Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin təhsil naziri Linda Makmahon Harvard universitetinin rəhbəri Alan Qarberə göndərdiyi müvafiq məktubda təhsil ocağı üçün federal maliyyəninin kəsiləcəyini bəyan edib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ümumilikdə Harvard Universitetinə ayrılmış 2,2 milyard ABŞ dolları dəyərində çoxillik qrantların və 60 milyon dollar dəyərində dövlət müqavilələrinin maliyyələşdirilməsini dayandırıb.
Devizi “Həqiqət” (Veritas) və simvolu tünd qırmızı rəng olan universitetin əsas kapitalı 50 milyard ABŞ dollarıdır. Kəsilən vəsatin əsasən tələbələrə təsir göstərəcəyi güman edilir. Çünki tələbələrin 60%-dən çoxu universitetdən maliyyə yardımı alır ki, bu da Harvardda təhsil, sığorta, yataqxana və yemək xərclərini əhatə edir. Burada 1 il təhsil almaq orta hesabla 42 000 ABŞ dollarına başa gəlir.
Hər il dünyanın bir çox yerindən minlərlə tələbə bu görkəmli akademik mühitin bir hissəsi olmaq üçün
Harvardda qeydiyyatdan keçməyə çalışır. Bu gün Harvarda qəbul inanılmaz dərəcədə rəqabətlidir, ərizələrin 5%-dən az hissəsi qəbul edilir. Burada 2 300 müəllim arasında 43 Nobel mükafatçısı da var.
Harvard sadəcə bir təhsil müəssisəsi deyil, bütün dünyada ali təhsilin və akademik mükəmməlliyin simvoludur. Təhsil ocağı bilik və innovasiyanın kəsişdiyi və ənənənin müasir öyrənmə yanaşmaları ilə yanaşı mövcud olduğu yerdir. Massaçusets ştatının Kembric şəhərində yerləşən universitet zəngin tarixi, görkəmli məzunları və ciddi tələbə standartları ilə tanınır.
1636-cı ildə təsis edilən ABŞ-nin ilk ali təhsil müəssisəsinin adı kitabxanasını və sərvətinin yarısını instituta vəsiyyət edən ruhani Con Harvarddan gəlir. O vaxtdan bəri universitet dünyanın hər yerindən tələbə və müəllim heyətini cəlb edərək keyfiyyətli təhsilin simvoluna çevrilib.
Universitetin strukturu
Ali təhsil müəssisəsi müxtəlif fənlər üzrə təhsil proqramları təklif edən bir neçə kollec və məktəbdən ibarətdir. Bunlardan ən məşhuru bakalavr dərəcəsi verən Harvard kollecidir.
Universitet strukturuna hüquq, biznes və tibb məktəbi daxildir. Harvardın fərqli xüsusiyyətlərindən biri təhsil proqramlarının və tələbələr üçün imkanların müxtəlifliyidir. Burada təkcə yüksək ixtisaslaşdırılmış fənlər deyil, həm də geniş fənlərarası kurslar tədris olunur. Beləliklə, tələbə öz maraqlarına və karyera ambisiyalarına uyğun istiqamət seçə bilər.
Harvard kollecinin kampusu tələbələrin öyrənməsi və qarşılıqlı əlaqəsi üçün unikal mühit yaradan bir ev sistemi şəklində təşkil edilib. Hər evin özünəməxsus yaşayış və iş otaqları, kitabxana və istirahət zonaları var. İnfrastruktur tələbələrə çətin anlarda tələbələri dəstəkləyən və uzunmüddətli dostluqlar quran icmalar yaratmağa kömək edir.
Universitetin təklif etdiyi əsas 9 fakültə mövcuddur. Tədris prosesi yüksək akademik sərbəstlik və ciddilik ilə xarakterizə olunur. Tələbələrin Harvardın müxtəlif şöbələrindən kurslar seçmək imkanı var və bu onlara fərdi öyrənmə yolları yaratmağa imkan verir. Bütün kurikulumlara müəllimlərlə qarşılıqlı əlaqə daxildir ki, bu da tənqidi təfəkkürün və analitik bacarıqların inkişafına kömək edir. Proqramdan asılı olaraq, bakalavr dərəcəsi dörd il, magistr dərəcəsi isə bir ildən üç ilə qədər davam edir. Doktorluq dərəcəsi, təhsil sahəsindən asılı olaraq 5-7 il arasında davam edəcək.
Məşhur məzunlar və maraqlı faktlar
Con Harvard 400 kitab və sərvətinin bir hissəsini universitetin inkişafına bağışlayan universitetin dolayı sahibidir. Əslində isə Massaçusets Körfəzi Koloniyası (Massachusetts Bay Colony) Harvardın qurucusu hesab olunub.
ABŞ-nin ilk universiteti bir vaxtlar Yeni Kollec adlanıb və həmin zaman orada cəmi 9 şagird oxuyub, dərsləri cəmi bir müəllim deyib. Harvardın əsas qapıları, demək olar ki, həmişə bağlıdır. Bu universitetin köhnə ənənəsidir. Hesab olunub ki, tələbələr onlardan yalnız iki dəfə keçməlidirlər - birinci kursa gələndə və diplomunu aldıqdan sonra gedəndə.
Harvardda 18 milyon cilddən ibarət dünyanın ən böyük universitet kitabxanası olan Vaydener kitabxanası yerləşir. Kitabxana 1912-ci ildə “Titanik” gəmisinin batması zamanı həlak olmuş Harri Vaydenerin adını daşıyır. Onun anası Eleonor Vaydener oğlunun xatirəsinə kitabxananın genişləndirilməsinə imkan verən böyük ianə edib.
Bundan başqa, universitetdə yerləşən Con Harvard heykəli ABŞ-də qarşısında ən çox şəkil çəkilən üçüncü heykəldir. Heykəldə Con Harvard ümumiyyətlə təsvir olunmayıb. Abidə yaradılarkən heç kim Harvardın necə göründüyünü bilməyib. Nəticədə heykəltəraş təsadüfi şəkildə Şerman Hoar adlı tələbəni model kimi seçib.
Harvard Universiteti elm və biznesdən tutmuş incəsənət və texnologiyaya qədər bir çox sahələrə təsir edən akademik ənənələri və yenilikləri ilə tanınıb. Harvard məzunları müxtəlif ölkələrin prezidentləri, 40-dan çox Nobel mükafatı laureatı və məşhur şirkətlərin təsisçiləri də daxil olmaqla, dünyanın hər yerində rəhbər vəzifələrdə çalışıblar.
Səkkiz Harvard üçün mistik rəqəmdir. Bunun səbəbi ABŞ-nin Müstəqillik Bəyannaməsini imzalayan şəxslər arasında səkkiz Harvard məzunu (Con Hankok, Samuel Adams, Con Adams, Uilyam Elleri, Uilyam Uilyam, Uilyam Huper, Elbric Cerri və Robert Trit Peyne) və səkkiz dövlət başçısı ( Con Adams, Con Kinsi Adams, Teodor Ruzvelt, Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi, kiçik Corc Buş, Barak Obama ) olmasıdır.
Bu universitetin məzunlarından biri də “Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə “Microsoft” şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.
Bundan başqa, İsrailin baş naziri Binyamin Netanyahu, Danimarka vəliəhdi Frederik, Küveyt şeyxi Məhəmməd Sabah, “Meta”nın baş direktoru Mark Zukerberq, aktrisa Natali Portman da bu qədum təhsil ocağında oxuyub.
1940-1970-ci illər arasında Harvarda gələn bütün birinci kurs tələbələri üçün çox qəribə məcburi qayda olub. Cinsindən asılı olmayaraq, bütün tələbələr universitet fotoqrafı tərəfindən çılpaq şəkildə çəkilib. Fotoların alim Uilyam Herbert Şeldonun araşdırması üçün lazım olduğu deyilib. Bu fotoşəkillərin köməyi ilə o, duruşla əlaqəli qüsurları öyrənib.
Amma qeyri-rəsmi versiya da mövcuddur. Bəzi məxfi əlyazmalarda Şeldonun çılpaq tələbələrin fotoşəkillərindən istifadə edərək insanın ağlı ilə bədəni arasında əlaqəni öyrənməyə çalışıb. Şeldonun psixoloq olduğunu nəzərə alsaq, bu versiya kifayət qədər inandırıcı səslənir.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ