İnsanlara hürriyət, millətlərə istiqlal!

AHİK-dən medianın 150 illiyinə DƏYƏRLİ HƏDİYYƏ: Şimal bölgəsinə mediatur

Milli Mətbuat Günü ərəfəsində jurnalistlər şimal bölgəsindəki istirahət mərkəzləri ilə tanış oldular

Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə 18–19 iyul tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun üzv təşkilatları jurnalistlər üçün Quba, Xaçmaz və Qusar rayonlarını əhatə edən genişmiqyaslı mediatur təşkil ediblər. Məqsəd həmkarlar ittifaqlarının üzvləri üçün yaradılmış istirahət şəraitini media vasitəsilə ictimaiyyətə tanıtmaq, jurnalistlərin bölgələrlə yaxından tanışlığını artırmaq və həmçinin mətbuat nümayəndələrinə təqdir jesti göstərmək olub.

lokomotiv.jpeg (361 KB)

Musavat.com xəbər verir ki, tur çərçivəsində ilk dayanacaq Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının Xaçmaz rayonundakı “Lokomotiv” istirahət mərkəzi olub. Mərkəz 6 korpus və 6 kottecdən ibarətdir və eyni vaxtda 216 nəfəri qəbul edə bilir.

dəmiryolçular1.jpeg (377 KB)

Burada müasir yeməkxana, idman zalları, minifutbol meydançası, tibb məntəqəsi, uşaq əyləncə guşələri və hovuzlar fəaliyyət göstərir. Media nümayəndələri ərazini gəzərək istirahət edənlərlə görüşüb, onların fikirlərini dinləyiblər. Bəzi təhsil və nəqliyyat işçiləri media ilə bölüşüblər ki, bu tipli mərkəzlər sosial rifahın və peşə birliyinin inkişafında mühüm rol oynayır.

Təhil 1.jpeg (223 KB)

Turun növbəti ünvanı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan “Ülfət” istirahət mərkəzi olub. Burada 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. 125 nəfərlik istirahət üçün yaradılmış şəraitə hovuzlar, tennis kortu, voleybol meydançası və geniş yaşıllıq sahəsi daxildir. Ailəvi istirahət üçün əlverişli olan bu mərkəz müasir infrastruktura malikdir.

Jurnalistlər istirahət edən ailələrlə görüşərək onların gündəlik fəaliyyətlərindən, sosial imkanlarından və həmkarlar ittifaqının dəstəyindən bəhs edən fikirlərini qeydə alıblar.

təhsil 4.jpeg (616 KB)

Mediatur iştirakçıları daha sonra Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə yaradılmış “Təhsil” istirahət mərkəzinə yollanıblar. Xaçmaz rayonunda yerləşən və 10 hektardan çox ərazini əhatə edən bu kompleksdə 3 üçmərtəbəli yataq korpusu, kotteclər, idman meydançaları, konfrans zalı, hovuzlar və yeməkxana mövcuddur.

təhsil.jpeg (281 KB)

Bu mərkəzdə təhsil işçiləri ilə söhbətlər zamanı onların məmnunluğu və bu cür istirahət imkanlarının sosial rifahda əvəzsiz rol oynadığı vurğulanıb. Qeyd olunub ki, bu cür təşəbbüslər həmkarlar ittifaqlarının üzvlərinə diqqətin və qayğının göstəricisidir.

şəfa.jpeg (333 KB)

Qusar rayonunda yerləşən “Şəfa” istirahət mərkəzi isə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərir. Burada 3 mərtəbəli yataq korpusu, konfrans və fitnes zalları, tibb xidməti, uşaq və idman meydançaları, yüksək sürətli internet və digər kommunikasiya sistemləri mövcuddur.

IMG_3400.JPG (6.86 MB)

Səhiyyə işçiləri jurnalistlərə bildiriblər ki, burada keçirdikləri istirahət, həm fiziki, həm də psixoloji baxımdan onları yenidən iş həyatına hazırlayır. Bu isə peşəkar xidmət keyfiyyətinə də müsbət təsir göstərir.

6.jpg (937 KB)

Mediaturun son dayanacağı Quba rayonundakı “Nazlı Bulaq” istirahət mərkəzi olub. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına məxsus olan bu kompleks kotteclər, otel nömrələri, açıq və qapalı restoranlar, uşaq əyləncə zonaları və sağlamlıq üçün faydalı təbii bulaqları ilə seçilir. Buradakı təbiət mənzərələri və sakit mühit mərkəzin daha çox ailəvi istirahət üçün üstünlük verildiyini göstərir.

Ümumilikdə, mediatur həm jurnalistlərə bölgələrin sosial imkanları ilə yaxından tanış olmaq imkanı verdi, həm də ictimaiyyətə ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının sosial layihələrinin miqyasını nümayiş etdirdi. Jurnalistlər tərəfindən yüksək qiymətləndirilən bu təşəbbüs, media və həmkarlar ittifaqları arasında qarşılıqlı anlayışın və əməkdaşlığın güclənməsinə xidmət etdi.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR