Onlayn ictimai-siyasi qəzet
Şamaxıda maşın alarkən aldadılan şəxs avtomobili yandırıb. Buna səbəb onu aldadan şəxsələrlə mübahsiə zamanı maşını yandıra bilməyəcəyi ilə bağlı söyüş söyülməsi olub.
Musavat.com xəbər verir ki, 26 yaşlı Bəxtiyar “TikTok” sosial şəbəkəsindəki maşın elanlarına baxan zaman “Mercedes” markalı avtomobili bəyənib. Avtomobili almaq üçün Orxan və Azər adlı şəxslərlə tanış olub. Beh olaraq onlara 1200 manat ödəniş edib. Orxan və Azər “Mercedes” markalı avtomobilin ustada olduğunu, 5 günük təmir işinin qaldığını deyiblər. Bəxtiyar da bununla razılaşıb.
Razılığa əsasən Bəxtiyara müvəqqəti olaraq sürməsi üçün “Kia” markalı avromobil verilib. Avtomobili idarə etmək üçün Bəxtiyara saxta etibarnamə yazıblar. Bir gün sonra Bəxtiyar avtomobilin 3 min manatlıq cəriməsi olduğunu, ona verilən etibarnamənin də saxta olduğunu öyrənib.
Orxan və Azərlə əlaqə saxlayaraq “Kia” markalı avtomobili götürmələrini, pulunu da geri qaytarmalarını istəyib. Buna görə bir neçə dəfə telefonda danışıblar, mübahisə də ediblər. Orxan və Azər müxtəlif bəhanələr gətirərək Bəxtiyarın pulunu qaytarmayıb. Sonuncu telefon danışığında Bəxtiyar pulunu verməyəcəkləri təqdirdə maşını yandıracağını deyib. Azər isə telefonda Bəxtiyara maşını yandıra bilməyəcəyini deyib və söyüş söyüb. Bəxtiyar buna görə də maşına benzin tökərək yandırıb.
Bəxriyar maşını Şamaxıdakı evlərində yandırıb. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəlib. Həmin zaman Bəxtiyar maşının atasına məxsus olduğunu, qısaqapanmadan yandığını deyib.
Sonra isə məlum olub ki, Orxanla Azər maşını lizinq şirkətlərindən birindən götürüblər və bu günə qədər də ödənişin müəyyən hissəsini ödəməyiblər. İş üzrə lizinq şirkəti zərərçəkmiş kimi tanınıb.
Bundan sonra Bəxtiyar barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (xeyli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbsqətimkan tədbiri seçilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Bəxtiyarın ailəsi dəymiş ziyan olaraq müəyyən edilən 11500 manatı tam olaraq ödəyib. Lizinq şirkətinin də şikayət və tələbi olmayıb.
İlk dəfə cinayət əməli törədən Bəxtiyar əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Şamaxı Rayon Məhkəməsi Bəxtiyarın 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İ.Muradov,
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ