Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Ermənistanın Baş naziri Paşinyanla görüşü onu deməyə əsas verir ki, detallar əvvəlcədən razılaşdırılıb".
Musavat.com bildirir ki, bu fikirləri Ədalət partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli səsləndirib: "Müşahidələr göstərir ki, sülh müqaviləsinin imzalanmasının bir addımlığındayıq. Hazırda Vaşinqtondan verilən mesajlar da bunu təqsdiq edir.
Təbii ki, Azərbaycan sülh müqaviləsinə imza atarkən bəzi qarantiyaları da istəyəcək. Buraya Ermənistanın dövlət rəmzlərindən ölkəmizə qarşı ərazi iddialarının çıxarılması, sərhədlərin delimitasiyası, Qazaxın 3 kəndinin geri qaytarılması daxil ola bilər.
Təbii ki, Zəngəzur dəhlizinin statusu və təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olacaq. ABŞ prezidenti Trampın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təklifi, çox güman ki, bu problemi həll edəcək və tərəflərin razılaşmasını reallaşdıracaq.
ABŞ prezidenti Trampın vasitəçiliyi imzalanma ilə nəticələnəcəksə, bu Birləşmiş Ştatların Cənubi Qafqazda möhkəmlənməsi demək olacaq. Bununla da regionda faktiki olaraq geosiyasi dəngənin dəyişməsinin şahidi olacağıq. ABŞ öz nüfuzunu qorumaq üçün bundan sonra nəinki sülh müqaviləsinin və digər razılaşmaların işləməsinə nail olmalıdır, həm də tərəflərin təhlükəsizliyinə qarantiya verməlidir. ABŞ-ın qazancı qədər məsuliyyəti də artacaq".
Partiya sədri onu da qeyd edib ki, Azərbaycan Prezidentinin Vaşinqton görüşündə iştirakının özü kifayət qədər cəsarətli addımdır: "Rusiyanın son vaxtlar ölkəmizə qarşı təzyiqləri fonunda Azərbaycan nəinki geriyə addım atmadı, əksinə müstəqil mövqeyini və iradəsini ortaya qoydu".
Cavanşir ABBASLI
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ