Onlayn ictimai-siyasi qəzet
Sağlam qalmaq üçün yeriməyin nə qədər vacib olduğunu indi hamımız bilirik. Xüsusilə son illərdə mütəxəssislər gündə 10 min addım atmağın sağlamlığa təsirlərini tez-tez dilə gətirirlər.
Musavat.com xəbər verir ki, yapon alimləri gündə 10 min addım atmadan sağlam olmağımıza imkan verən yeni üsul hazırlayıblar: Interval Walking Training (IWT).
Bəs bu interval yerişi nədir və gündə 10 min addım atmaqdan daha təsirlidirmi?
İnterval yerişi ilk dəfə 2007-ci ildə Naqanodakı Şinşu Universitetindən professor Hans Heydelberq tərəfindən irəli sürülüb, Hiroshi Nose və komandası tərəfindən hazırlanıb. Onların məqsədi yaşlı insanlara və xroniki xəstəlikləri olanlara asan, lakin effektiv şəkildə məşq etmək imkanı yaratmaq idi. 3 dəqiqəlik yavaş yerimə və ardınca 3 dəqiqə sürətli yerimə dövrü ilə cəmi 30 dəqiqə davam edən bu məşq tez bir zamanda diqqət çəkib.
Bəs bu “interval gəzinti”, yaxud "aralıqlı gəzinti" tam olaraq nədir və onun faydaları nələrdən ibarətdir?
Türkiyəli kardioloq Özge Özden Kayhan elmi araşdırmaların bu üsulun xüsusilə yaşlı insanlar üçün çox faydalı olduğunu göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, bu üsulla pilləkənləri qalxmaq asanlaşır, tarazlıq artır və yıxılma riski azalır. Daha çox kalori yandırıldığı üçün çəki nəzarətini də dəstəkləyir: "Ancaq hər bir insanın ürək və əzələ sistemi eyni deyil. Buna görə də, xüsusilə də ürək xəstəliyi olanlar mütləq həkimə müraciət etməli və bu xəstəlik tarixçəsi olanlar mütləq müayinədən keçməlidir".
2024 və 2025-ci illərdə nəşr olunan araşdırmalar interval yerimənin qan şəkərinə nəzarəti yaxşılaşdırdığını, yerimə qabiliyyətini artırdığını və diabetli şəxslərdə həyat keyfiyyətini yaxşılaşdırdığını ortaya qoyub. Ancaq bundan faydalanmaq üçün məşq fərdi olaraq xüsusi olaraq planlaşdırılmalı və sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Mütəxəssislər deyirlər ki, aralıqlı gəzinti qan təzyiqini tənzimləyir, ürək-damar sistemini gücləndirir və ümumi dözümlülüyü artırır. Bununla belə, yaşlı insanlarda, xroniki xəstəlikləri olanlarda və əvvəllər müntəzəm məşq etməyənlərdə qəfil gərginlik ürək üçün risk yarada bilər. Buna görə də məşqə başlamazdan əvvəl kardioloqdan razılıq almaq çox vacibdir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ