqo-Bernabeu” tərəflərdə gəzməyə çıxartsın.  

Sözgəlişi, bizim dünya arenalarına toy adətlərimiz vasitəsiylə çıxış imkanlarımız ilk dəfə yaranmır. Bundan qabaq Van Damın oğluna da qız vermişdik, hamı sevinir, şadlanırdı. Ən çox “Azərbaycanfilm” kinostudiyasında işsiz qalıb it döyən xalq artistlərimiz Van Damla qahımlıq sayəsində yeni rollar əldə edəcəklərinə ümid, inamla baxırdılar. Ancaq deyəsən hələlik ümidlər doğrulmayıb, milli kinomuz da milli futbolumuz və eynilə Van Dam müəllim kimi – “şpaqat” vəziyyətində dayanmaqdadır.  

Bəlkə daha kəsə yol seçmək olar. Məsələn, Zinəddin Zidanı kirvə tutmaq üsulu ilə...   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR