Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, iyunun 22-də BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları pisləyən qətnamə layihəsi səsverməyə çıxarılmayacaq. Bu barədə diplomatik mənbələrə istinadla TASS agentliyi və digər beynəlxalq media qurumları məlumat yayıb. Rusiya, Çin və Pakistan tərəfindən hazırlanmış qətnamə layihəsində “dərhal və şərtsiz atəşkəs” tələb olunur. Lakin ABŞ-ın veto hüququndan istifadə edəcəyi gözlənildiyi üçün qətnamənin gündəliyə daxil olunması mümkün olmayacaq.
Qeyd edək ki, ABŞ-ın son zərbələri İranda Forda, Natanz və İsfahan nüvə obyektlərini hədəfə alıb. “Operation Midnight Hammer” adı verilən əməliyyat çərçivəsində 125-dən çox döyüş təyyarəsi və yüksək dəqiqlikli raketlər istifadə olunub. Pentaqon rəhbəri Pit Heqset əməliyyatın İran rejimini dəyişmək məqsədi daşımadığını açıqlasa da, zərbələrin strateji məqsədlərlə həyata keçirildiyi vurğulanır.
İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bu hücumları “BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib və cavab tədbirlərinin gündəmdə olduğunu bəyan edib. Tehranın iddiasına görə, ABŞ əvvəlcədən müəyyən edilmiş obyektləri zərbə ilə hədəf almaq üçün rəsmi Tehrana zaman verib, lakin bu hücumlar yenə də regionda gərginliyin daha da artmasına səbəb olub.
Hadisəyə beynəlxalq reaksiyalar da birmənalı olmayıb. İsrail baş naziri Benyamin Netanyahu Vaşinqtonun mövqeyini açıq şəkildə dəstəkləyib. BMT baş katibi Antonio Quterreş isə bölgədə diplomatik həllin yeganə çıxış yolu olduğunu bildirib və tərəfləri təmkinli olmağa çağırıb. Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və digər aparıcı dövlətlər isə zərbələrin bölgədə sabitliyə təhlükə yaratdığını bəyan edərək, ABŞ-a və İrana qarşılıqlı gərginliyin azaldılması üçün çağırışlar ediblər.
Hazırkı vəziyyət Yaxın Şərqdə müharibə riskini daha da artırır. ABŞ isə prezident Donald Trampın dilindən İranı sülh sazişi imzalamağa çağırır və əks halda daha dağıdıcı zərbələrin endiriləcəyini bildirir. Ekspertlərin fikrincə, bu, ABŞ-ın Yaxın Şərqdə yeni dizayn planının növbəti mərhələsidir və baş verənlər strateji güc nümayişidir.
Musavat.com
23 Iyun 2025
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ