Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya prezidentlərinin anons edilən Alyaska görüşünə (15 avqust) 1 gün qaldı. Böyük Britaniyanın nüfuzlu “The Daily Telegraph” qəzetinin yazdığına görə, Ukrayna rəhbərliyinə elə təkliflər irəli sürülüb ki, bunlar ölkə prezidenti Volodimir Zelenskinin bəzi ərazilərdən imtina etməsi ilə nəticələnə bilər.
Qəzet yazır ki, Qərb dairələrində münaqişənin diplomatik yolla həlli üçün müxtəlif ssenarilər müzakirə olunur. Onlardan biri Ukraynanın NATO-ya üzvlüyü qarşılığında bəzi işğal olunmuş ərazilərin rəsmi şəkildə Rusiyanın nəzarətində qalmasına razılıq verməsidir. Mənbələr qeyd edir ki, bu plan hələlik açıq şəkildə gündəmə gətirilməsə də, kuluar danışıqlarında nəzərdən keçirilir.
Məqalədə bildirilir ki, belə bir razılaşma Qərb üçün uzunmüddətli sülhün təminatı, Rusiya üçün isə müharibədə müəyyən “qələbə” kimi təqdim oluna bilər. Lakin Ukrayna cəmiyyətində və parlamentində bu cür kompromis ideyaların kəskin etirazla qarşılanacağı ehtimal olunur.
Ekspertlərin fikrincə, bu ssenarinin reallaşması Zelenskinin daxili siyasi mövqeyini zəiflədə, lakin Qərblə münasibətlərində ona strateji üstünlüklər qazandıra bilər.
Bu xüsusda tanınmış iqtisadçı Eldəniz Əmirov maraqlı iddia səsləndirb. Onun sözlərinə görə, əgər həqiqətən də Rusiyaya qarşı sanksiyalar icra edilsəydi, müharibə bu qədər uzanmazdı: “Hər ay yeni sanksiya paketi hazırlamaq siyasi şoudan başqa bir şey deyil”.
İqtisadçı qeyd edib ki, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” hələ də əhəmiyyətli paya malikdir: “Rəsmi statistikalar göstərir ki, 2025-ci ilin aprelində Rusiyanın dənizlə çıxardığı neftin təxminən 47 faizi Qərb ölkələrinin, əsasən G7+ tankerləri ilə daşınıb. İyun ayında isə bu rəqəm 56 faizə yüksəlib. Yəni Qərb gəmiləri Rusiyanın neft ixracında yenidən əsas oyunçuya çevrilib, pul qazanırlar”.
Kamran Məmmədli
Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, ABŞ və Rusiya prezidentlərinin Alyaskada keçirilməsi planlaşdırılan görüşü təkcə iki ölkə arasında diplomatik dialoq deyil, eyni zamanda postsovet məkanında strateji balansın və gələcək siyasi xəritənin təyin olunması üçün kritik an olacaq: “Qərb dairələrində münaqişənin həlli üçün müxtəlif ssenarilər müzakirə olunur: bunlardan ən diqqətçəkən Ukraynanın NATO-ya üzvlüyü qarşılığında işğal olunmuş ərazilərin bir hissəsinin rəsmi olaraq Rusiyanın nəzarətində qalmasıdır. Bu plan hələ açıq şəkildə gündəmə gətirilməyib, lakin kuluar danışıqlarında ciddi şəkildə nəzərdən keçirilir”.
Siyasi şərhçi xatırladır ki, postsovet məkanında hər bir ərazi güzəşti presedent rolunu oynayır: “Keçmişdə Hitler Almaniyasına edilən güzəştlər göstərdi ki, təcavüzkar qüvvəyə güzəşt yalnız onun irəliləməsini təşviq edir. Eyni zamanda Rusiyanın Ukrayna üzərində təzyiqi, xüsusilə Krımın işğalı və Donbas münaqişəsi, postsovet regionunda güc balansının necə tez pozula biləcəyini göstərdi. Ona görə də Alyaska görüşündə hər hansı ərazi güzəşti yalnız diplomatik baxımdan deyil, həm də geosiyasi olaraq ciddi nəticələr doğura bilər. Belə bir ssenarinin reallaşması Zelenskinin daxili siyasi mövqeyini zəiflədə bilər. Ukrayna parlamenti və cəmiyyəti bu cür kompromis ideyalarına kəskin etiraz göstərə bilər. Bu, Ukrayna üçün həm risk, həm də imkan yaradır: risk odur ki, daxili siyasi etirazlar dövlətin dayanıqlığını sınağa çəkə bilər; imkan isə odur ki, NATO ilə inteqrasiya və Qərb dəstəyi sayəsində uzunmüddətli təhlükəsizlik təminatı əldə oluna bilər”.
Siyasi şərhçi qeyd edib ki, Alyaska görüşü təkcə Ukraynanın taleyini həll etməyəcək, həm də postsovet məkanında Qərb-Rusiya qarşıdurmasının yeni mərhələsini müəyyən edəcək. “ABŞ və NATO, Ukraynanın ərazi bütövlüyünü qorumaqla, eyni zamanda Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq istəyir. Rusiya isə müharibədə müəyyən ”qələbə" əldə etməklə, postsovet regionunda nüfuzunu saxlamağa çalışır. Rusiya artıq həm hərbi, həm iqtisadi, həm də diplomatik alətlərdən istifadə etsə də, onun manevr imkanları məhduddur. Alyaska görüşü bu balansı dəyişə bilər və Rusiyanın postsovet məkanında hegemonluğunu birdəfəlik zəiflədə bilər", - K.Məmmədli deyib.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ