Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və hakimiyyəti zorla ələ keçirmək, dövlətə xəyanət ittihamlarının irəli sürülməsi ölkə gündəminin əsas mövzusuna çevrilib.
Bu hadisə Azərbaycan tarixində ilk belə hal deyil. Ölkədə bundan əvvəl də yüksək vəzifələr tutmuş bir sıra şəxslər dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla ələ keçirmə, yaxud dövlətə xəyanət ittihamları ilə mühakimə olunublar.
Musavat.com həmin hadisələri və o şəxslərin sonrakı talelərini xronoloji ardıcıllıqla təqdim edir:
Rövşən Cavadov – qanlı mart hadisələrinin simvolu
Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD – “OMON”) komandiri Rövşən Cavadov 1992–1995-ci illərdə Azərbaycanın ən nüfuzlu güc strukturlarından birinə rəhbərlik edib. O həmçinin 1993-cü ildə daxili işlər nazirinin müavini və qısa müddətə daxili işlər nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs olub.
1995-ci ilin martında baş verən hadisələr ölkə tarixinin ən dramatik səhifələrindən birinə çevrildi. Martın 13-də Qazaxda “OMON” bölməsinə hücum oldu, nəticədə toqquşmalar başladı. Martın 14-də isə daxili işlər naziri “OMON”un buraxılması barədə əmr imzaladı. Silahlarını könüllü təhvil verənlərə amnistiya vəd edildi, lakin Rövşən Cavadov buna tabe olmadı.
Martın 16-dan 17-nə keçən gecə 8-ci kilometr qəsəbəsində “OMON” qərargahı yaxınlığında atışma baş verdi. Rəsmi məlumatlara görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 105 nəfər yaralanmışdı. Rövşən Cavadov isə aldığı güllə yarasından DİN hospitalında vəfat etdi.
Əli İnsanov – “Haqq Ədalət”in qurucusuna çevrilən sabiq nazir
2005-ci ilin 20 oktyabrında keçmiş səhiyyə naziri Əli İnsanov parlament seçkiləri ərəfəsində hakimiyyəti zorla ələ keçirməyə hazırlıq və kütləvi iğtişaşların təşkili ittihamları ilə həbs edildi.
Sonradan ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi cinayətlər ittihamları da irəli sürüldü. 2007-ci ilin aprelində məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildi.
2019-cu ilin 16 martında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxıldı. Elə həmin ilin noyabrında “Haqq Ədalət” Partiyasını təsis etdiyini elan etdi və 2020-ci il yanvarın 25-də keçirilən qurultayda partiyanın sədri seçildi. Hazırda Əli İnsanov siyasətdə fəaliyyətini davam etdirir.
Fərhad Əliyev - biznesə dönüş edən keçmiş iqtisadi inkişaf naziri
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də eyni hadisələrin fonunda - 2005-ci ilin 19 oktyabrında, parlament seçkiləri ərəfəsində həbs olundu. Ona qarşı hakimiyyəti zorla ələ keçirməyə hazırlıq, kütləvi iğtişaşların təşkili, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürüldü. 2007-ci il 25 oktyabr tarixli məhkəmə hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Lakin 2013-cü ilin 14 oktyabrında Prezidentin sərəncamı ilə cəzasının qalan hissəsindən azad edildi. Mətbuatda yayılan məlumatlara görə, azadlığa çıxdıqdan sonra Fərhad Əliyev biznes fəaliyyətinə qayıdıb. O, hazırda “Alco” MMC-nin nəzdində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağı istehsal edən zavodun direktoru kimi fəaliyyət göstərir.
Rəhim Qazıyev - ölüm hökmündən əfvə
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev 1992–1993-cü illərdə cəmi 11 ay bu vəzifəni tutub. 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham olunaraq ölüm cəzasına məhkum edilib. Daha sonra bu hökm ömürlük həbslə əvəzlənib.
Rəhim Qazıyev 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Sürət Hüseynov – baş nazir postundan ömürlük həbslə üz-üzə
Keçmiş baş nazir Sürət Hüseynov da dövlət çevrilişinə cəhd ittihamı ilə tarixə düşənlərdəndir. 1994-cü ilin oktyabrında o, Heydər Əliyev hakimiyyətinə qarşı qiyam cəhdində ittiham olundu. 6 oktyabrda Milli Məclis üzvlüyündən azad edilən Sürət Hüseynov 7 oktyabrda baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Ardınca onun barəsində həbs qətimkan tədbiri seçildi və Milli Qəhrəman adından məhrum edilməsi tövsiyə olundu.
Bir müddət sonra o, ölkədən qaçdı, lakin Rusiyada saxlanılaraq ömürlük həbs cəzasına məhkum edildi. Prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə azadlığa buraxıldı.
Sonrakı illərdə o, biznes fəaliyyəti ilə məşğul oldu. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula uçan təyyarədə səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi və mədəsində yaranan qanaxma nəticəsində vəfat etdi.
Xalidə GƏRAY
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ