Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bu ilin I yarısında 285 nəfərə fəlsəfə doktoru, 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verildiyini açıqlayıb. Qeyd olunub ki, dövr ərzində 141 nəfərə fəlsəfə doktoru, 14 nəfərə isə elmlər doktoru adının verilməsindən imtina edilib.
Yada salaq ki, “Elmi adlar verilməsi qaydası haqqında” əsasnaməyə edilən dəyişiklikliyə əsasən, professor elmi adı almaq üçün şərtlər sərtləşdirilib.
“Dördüncü sənaye inqilabı”nın yaşandığı, rəqəmsal iqtisadiyyata sürətli keçidin baş verdiyi bir dövrdə nə üçün elmimiz qeyri-dəqiq və qeyri-iqtisadi meyillidir?
Bəzi mütəxəssislər qeyd edir ki, professor elmi adı almaq üçün şərtlərin sərtləşdirilməsində məqsəd, formal elmi dərəcə artımının qarşısını almaq və keyfiyyətli elmi nəticələr əldə etməkdir. Lakin qaydaların sərtləşdirilməsi təkbaşına elmi inkişafı təmin etmir.
Sənaye inqilabı, süni intellekt, robot texnologiyaları, biotexnologiya və rəqəmsal iqtisadiyyat qlobal elmi yarışın qaydalarını köklü şəkildə dəyişib. Artıq elmi uğurlar yalnız nəzəri araşdırmalarla deyil, texnoloji yeniliklər, iqtisadi dəyər və tətbiq potensialı ilə ölçülür.
Bir çox ölkələrdə universitetlər və tədqiqat mərkəzləri sənaye ilə sıx əməkdaşlıq edir, elmi nəticələr kommersiya layihələrinə çevrilir. Azərbaycanda isə hələ də elmi mövzuların böyük hissəsi real iqtisadi və texnoloji problemlərlə birbaşa əlaqəli deyil.
Vüsal Kərimli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Vüsal Kərimli deyir ki, elmimizin niyə qeyri-dəqiq və qeyri-iqtisadi meyilli olması məsələsi var: “Burada əsas məqam ondan ibarətdir ki, artıq 2024-2025-ci tədris ilindən elmlər doktorluğu proqramına qəbul aparılmır. Yəni birmənalı olaraq yalnız fəlsəfə doktorluğu və digər elmi adların verilməsi müəyyən kriteriyalar və qaydaların tələblərinə uyğun şəkildə həyata keçirilir”.
Ekspert qaydaların sərtləşdirildiyini düşünmədiyini bildirir: “Əslində bizim elmdə zəif tərəfimiz - elmin bir istiqaməti üzrə araşdırma aparmaq və dissertasiya yazmaq məsələsində yaranan problemlərdir. Burada əsas çağırış odur ki, əgər biz elmdə doğrudan da dəqiq nəticələr əldə etmək istəyiriksə, dissertasiya mövzularının interdisiplinar, yəni fənlərarası əlaqələr əsasında yazılması və müdafiə edilməsi daha məqsədəuyğun olardı.
Digər bir məsələ odur ki, bizim elmimiz, sözün əsl mənasında, “yaşlanıb”. Yeni nəslin elmə marağı əvvəlki qədər deyil. Bunun səbəblərindən biri də maliyyə məsələləridir - insanlar elm sahəsinə meyilli deyillər. Mən hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün dissertasiya mövzularının təsdiqi və digər əlaqəli proseslərin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Agentliyinin səlahiyyətinə verilməsi məqsədəuyğun olardı. Belə olarsa, proses daha düzgün və adekvat idarə edilə bilər".
V.Kərimli qeyd edir ki, elmdə nailiyyət qazanmaq istəyiriksə, elmi layihələrin dəstəklənməsi, qrantların verilməsi işi daha da genişləndirilməlidir: “Bu məsələdə daha verimli və faydalı olmaq üçün prosesləri peşəkar şəkildə idarə etməli, qaydaları daha aydın və konkret tərtib etməliyik. Bu halda elmə yanaşmamız daha sistemli və effektiv olacaq”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ