Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başladığını açıqlayıb. Minval xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb. Zülfüqarovun sözlərinə görə, o, “ölkəmizin internet məkanına kütləvi hücuma keçmiş” Rusiyanın təbliğat resurslarının fəaliyyətini mümkün qədər izləyib və təhlil edir. Sabiq nazirə görə, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, sadəcə, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. Həmçinin Zülfüqarovun fikrincə, “daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkündür.
Zülfüqarov iki ay əvvəl bu istiqamətdə xəbərdarlıq etdiyini xatırladıb: “Qarabağ təzyiq mexanizmi itirildikdən sonra xarici qüvvələr regiona yeni təzyiq modelini işə salmağa çalışacaqlar. Bu gün ölkədə sabitliyi pozmağa cəhd ediləcəyi açıq-aydın görünür, çünki informasiya hücumu artıq başlayıb. Lakin bu cəhdin uğursuzluğa məhkum olduğu da göz qabağındadır, çünki Azərbaycanda cəmiyyətin konsolidasiya səviyyəsi Rusiyanın özündə, məsələn, Gürcüstan və Ermənistandakından xeyli yüksəkdir”.
“Svobodnaya pressa”dakı məqalədə də Zülfüqarovun dediyi təhlükədən xəbər verilir. Politoloq Mixail Neyjmakov nəşrə deyib ki, Azərbaycandakı daxili siyasi vəziyyət vaxtaşırı Amerika konqresmenləri, həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid edilir. “Məsələn, bu ilin martında Marko Rubioya ABŞ-ın Azərbaycana hərbi yardımını dərhal dayandırmağa çağıran məktubu imzalayan 60 parlamentari arasında hər iki partiyanın nümayəndələri də olub.
“Moskva niyə Azərbaycan müxalifəti ilə işləməməlidir” sualına gəlincə, politoloq deyib ki, Azərbaycan hakimiyyətini tənqid edənlər var. “Amma onların bir qismi ölkədən kənardadır. Moskva ilə yaxınlaşmanın tərəfdarı olanlar da var. Rusiya ilə işləməyə hazır olanları tapmaq mümkündür, lakin indiki şəraitdə bunun ən azı yaxın gələcəkdə Azərbaycan rəhbərliyi üçün real daxili siyasi təhdidlər yaratması çətindir”.
Göründüyü kimi, Rusiyanın bəzi dairələri həqiqətən də Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək planları üzərində işləyirlər. Və bu ssenaridə müxalifətin bir qanadından istifadə də nəzərdən keçirilə bilər. Moskva bu hiyləni əvvəllər də sınaqdan keçirib. Xüsusən də 2013-cü ildə şərti adı “Milyarderlər ittifaqı” olan bəzi azərbaycanlı oliqarxların çətiri altında müxalifətin birliyi təşkil olunmuşdu. Hazırda bu potensial olduqca zəif görünür. Amma daxildə sabitliyi pozmaq üçün Kreml digər “kart”ları da işə sala bilər. Misal üçün etnik separatizm.
Lakin 44 günlük müharibədən sonra Azərbaycan cəmiyyəti daha da rasionaldır və belə oyunlara qarşı müqavimət immuniteti yaranıb. Bu baxımdan, Rusiya daxildən ölkəni necə qarışdıra bilər?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ