Onlayn ictimai-siyasi qəzet
Almaniyanın 49 ən böyük korporasiyasının rəhbərləri ilk dəfə açıq şəkildə etiraf etdilər ki, 1930-cu illərdə nasistlərin hakimiyyətə gəlməsində biznes məsuliyyət daşıyır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, açıq məktubda onlar keçmişin cinayətlərindəki rollarını bəyan ediblər və nifrət və antisemitizmlə mübarizə aparacaqlarına söz veriblər.
Mətndə deyilir ki, o zamankı rəhbərliyin siyasətdə, orduda, məhkəmələrdə və iqtisadiyyatda iştirakı olmasaydı, nasizm güclənməyəcəkdi.
Məktubu imzalayanlar etiraf ediblər ki, bir çox firmalar ilk növbədə mənfəətlə məşğul olub və nasistləri dəstəkləyib. Şirkətlər indi o dövrün cinayətlərinin xatirəsini qorumaq üçün məsuliyyət daşıdıqlarını və hər cür ayrı-seçkiliyə qarşı olduqlarını bildiriblər.
Məktubu “Adidas”, “Hugo Boss”, “Volkswagen”, “Mercedes-Benz”, “Lufthansa”, BMW, “Deutsche Bank”, “Bosch”, “Allianz”, “Deutsche Telekom”, DHL, “Henkel”, “Bayer” və digər nəhənglərin top-menecerləri imzalayıb.
Nasist diktaturası dövründə bu şirkətlərin çoxu gəlirli müqavilələr alır, ordu ilə əməkdaşlıq edir və qul əməyindən istifadə edirdi. II dünya müharibəsi başa çatdıqdan sonra bəzi sənayeçilər rejimə kömək etdikləri və cinayətlərdə iştirak etdikləri üçün mühakimə olunublar.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ