Onlayn ictimai-siyasi qəzet
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyevlə Vladimir Putin arasında baş tutan görüş son illərin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirilməkdədir. Xüsusən də liderlərin görüşündə əsas məqamlardan biri Kreml başçısı Putinin AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti tanıması və günahkarların cəzalandırılacağını bəyan etməsi oldu.
Rusiyanın dövlət başçısı açıq şəkildə “hüquqi qiymət verilməsi” və “zərərçəkənlərə kompensasiya ödənilməsi” zərurətindən danışdı. Siyasi müşahidəçilərə görə, bu bəyanat təkcə bir faciənin etirafı deyil, həm də Rusiya-Azərbaycan münasibətlərində siyasi xəttin dəyişməsinin rəsmi siqnalı kimi qəbul edilir. Çünki illərdir Kreml iqtidarı daxilində müəyyən dairələr - həm siyasətçilər, həm də təbliğatçılar - Azərbaycanı və onun rəhbərliyini hədəfə alır, bəzən açıq nifrət ritorikası ilə çıxış edirdilər...
Bəs Azərbaycanın tarixi, suverenliyi, xalqı və lideri barədə təhqiramiz, nifrət dolu fikirləri ilə tanınan Dövlət Dumasının deputatı Nikolay Valuyev, Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsinin üzvü Konstantin Zatulin, Dövlət Dumasının Ailə, analıq və uşaq hüquqları üzrə komitəsinin üzvü Vitali Milonov, Korrupsiya ilə mübarizə komitəsinin sədri Kirill Kabanov, teleaparıcı və Kremlin təbliğatının tanınmış simalarından olan Vladimir Solovyov, Rusiya İctimai Palatasının üzvü Vladimir Karasyov və digərlərinə qarşı necə, Rusiya hökuməti bundan sonra hansısa tədbir görəcəkmi?
Bu kontekstdə Zatulin və Solovyov kimi şəxslərin ritorikası Kremlin hazırkı siyasətinə ziddir. Ona görə də yəqin ki, onlara artıq eyni səviyyədə efir, sponsorluq və siyasi dəstək verilməyəcək. Onlar müştəbehliyi, yekəxana çıxışları ilə münasibətlərə daha da zərbə vururdu.
Azərbaycandan gözlənti nədir?
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Rusiya ilə münasibətlərin normallaşması həm də qarşı tərəfin davranışlarından asılıdır. Onun sözlərinə görə, Kremlin “propoqanda maşını” çirkin təbliğatını davam etdirərsə, əlaqələrə zərbə vuracaq: “Hər şey Rusiyanın özünü necə aparmasına bağlıdır. Mən bir müddət pauza gözləyirəm. Ən azından indi Rusiya mediası və Solovyov kimi aravuranlar səslərini kəsəcək. Onlar tapşırıqla, sifarişlə xidmət edən qüvvələrdir. Ona görə liderlərin görüşündən sonra bir "atəşkəs" gözləyirəm. Ümumiyyətlə, son baş verənlərdə Rusiyadan təhdidlər heç bir nəticə vermədi. Kreml də anlamalıdır ki, Azərbaycanla necə danışmaq lazımdır. Duma üzvləri də hədə ritorikasına son qoymalıdırlar".
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə o qənaətdədir ki, anti-Azərbaycan qüvvələr nəticə çıxarmalıdırlar: “Ancaq yanaşma dəyişməsə, Rusiya siyasətçilərinin postsovet ölkələrinə münasibəti olduğu kimi qalacaq. Bu gün imperiya zehniyyəti daşıyanlar, bu ölkələrə yuxarıdan aşağı baxanlar qəbul edə bilmirlər ki, Rusiya əvvəlki deyil, dünya da dəyişir. Artıq Türk dünyası yüksəlişdədir, Çin kimi güc mərkəzi yaranıb, Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, Türkiyə kimi müttəfiqimiz, Pakistan kimi dəstəyimiz var. Yəni Solovyov, yaxud Bakıya raket atmağa çağıran hansısa rus deputat dərk etməlidir ki, onların bu leksikonuna məhəl qoyan yoxdur. Rusiyanın özünə əvvəlki hörmət qalmayıb. Bu da Ukrayna müharibəsinin nəticələrindən qaynaqlanır”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, Azərbaycan əleyhinə danışanlar münasibətlərə zərər vurmamaq üçün bu açıqlamalara son qoymalıdırlar: “Zənnimcə, Rusiya hakimiyyəti artıq təlimat verib və onlar da özlərini yığışdırıblar. Hətta bu ara qarışdıran şəxslər barəsində ölçü götürülməlidir. Çünki dövlətlər arasında gərgin münasibətlərin üstünə benzin töküblər. Eyni zamanda 2022-ci ildə imzalanmış Moskva deklorasiyasının müddəalarına zidd siyasət yürüdülüb, informasiya cəbhəsində razılaşdırılan məsələlər pozulub. Ona görə də həmin şəxslər cəzalanmalıdır. Bundan əlavə, dinləmələr keçirilməli, dəyirmi masa qurulmalı, rusiyalı və azərbaycanlı deputatlar, media təmsilçiləri bir araya gələrək müzakirələr aparmalıdırlar. Ancaq bu əməkdaşlıq formatı, diskussiya və dialoq mühiti əlaqələri yumşalda bilər. Solovyov və başqaları Azərbaycana gəlib reallıqlarla tanış olmalı, Qarabağı gəzməlidirlər ki, səhv düşündüklərini bir daha anlasınlar. Məncə, kommunikasiya problemi mövcuddur. Yəni müzakirə masası qurularsa, qarşılıqlı səfərlər təşkil edilərək davamlı şəkildə QHT rəhbərləri, media kapitanları səviyyəsində görüşlər təşkil olunarsa, hibrid müharibəyə tamamilə son qoymaq mümkündür”.
X.Teyyublunun fikrincə, Kiril Kabanov kimilər hələ də dayanmır və Düşənbə görüşünə qarşı təxribatları davam etdirir: “Belə görünür ki, Rusiyada bəzi dairələr Rusiya liderinin iradəsindən kənar fəaliyyətdədir və Azərbaycan əleyhinə göstərişlər alır, Bakı-Moskva əlaqələrinin yaxşılaşmasına zərər vurmağa çalışırlar. Bu qüvvələr təsbit edilərək ifşa olunmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ